Xəbər lenti

"Dünya Bankı ilə əlaqələrin genişləndirilməsinə bundan sonra da çalışacağıq. Yəqin hamı razı olar ki, bizim buna ehtiyacımız var".

"Report"un verdiyi xəbərə görə, bunu baş nazirin müavini Abid Şərifov bu gün Bakıda Azərbaycanın Dünya Bankına (DB) üzvlüyünün 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdəki çıxışında bildirib.

A.Şərifov DB tərəfindən əməkdaşlıqdakı roluna görə mükafatlandırılıb. Mükafatı Bankın Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon təqdim edib.

A.Şərifov DB ilə Azərbaycan arasında əməkdaşlığın 25 illiyi münasibəti ilə hamını təbrik edib: "Mən hər bir layihə haqqında qısa məlumat da verərdim, amma vaxt çox gedər. Lakin iki məsələ yadımdan çıxmır. DB heç vaxt tarixi abidələrin bərpa olunmasına maliyyə ayırmayıb, halbuki Azərbaycanda buna vəsait ayrılıb. Şirvanşahlar sarayı, Şəki Xan Sarayı və Naxçıvandakı iki abidəyə o zaman üçün böyük sayılan məbləğ ayrılıb. İkinci layihə Neftçalada balıqçılığın inkişafı ilə bağlı olub, dənizə 15 mln. balıq atılmalıdır. Bu gün həmin fabrik tam gücü ilə inkişaf edir".

Baş nazirin müavini çıxışında yolların inşası məsələsinə xüsusi diqqət ayırıb: "Azərbaycanda yolların vəziyyətinin necə olduğunu hamımız bilirdik. Neft ölkəsi yolsuz idi. Prezidentin göstərişi ilə müasir standartlara uyğun 10 min km yol tikilib. Ayrılan maliyyənin əksəriyyəti yolların inkişafına sərf olunub".

Tədbirdə iştirak edən DB-nin vitse-prezidenti Siril Müller isə deyib ki, təmsil etdiyi qurum Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasına dəstək verməkdə davam edəcək: "Biz Azərbaycanda aparılan islahatları dəstəkləyirik və bu dəstəyimizi gələcəkdə də davam etdirəcəyik".

 




Ana səhifəyə qayıt        Baxış: 726          Tarix: 19-09-2017, 13:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma