Xəbər lenti

Azərbaycan qazının Türkiyəyə, buradan isə Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Boru Kəməri (TANAP) üzrə fiziki işlərin 82%-i tamamlanıb.

"Report" xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev 20 sentyabr neft-qaz sənayesində çalışanların peşə bayramı - "Neftçilər günü" münasibətilə keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, gələn ilin ortalarında TANAP-ın Əskişəhərə qədər olan hissəsi istifadəyə veriləcək.

"Cənub Qaz Dəhlizi layihəsinin Avropa hissəsi olan Trans Adriatik Boru Kəmərinin (TAP) üzrə işlərin yarıdan çoxu icra olunub. Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini vaxtında və yüksək keyfiyyətə həyata keçirmək əzmindədir", - deyə R.Abdullayev əlavə edib. 

Xatırladaq ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.

 




Ana səhifəyə qayıt        Baxış: 987          Tarix: 20-09-2017, 15:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma