Xəbər lenti

 

Vətəndaşlara asan pul qazanmaq təklif edən və onların pulunu ələ keçirən bank əməkdaşı hakim qarşısına çıxarılıb.

 Bakı Ağır Cinayətlər Məhkəməsində "Muğanbank" ASC-nin külli miqdarda dələduzluqda təqsirləndirilən Nəsimi filialının kredit üzrə mütəxəssisi Novruz Vəliyevin məhkəməsi keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərdən Cavad Cavadov ifadə verib. C.Cavadov qeyd edib ki, N.Vəliyev ona yaxşı pul qazanmaq təklif edib. Buna görə ona 19 600 dollar pul verib. Zərərçəkmiş heç nə qazana bilmədiyini Novruz Vəliyevin həmin pulu ələ keçirdiyini deyib. C.Cavadov 19 600 dollarını tələb etdiyini söyləyib.

Təqsirləndirilən N.Vəliyev isə aldığı puldan C.Cavadova hissə-hissə 14 min manatı qaytardığını deyin. Məhkəmədə şahid qismində Fərid Quliyev ifadə verib. O, "Muğanbank" ASC-nin "Nəsimi" filialında kassir vəzifəsində işləyib.

Daha sonra işdən çıxarılıb. Fərid Quliyev işdən çıxarılmasının səbəbini və bu işlə bağlı bildiklərini belə danışıb: "Mən kassir işləyəndə müdirim Natiq Teymurov idi. Kassada həmişə 1 milyon dollar pul saxlanılırdı. Həmin məbləğ qeyri-rəsmi işlər üçün istifadə edilirdi. Müəyyən şəxslərə verilirdi. Onlar da götürdükləri pulun üstündə müəyyən məbləğ də qaytarırdılar. Həmçinin Novruz Vəliyev də belə edirdi. Kassadan bir neçə dəfə pul götürüb. Sonuncu dəfə mənə dedi ki, 60 min manat lazımdır. Mənə dedi ki, müdirim Natiq Teymurovun bundan xəbəri var. Mən ancaq müdirim Natiq Teymurovun əmrlərini yerinə yetirmişəm. Novruz pulu istəyəndə müdirə zəng elədim. Amma iclasda olduğu üçün cavab vermədi. Mən də Novruza inandığım üçün, mütəmadi olaraq pul götürdüyü üçün verdim. Dollarla hesablayıb, 31200 dolları Novruza verdim. Özü də bilir ki, həmin puldan bir qəpik də mənə çatmayıb. Bir müddət keçdi. Mən həmin məbləği qeyri-rəsmi pulların qeydə alındığı kitabçaya baxdım. Gördüm ki, Novruzun adına mən verən pul qalır. Bu barədə müdirim Natiq Teymurova məlumat verdim. O isə dedi ki, Novruza pul verilməsindən xəbərsizdir. Novruzu çağırıb aydınlaşdırmağımızı istədi. Novruz gəlib təsdiq etdi. Pulu qaytaracağını, indi işlərinin yaxşı olmadığını dedi. Bir neçə gün sonra Novruz gəldi. 7 min dollar verdi və dedi ki, qalan pulu da həftədə 5 min dollar olmaqla qaytaracaq. Amma müdir razılaşmadı. Bundan sonra ikimizi də baş ofisə çağırdılar. Hədə-qorxu gəlib pulu tələb etdilər. Mən günahsız olduğumu desəm də inanmadılar. Qardaşıma zəng edib onu da hədələdilər. Pulu verməsəm, həbs ediləcəyimi dedilər. Qardaşım evini, maşınını girov qoyacağını dedi. Bizi işdən çıxardılar".

Şahid F.Quliyev deyib ki, qardaşının evini, maşınını və öz maşınını keçmiş müdiri Natiq Teymurovun adına keçirib. Amma razılığa əsasən satılmamalı, bu müddətdə də Novruz Vəliyev pulu qaytarmalı imiş. Amma hər iki maşın satılıb.

F.Quliyev deyib ki, hazırda qardaşının evinin geri qaytarılması üçün məhkəməyə müraciət ediblər. Keçmiş bank əməkdaşı əlavə edib ki, onun barəsində də Cinayət Məcəlləsini 322.1-ci (özbaşınalıq) maddəsi ilə cinayət işi açılıb.

Məhkəmənin növbəti iclası yanvarın 4-nə təyin edilib.

Qeyd edək ki, N.Vəliyev tanışları - Kənan Nağıyev, Cavad Cavadovun etibarından sui-istifadə edərək, "forex" maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd verərək aldatmaqda, bu yolla hər həmin şəxslərdən ümumilikdə 332 min 200 manat məbləğində vəsaitini ələ keçirməkdə ittiham olunur.

İş üzrə zərərçəkmiş şəxs qismində "Muğanbank" ASC-nin Nəsimi filialının müdiri Natiq Teymurov da tanınıb.

Barəsində həbs-qətimkan tədbiri seçilən N.Vəliyevlə bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. N.Vəliyev məhkəmədə özünü qismən təqsirli bilib. O, zərərçəkmiş şəxslərə vurulan ziyanın bir qismini ödədiyini söyləyib.\\Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 194          Tarix: 24-10-2019, 20:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma