Xəbər lenti

 

Arvadını amansızlıqla öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. O, qətli namus üstündə törətdiyini desə də mərhumun anası bunun yalan olduğunu deyib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 49 yaşlı Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında mərhumun münasibətdə olduğu deyilən Qafar Cəfərov (ad və soy ad şərtidir) ifadə verib.

Məhkəməyə sədrlik edən hakim məhkəmənin bu mərhələsinin qapalı keçiriləcəyini elan edib. Səbəb isə şahidin təhlükəsizliyinin təmin edilməsi göstərilib.

Əldə etdiyimiz məlumata görə, Q.Cəfərov mərhumla sadəcə dost münasibətində olduğunu deyib.

Məhkəmə prosesinin davamında sənədlərin tədqiqinə başlanılıb. Sənədlər elan edilən zaman məlum olub ki, ekspertiza rəyində təqsirləndirilən Tufan Qurbanovun hadisəni törədən zaman anlaqlı olduğu göstərilib.

Hakim məhkəmə istintaqının başa çatdığını elan edib. Prokuror təqsirləndirilən şəxsə cəza istəmək üçün məhkəmədən vaxt istəyib.

Prosesdə növbəti dəfə gərginlik yaşanıb. Belə ki, təqsirləndirilən şəxsin vəkili mərhumun anası Səmimə İsmayılovadan şikayətçi olub-olmadığını soruşub. Vəkil deyib ki, müdafiə etdiyi şəxsə onsuz da ağır cəza veriləcək, əgər barışıq olarsa, cəzasının qismən də olsa yüngülləşdirilməsi mümkündür.

Mərhumun anası Tufan Qurbanova ən ağır cəza verilməsini istəyib.

Məhkəmə zalında olan Tufan Qurbanovun anası Xeyransə Qurbanova isə buna etiraz edib. Deyib ki, oğlunu bədbəxt ediblər: "Zorla qızını verdim. Mənim balamı da bədbəxt elədin. Bir başından görəsən".

Məhkəmə iclası sentyabrın 13-də davam etdiriləcək.

İttihama görə, Tufan Qurbanov arvadının başqa şəxslə münasibətinin olduğunu iddia edərək onu qətlə yetirib.

Elan olunmuş ittihamla T.Qurbanov özünü qismən təqsirli bilib. Deyib ki, yaşadığı məhəllədə biabır olduğu üçün bu hadisəni törədib.

O deyib ki, keçmiş arvadını başqa şəxslərlə görüşdüyünü bilib və buna görə də onu qətlə yetirib: "Hansı kişi bunu qəbul edərdi? Mənim uşağımın yanında başqa şəxslə danışıb, görüşüb".

Məhkəmədə mərhumun anası, hüquqi varisi Səmimə İsmayılova ifadə verib.

O deyib ki, qızının öldürülməsi ilə bağlı deyilənlər yalandır:

"Onlar 1997-ci ildə ailə qurublar. 5 il övladları olmadı. Sonra 3 uşaqları dünyaya gəldi. Münasibətləri də sonuncu uşaqdan sonra pozuldu. Bu dedi ki, üçüncü uşaq bundan deyil. Dedim ki, Allahın var, bu nə sözdür? Həmin söz hələ də qulağımdadır. Bu adam heç yerdə işləməyib. Harda da işləyib arxasınca polis gəlib. İşlədiyi yerdən oğurluq edib.

Qızım əziyyət çəkib, zülm görüb. Əriştə kəsib, düşbərə büküb satıb pul qazanıb. Mən onun uşaqlarına özüm baxmışam. Bütün müalicələrini özüm eləmişəm. Sənədlərin hamısı evdədir.

Qızım illərlə döyülüb, işgəncə görüb. Çənəsini sındırıb, başına ağır zərbələr endirib. Qızım iki dəfə də polisə şikayət eləmişdi. Axırıncı dəfə dedi ki, artıq bezib, yaşaya bilmir".

Mərhumun anası deyib ki, qızı boşanmaq istədiyi üçün öldürülüb.

Qeyd edək ki, hadisə 2019-cu il fevralın 11-də baş verib.

Bakının Binəqədi rayonu, İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib.

Araşdırma zamanı məlum olub ki, onu əri Tufan Qurbanov mətbəx bıçağı ilə 18 zərbə vuraraq qətlə yetirib. Daha sonra isə boğazını kəsib.

Cinayəti törətdikdən sonra polis bölməsinə təslim olub 49 yaşlı Tufan qətli namus üstündə törətdiyini deyib. Xanımın başqa şəxslə əlaqəsinin olduğunu düşünüb.




Ana səhifəyə qayıt        Baxış: 388          Tarix: 6-09-2019, 12:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma