Xəbər lenti

10 noyabr, saat 10.Bu adicə tarix, adicə təqvim günü  deyil.  Lənkəranda keçiriləcək  ikinci “Çay,  çəltik, sitrus” festivalı  məhz bu tarixdə, şəhərin mərkəzi H.Əliyev xatirə parkında , “Cəngi” sədaları altında  start götürəcək.

Qızılı  payızda bahar, bayram ovqatı yaşamaq , təbiətin ilahi  gözəlliklərindən zövq almaq , bəxş etdiyi naz- nemətlərdən dadmaq, zəhmət adamları ilə üzbəüz görüşüb,  sevinclərinə şərik olmaq  istəyirsinizsə, bu tarixi qaçırmayın. Yolunuzu bu şənbə  xan Lənkərandan salın. Ürəkdən deyirəm, ürəyinizcə olacaq bir bayrama şahidlik edəcəksiniz,  bu tarix ömrünüzdə  özəl, gözəl bir gün kimi yaddaqalan olacaq.

Bəs  Lənkəran şəhər icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə   keçirilən  bu ilki  festivalda iştirakçıları hansı sürprizlər gözləyir? Təşkilat komitəsi vəd edir-bayram ötən ilkindən də rəngarəng olacaq. Məhsul bayramında  Lənkəranda istehsal olunan coxşeşidli  məhsullar və təbiətin bəxş etdiyi nemətlər nümayiş olunacaq, iştirakçılara istehsalçılarla  yaxından tanışlıq , birbaşa ünsiyyət imkanı  yaradılacaq. Yerli   çay fabriklərində istehsal olunmüş,  ekoloji cəhətdən tam təmiz, qatqısız  Lənkəran çayını tədbir boyunca dada bilərsiniz. Lənkəran xanımlarının bişirdiyi dadlı şirniyyatlarla, mürəbbələrlə , bişmişlərlə. Limonlu samovar  çayından içəndə bir daha əmin olacaqsınız ki,bu diyarın   məxməri çayının   həqiqətən də,  misli yoxdur, min bir dərdə  dərmandır.

 

Dərman demişkən, əgər təbiətin bu qədər möcüzəli nemətləri varsa, dərmana nə ehtiyac? Xəstəsi də şəfa tapar Lənkəranın limonundan, narıngisindən, feyxoa, kivi, portaxalından.Həm də əsil məqamıdır.İlin bu fəslində Lənkəran büsbütün narıngi qoxuyur, havadan limon ətri gəlir.Barlı-bəhərli portağal bağları ağız sulandırır.Bu mənzərənin sözlə təsviri yox, gərək göz görsün, ürək duyğulansın, könül sevsin.Lənkəranlılar yurdlarını cox sevirlər və inanırlar ki,  bu ilahi nemətlər saflıqlarına, zəhmətsevərliklərinə, xoş məziyyətlərinə , Allahsevərliklərinə, yurdsevərliklərinə görə onlara tanrının lütfüdür.

Yeri gəlmişkən, Lənkəran   təkcə çayı, sitrus meyvələri ilə deyil,  ta qədimlərdən  həm də ətirli düyüsü, bu düyülərdən bişirilən növbənöv plovları  ilə məşhurdur. “Akulə”, “Sədri”, “Haşımi” düyülərindən bişirilmiş plovların dadına baxmaq istəyinizi  festival günü reallaşdıra bilərsiniz.Plovların çeşidini, cənub mətbəxinin ləziz təamlarını  bir-bir sadalamaqla günaha batmaq istəmirəm.Ən yaxşısı gəlin, görün,dadın, qiymət verin.Necə deyərlər, həm ziyarət, həm ticarət!

Məhsul bayramı əmək adamlarının  qiymətləndirilməsi ilə də  yaddaqalan olacaq.  Festivalda rayon icra hakimiyyəti  əlinin zəhməti ilə tanınıb seçilən bir qrup əmək adamını  fəxri –fərman və qiymətli  hədiyyələrlə mükafatlandıracaq.

…Lənkəranın payızı bir özgə aləmdir, təbiətin qızıl vaxtıdır.İlin bu çağında  ilahi gözəllikdən zövq almaq, qızılı-qırmızı donlu dəmirağaclarının möhtəşəm mənzərəsini görmək istəyirsinizsə, vaxt itirməyin, bu şənbə qonağımız olun!

 

Cənub hərarətli   festivalda  təkcə xan lənkəranlıların zəngin mətbəxi ilə deyil, zəngin mədəniyyəti ilə də tanış olmaq imkanınız olacaq.Burada dinləyəcəyiniz   , bu yerlərin ab-havası hopmuş qədim   əmək-bicar nəğmələrini çətin ki, bir ayrı məkanda eşitmək imkanınız ola. Bu nəğmələri sizə  üzü nurlu “Nənələr”imiz  oxuyacaq, “ Halay” ansamblı  unudulmaqda olan”Şalı-şalı “ rəqsini ifa edəcək , yerli musiqiçilər cənub folklorunun ən yaxşı nümunələrini səsləndirəcəklər.Qol götürüb  süzməyi öz ixtiyarınıza  buraxırıq.

Festivalın təşkilatçıları iştirakçıların ötən ilki təkliflərini də nəzərə alıblar.Lənkəranda yetişdirilən və istehsal olunan məhsulların satış yarmarkası da təşkil olunacaq.Məhsul bayramı axşam şəhər mədəniyyət mərkəzinin böyük zalında respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq.

Bəli, elliklə yığışıb  məhsul bayramı keçirmək keçmiş sovet məkanının ən yaxşı ənənələrindən biri idi və  əsası da  məhz Lənkəranda  qoyulmuş, bəyənilərək ölkə miqyasına yayılmışdı.Nə xoş ki, bu ənənə  yenidən yaşarı olub!Yolunuzu gözləyirik-xan Lənkəranın adına layiq qonaqpərvərliklə!

Esmira İsmayılova.

Lənkəran.

 




Ana səhifəyə qayıt        Baxış: 1 059          Tarix: 8-11-2018, 16:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma