Xəbər lenti

ABŞ-ın Azərbaycanın Xəzərdəki Azəri-Çraq-Günəşli (AÇG)  layihəsində işləyən iki nəhəng neft şirkəti -“ExxonMobil və “Chevron”-un kontraktdakı payını satmağa hazırlaşması barədə yayılan xəbər rezonans doğurub. 

Bu barədə verilən şərhlərdə daha çox iqtisadi və siyasi məsələlər qabardılır: hasilatın azalması, ehtiyatlarla bağlı proqnozların özünü doğrultmaması və şirkətlərin ABŞ-a şist yataqlarına maraq göstərməsi  və s. Bəs regionda İran ətrafında gedən proseslərin iri neft şirkətlərin getməsini şərtləndirə bilərmi? Yeni hərbi-siyasi situsiyadan qaynaqlanan təhlükəsizlik problemləri investorları çəkindirməsi mümkündürmü?

Strateq. az bununla bağlı təhlükəsizlik məsələləri üzər ekspert İlham İsmayılın fikirlərini öyrənib.

Ekspert qeyd edir ki, 25 ildən sonra dünyanın nəhəng neft şirkətləri – “Exxon Mobil və Chevron”-un Azərbaycanı tərk etməsi çoxlu suallar yaradır: “Məsələnin iqtisadi tərəfləri adətən bu tip şirkətlər üçün öndə gəlir. Sadəcə olaraq bir sıra uyğunsuzluqlar da var. Mətbuatın yazdığına görə “ExxonMobil” ilin əvvəlində fəaliyyətini genişləndirmək üçün Yaponiyanın “İtochy” şirkətindən Bakı-Tbilisi-Ceyhan kəmərinin 2,5% aksiyasını almışdı və ilin sonunda belə bir əks addımın atılması istər-istəməz sual doğurur. Nədən? Düzdür, Qayanada 5 milyard barreldən çox neft ehtiyatları yataqlarının istismarından da danışılır, amma bu cür nəhəng şirkətlər üçün gəlir gətirən yerlərin çoxluğu maneə deyil. Deməli, məntiqlə başqa səbəblər də ola bilər və ilk növbədə regionda siyasi və hərbi vəziyyətdə yarana biləcək gərginlik də ola bilər”.

İ.İsmayıl ABŞ-ın İrana qarşı sərt addımları davam etdirdiyini, prezident Trampın Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Boltonun bölgəyə səfərindən sonra bu gərginlik daha da artmasına diqqət çəkir:

“Amma Azərbaycanın İrana qarşı platsdarm rolunu oynayacağı inandırıcı deyil. ABŞ-ın İranı vura bilmək məqsədi olsa onu daha çox Hörmüz körfəzi rayonundan həyata keçirəsidir, nəinki Qafqazdan. Xəzər də ABŞ və İsrail üçün bağlıdır. Azərbaycan bu günə kimi oynadığı rolu davam etdirəcək, yəni daha çox informasiya əldə etməkdən ötrü bizim ərazidən istifadə oluna bilər. Qarabağda müharibə təhlükəsi ehtimalı 25 ildir ki, mövcuddur və bu ehtimalı neft şirkətləri hər zaman, lap işin başlanğıcından nəzərə alıblar. Şübhəsiz ki, onu bir o qədər də təhlükəli hesab etməyiblər. Bu gün də elə. Ümumiyyətlə, belə götürsək, planetdə qlobal qarşıdurma var və Qarabağ müharibəsi bu fonda çox kiçikdir. Sadəcə olaraq, Azərbaycanın neft sektorunda BP-nin daha çox söz sahibi olması başqaları üçün buranı daha az maraqlı edib. Böyük maraqları Azərbaycandan kənarda axtarırlar. Qeyd olunanlarla bərabər, hər iki Amerika şirkətinin Azərbaycanı tərk etməsi bizim üçün ağır siyasi və iqtisadi itkidir, Azərbaycanın regionda nüfuzuna ciddi xələl gətirib və daha ağır nəticələri olacaq”.

Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 374          Tarix: 8-12-2018, 14:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma