Xəbər lenti

Jurnalist Camal Xaşuqçinin ölümündən öncəki son sözləri bu olub: “nəfəs ala bilmirəm”.

TASS informasiya agentliyi xəbər verir ki, bu barədə CNN telekompaniyasına İstanbulda qətlin audioyazısına qulaq asan mənbə bildirib.

Telekompaniyanın məlumatına əsasən, audioyazıda çarpışma səslərini batırmaq üçün xüsusi qoşulan musiqi sədaları da eşidilir. Mənbə, həmçinin qatillərin telefon vasitəsilə mütəmadi olaraq hadisə barədə məruzə etdiklərini də bildirib.

Xatırladaq ki, Camal Xaşuqçi oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin konsulluqda yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də, sonradan cinayətin planlı şəkildə törədildiyini, cəsədin isə hissələrə bölünərək binadan çıxarıldığını etiraf etmişdi.

Türkiyə məhkəməsi dekabrın 5-də Xaşuqçinin qətlində şübhəli bilinən Səudiyyə Ərəbistanının ümumi kəşfiyyat xidmətinin sabiq müavini general Əhməd Əsirinin və vəliəhd şahzadənin sabiq müşaviri Səud əl-Kahtaninin həbsinə order verib.

Camal Xaşuqçi Ər-Riyadın siyasətinə qarşı tənqidi münasibəti ilə tanınırdı. 2017-ci ildə vətənini tərk edərək ABŞ-a köçən jurnalist “The Washington Post” qəzetində Səudiyyə Ərəbistandakı vəziyyətə dair analitik yazılarla çıxış edirdi.

 

 




Ana səhifəyə qayıt        Baxış: 317          Tarix: 10-12-2018, 16:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma