Xəbər lenti

 

(Əvvəli: http://ovqat.com/manset/10792-heydr-liyevin-hrbi-slahiyytli-numayndsi-gnc-taboru-naxcvanda-ermnilr-el-zrb-vurdu-ki.html)  

Tezliklə H.Əliyevin rəhbərliyi altında ruslarla təhvil-təslim prosesi başa çatdı. Sovetlər Birliyində Naxçıvan ilk bölgə idi ki, ruslardan hərbi əmlakı alıb, onları gül-çiçəklə yola salırdı. Rus diviziyasının yerinə Müdafiə nazirinin əmri ilə Briqada yaradıldı. Elman Abbasov Briqadaya komandir təyin olundu. Beləliklə Naxçıvanın üzərindən təhlükə sovuşdu. Lakin heç kəsin ağlına gəlməzdi ki, torpaqlarımızın 20% -ni tezliklə itirəcəyik.

H.Əliyevlə görüşüb, xeyli söhbətdən sonra Ali Məclisdən çıxdım. Xüsusi Dövlət Əhəmiyyətli Tapşırıq vaxtında, şərəflə yerinə yetirilmişdi. Nə zaman Şəhidlər Xiyabanına çatdığımı özüm də hiss etmədim. Burada xeyli şəhid valideynləri, doğmaları, yaxınları var idi. Torpağa şəhid qanı tökülərsə, Vətən olur. Vətən oğullarımız, şəhidlərimiz əcdadlarımızın bizə əmanət etdikləri bu torpağa sahib çıxaraq, yağı düşmənə bir qarış belə torpaq verməmişlər. Qanları, canları bahasına Naxçıvanı qoruyan qəhrəman oğullarımıza bu yazımı ithaf edirəm. Yazıda 1992-ci ilin əvvəlindən sentyabr ayına qədər yaşanmış gerçək hadisələr ilk dəfə, qısa olaraq öz əksini tapmışdı. Son dörd ayda evə getməmişdim. Doğmalarım gələcəyimi  bilirdilər. Anam sevdiyim yeməkləri hazırlamışdı. Evə tələsirdim, sonra isə bir nəfərlə görüşəcəkdim...

RƏSMİ  SƏNƏDLƏR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun xüsusi göstərişi ilə Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəyliyə aşağıdakı məqalənin yazılması tapşırılmışdır.

SƏLAHİYYƏTLİ HƏRBİ NÜMAYƏNDƏ

yaxud aysberqin görünməyən tərəfi

Aysberq nəhəng buz dağıdır. Dəryalarda, ümmanlarda öz ağır, ləngərli görkəmi ilə yavaş-yavaş hərəkət edən aysberqlərə ön tərəfdən baxanda nə qədər əzəmətli görünsə də onun xeyli hissəsi də görünməz olaraq qalır. Bəzi insanlar da aysberqlər kimidir. Doğulur, böyüyür, çoxlarının gözündə başqalarından fərqlənməyən  “adi” ömür yaşayır, içindəki təlatümdən, neçə ürəkləri isidən, neçələrinə ümid, təsəlli olan vətən sevgisindən heç nəyi açıqlaya bilmir, gördüyü işlər pərdə arxasında qalır, həyata keçirdiklərindən heç kəsin xəbəri olmur və sanki aysberq ömrü yaşayır... Ancaq həyatın elə məqamları gəlib çatır ki, həmin örtülü  mətləblərdən söz açmağa, aysberqin görünməyən tərəfini də çoxlarını tanıtmağa ehtiyac duyulur.

 

Heydər Əliyev vəzifəsindən uzaqlaşdırılandan sonra Moskvadan öz ata ocağına - Naxçıvana dönüb,  ağır günündə xalqın harayına çatanda, fəlakətlər girdabında olan Naxçıvan əhalisini bəlalardan hifz etmək missiyasını öz üzərinə götürəndə onun ən çox etibar edib inandığı, ən məsul tapşırıqlarını verdiyi insanlardan biri də 30 yaşını təzəcə adlayan  ali təhsilli mühəndis  Urfullah Əli oğlu Qurbanov idi. Şübhəsiz ki, ötən əsrin 90-cı illərinin əvvəlləri kimi çox ziddiyyətli bir dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən Heydər Əliyev kimi siyasət nəhənginin etimadını qazanmaq, həmin dövrdə Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi işləyə-işləyə, həm də Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi kimi dəfələrlə Gəncə şəhərinə, Bakıya ezam olunub, blokadada qalan Naxçıvanın çətin məsələlərinin həllində dövlət əhəmiyyətli  xüsusi tapşırıqları yerinə yetirmək elə də asan deyildi. Urfullahın məsuliyyətli tapşırıqları yerinə yetirməsində ona qol-qanad verən Vətən və xalq sevgisi idisə, həm də Heydər Əliyev kimi bir dahinin göstərdiyi etimad, ən ağır məqamlarda bu  görülən işlərin xalqın sabahı üçün, millətin gələcəyi üçün edildiyini başa salması, onu bu işə ruhlandırması idi.

Bir də bu dahi şəxsiyyətdən xüsusi tapşırıqlar alan Urfullahın xəyalında 1979-cu ildə Bakıdakı Respublika sarayında Azərbaycandan  kənarda ali məktəbə qəbul olunmuş tələbələri yola salarkən respublika rəhbəri Heydər Əliyevin dediyi aşağıdakı sözlər canlanır : “Müasir biliklərə dərindən yiyələnin. Sizlər Azərbaycanın gələcəyisiniz... ” Deməli, qazanılmış bilikləri tətbiq etməyin vaxtı gəlib çatmışdı...

Heydər Əliyev saçlarına təzə-təzə dən düşən bu təmkinli, ağır təbiətli, bəstəboy oğlanın tərcümeyi-halından da xəbərdar idi. Bildirdi ki, 1961-ci ildə Naxçıvan şəhərində anadan olan Urfullahın atası Əli Qurbanov 32 il polis orqanlarında işləyəndən sonra təmiz adla təqaüdə çıxıb. Urfullahın özünün 1979-cu ildə Azərbaycandan kənarda oxumağa göndərilməsindən də, 1984-cü ildə Voronej Politexnik İnstitutunun yüksək qiymətlərlə bitirib bir müddət Rusiyada işləməsindən də, Azərbaycana və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvana qarşı erməni təcavüzlərinin kökündə duran münaqişələrin başlandığı 1988-ci ildən Naxçıvana qayıdıb milli azadlıq hərəkatına qoşulmasından da, hətta mühəndis ixtisası ilə yanaşı, baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı zabiti kimi vətənə dönməsindən də xəbərdar idi...

 

Bütün bu göstəricilər də Heydər Əliyev kimi dahi bir şəxsiyyətdə  Urfullaha qarşı inam yaratmış və 1991-ci il sentyabr ayının 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçiləndən az sonra Azərbaycanda ilk dəfə olaraq Naxçıvanda Milli Ordu hissələrinin yaradılması işinə başlanılmış, Urfullah da Heydər Əliyevin tövsiyəsi və məsləhəti ilə Naxçıvan Dövlət Müdafiə Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi təyin olunmuşdu.

Həmin dövrdə hər an erməni təhlükəsi ilə üz-üzə dayanan Naxçıvan, eyni zamanda bir sıra digər ziddiyyətlər və problemlərlə də qarşı-qarşıya idi. Bir tərəfdən blokadanın çətinlikləri və iqtisadi problemlər, erməni təhlükəsi, digər tərəfdən Naxçıvanı xoşluqla tərk edib getmək istəməyən erməniyönlü rus ordusunun təxribatları, yeni-yeni baş qaldıran siyasi qruplaşmaların yersiz şayiələr yayması, Azərbaycan rəhbərliyinin Naxçıvana ögey münasibəti.

Həmin dövrdə qardaş Türkiyə Cümhuriyyəti tərəfindən Naxçıvana  hərtərəfli yardımı edilməsi də qardaş ölkənin Heydər Əliyev şəxsiyyətinə böyük ehtiramının ifadəsi olmaqla yanaşı, həm də Naxçıvan əhalisinin yeganə təsəllisi idi. Həmin əlaqələrin genişlənib inkişaf etməsində xüsusi əməyi olan Urfullah Qurbanov belə bir vaxtda Heydər Əliyevin səlahiyyətli nümayəndəsi kimi 1992-ci ilin mart ayından iyul ayına qədər müntəzəm olaraq Gəncə ilə Naxçıvan arasında əlaqələndirici kimi gördüyü işləri yada salanda adam qürur hissi keçirir. Həmin dövrdə qarşıda duran işlərin sırasında nələr dururdu?..

  • O ağır zamanda Naxçıvanın informasiya blokadasından çıxarılması naminə Gəncədə “Naxçıvana yardım” xeyriyyə cəmiyyətinin yaradılması və insanların həmin cəmiyyət ətrafında sıx birləşməsini təşkil etmək;
  • Həmin dövrdə ölkə rəhbərliyinin Naxçıvan əhalisini çörəklə imtahana çəkdiyi bir vaxtda böyük öndər Heydər Əliyevin xüsusi nüfuzu hesabına müxtəlif təşkilatlar və xeyriyyəçilər tərəfindən göndərilən yardımın Gəncə-Naxçıvan təyyarə reysi ilə blokadada qalan əhaliyə çatdırılması;
  • Gəncəbasarın qeyrətli oğullarının könüllü olaraq Naxçıvanın, xüsusi ilə ağır döyüşlər gedən Sədərəyin müdafiəsində iştirakının təmin olunması;
  • Çox mühüm dövlət əhəmiyyətli və strateji xarakterli məlumat və informasiyaların əldə olunması, dəqiqləşdirilməsi, informasiya blokadasında olan Naxçıvana və əlaqədar orqanlara çatdırılması;
  • Naxçıvandan gedib Qarabağ döyüşlərində və Azərbaycanın digər bölgələrində şəhid olan insanların cəsədlərinin Gəncəyə gətirilməsində və Naxçıvana yola salınmasında fəallıq göstərmək və digər onlarca, yüzlərcə bu cür mühüm tapşırıqların yerinə yetirilməsi...

 

Urfullahın Heydər Əliyevin səlahiyyətli nümayəndəsi kimi Gəncəbasardakı fəaliyyətini əks etdirən bəzi sənədlər də çox şeylər deyir.

 1995-ci ildə Gəncə şəhər Xalq Deputatları Məclisinin sədri işləyən, Gəncə şəhər Fövqəladə Müdafiə Qərargahının rəisi, o vaxtkı Azərbaycan Respublikasının xalq deputatı Ç.Sadıxovun imzaladığı 17 iyul 1995-ci il tarixli 45 saylı arayışda deyilir:

“...Rus hərbiçilərin Gəncədən çıxarılmasında, hərbi hissələrdəki silah, sursat və texnikanın Milli Ordu hissələrimizdə saxlanılmasında Urfullah Qurbanovun böyük xidmətləri var. Dəfələrlə ona təzyiq göstərilsə də,  müxtəlif qüvvələr onun həyatına qəsd etməyə çalışsalar  da, U.Qurbanov yüksək vətənpərvərliyi, igidliyi sayəsində  məqsədinə nail olmuş, xüsusi dövlət əhəmiyyətli tapşırıqları vaxtında, şərəflə yerinə yetirmişdir. Qısa vaxt ərzində Gəncə ictimaiyyəti arasında çox böyük nüfuz qazanan Urfullah Qurbanovun  respublikanın müstəqilliyi, ərazi bütövlüyü, dövlətçiliyinin xarici təcavüzlərdən qorunmasında misilsiz xidmətləri var ”.         

Urfullah Qurbanovun  ağır və mürəkkəb bir şəraitdə  həyatını dəfələrlə riskə qoyub Vətən üçün etdiklərindən bəhs edən rəsmi sənədlərlə tanış olarkən bir daha onun böyük ürək sahibi olduğu, köksündə qeyrətli  bir Azərbaycan oğlunun ürəyininin döyündüyü qənaəti yaranır.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini N.Əhmədovun imzaladığı 03 sentyabr 1992-ci il tarixli  03/147 nömrəli arayışdan :

“Naxçıvanın müdafiəsinin təminatı ilə bağlı Gəncədə olan Urfullah Qurbanov həm də Gəncədə müxtəlif strateji əhəmiyyətli tədbirlərin həyata keçirilməsində fəallıq göstərmiş, həmçinin Gəncədə yerləşən hərbi aerodromun rus hərbiçiləri tərəfindən sökülüb dağıdılmasının qarşısını almaq işində böyük fədakarlıqlar göstərmişdir ” – cümlələrini oxuyanda,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin o vaxtkı 1-ci müavini Rəşid Həsənovun imzaladığı 22 noyabr 1994-cü il tarixli 0/206 saylı arayışda Naxçıvanda Milli Ordu hissələrinin yaradılmasında, Sədərəyin müdafiəsinin təşkilində Heydər Əliyevə yaxından kömək etdiyini, onun verdiyi əksər tapşırıqları yüksək səviyyədə yerinə yetirdiyini öyrənəndə Urfullahın çox mənalı bir ömür yaşadığının, Vətən qarşısında şərəflə xidmət göstərməsinin şahidi olursan.

Artıq o illər arxada qalıb... 15 il əvvəl əməliyyatlarda iştirak edərkən saçına təzə-təzə dən düşən, bu gün isə saçları ağappaq olan Urfullah Qurbanovla üz-üzəyik. O illərə aid ən yaddaqalan epizodlardan bir neçəsini danışmasını xahiş edirik. Çöhrəsində həmişə ilıq bir təbəssüm olan Urfullah  Qurbanov bir qədər tərəddüddən sonra söhbətə belə başlayır:

 

-Xatirə deyəndə ki, nədən başlayım? Artıq o illər bütövlükdə xatirəyə çevrilib. Mən ilk növbədə Heydər Əliyev uzaqgörənliyinin, dahiliyinin əyani sübutunu rus ordusunun çox sakit, döyüşsüz, qırğınsız silahları və hərbi texnikanı təhvil verib Naxçıvandan çıxarılmasında gördüm. Naxçıvan bəlkə də keçmiş SSRİ məkanında ilk region idi ki, bu hadisə baş verirdi.

Nankor ermənilərin quldurluğu nəticəsində dəmiryol xətti bağlandığından Naxçıvan blokadaya salınmış, ümid təkcə hava yoluna qalmışdı. Azərbaycan rəhbərliyinin ögey münasibəti də vəziyyəti lap çətinləşdirmiş, Naxçıvanı fəlakətlər girdabında qoymuşdur. Gəncədə yerləşən rus ordusundan alınan hərbi sursatının və ordakı xeyriyyəçilərin, bir çox iş adamlarının ümummilli liderimiz Heydər Əliyevə görə Naxçıvan əhalisinə çatdırmaq istədiyi yardımların  Naxçıvana gətirilməsi üçün yollar axtarmaq əsas vəzifələrimizdən idi. Heydər Əliyevin tapşırığı ilə Naxçıvan Nazirlər Kabinetindən mənə bir məktub verildi. Həmin məktubda AZAL rəhbərliyindən xahiş olunurdu ki, Gəncədən Naxçıvana çörək və meyvə- tərəvəz daşımaq üçün bir yük təyyarəsi verilsin.  Həmin məktubla  bir “AN-26” tipli yük təyyarəsi ayrıldı. İki gün sonra Gəncə Şəhər Polis İdarəsi rəisinin müavini işləyən polkovnik Ramiz Cahangirovun iştirakı ilə uçuşa nail olduq. Sonralar da belə məsuliyyətli addımların atılması təmin edildi. Hətta xüsusi icazə ilə bəzən İran üzərindən də keçməli olduq.   

O vaxt Gəncədə və ətraf rayonlarda Naxçıvana yardım etmək istəyən böyük ürək sahibi olan insanlar çox idi. Yeri gəlmişkən, deyim ki, ölkənin o vaxtkı rəhbərliyinin regiona mənfi münasibətinə görə həmin dövrdə Naxçıvana kömək etmək çox böyük risk, böyük cəsarət tələb edirdi. Lakin bütün bunlara baxmayaraq, Vətən sevgisini, el-oba qeyrəti çəkməyi, blokadada qalan qardaş-bacılarına əl uzatmağı uca tutan insanlar var idi. Bu gün mən böyük iftixar və minnətdarlıq hissi ilə həmin insanlardan bir neçəsinin adını çəkmək istəyirəm. İlk növbədə o vaxtlar Gəncədəki “Musayevin qarajı” deyilən qarajın müdiri Musa dayının əməyini qeyd etməyi özümə borc bilirəm.  Qeyd edim ki, Naxçıvanda bu gün də məşhur olan “Kalba Musa çeşməsi” Musa dayının babası tərəfindən çəkdirilib və bir əsrdən artıqdır ki,  həmin çeşmədən istifadə olunur. Biz çox hallarda müəyyən “yardımları” Musa dayının Gəncədəki qarajına toplayır, oradan isə  onun ayırdığı maşınlarda Naxçıvana aparırdıq.

         O vaxtlar Gəncəbasarda nüfuzlu ziyalılar və xeyriyyəçilər kimi tanınan Əkbər Nəsirovun, Hüseyn Vəliyevin, Əli Mehdiyevin, Əhməd Əhmədovun, Salman Məmmədovun, İrşad Əliyevin,  Mahmud Nəbiyevin,  Elşən Əliyevin, Vaqif Hüseynovun, Rafiq və Rauf Şəfiyevlərin, Fiqan İmaməliyevin, Vilyam Hacıyevin və yüzlərlə başqalarının adını çəkməyi də özümə borc bilirəm. Bu insanlar Naxçıvanın ağır vəziyyətdən çıxması üçün bizə hər cür kömək edir, Heydər Əliyevə olan hörmət və ehtiramlarını verilən tapşırıqların vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi üçün gecə-gündüz çalışmaqla ifadə edirdilər. Bu gün mən qürur hissi keçirirəm ki, o ağır məqamlarda Gəncəbasarın Naxçıvana hərtərəfli yardım göstərən, Naxçıvanı təklənməyə qoymayan ən qeyrətli oğullarından  30 nəfərinə  Heydər Əliyevin adından yazılı təşəkkür məktubu göndərilməsində mənim rəyim nəzərə alındı və o dahi şəxsiyyətin tapşırığı ilə həmin insanlar haqqında təqdimatları  mən hazırladım.    

         Danışdıqca xatirələri dilə gələn Urfullah Qurbanova belə bir sualla da müraciət edirik:

-Həyata keçirdiyin məsuliyyətli tədbirlərin müqabilində nələrə nail olmusan?

Urfullah yenə duruxdu, üzünün təbəssümü bir az da çoxaldı və sualı belə cavablandırdı :

-Əvəlla, deyim ki, mən o işləri görəndə heç düşünmürdüm ki, bunları vəzifə almaq üçün, yaxud nəyəsə nail olmaq üçün edirəm. Bu mənim vətəndaşlıq borcum, vəzifəm idi. İkincisi isə dahi şəxsiyyət olan Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan dövləti Tanrıya min şükürlər olsun ki, möhkəmlənib və günü-gündən də möhkəmlənir. O vaxtlarda olan az-çox fəaliyyətimə və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki əməyimə görə müstəqil dövlətimizin güc nazirlikləri tərəfindən dəfələrlə fəaliyyətim qiymətləndirib. Mən o vaxtlar o sahədə lazım idim, bacardığım qədər çalışırdım ki, Heydər Əliyev kimi bir dahinin verdiyi tapşırıqları yerinə yetirəm. Bu gün isə mən ixtisasıma uyğun olaraq mühəndis kimi Rabitə Nazirliyi sistemində çalışıram, yenə də vəzifə borcumu məsuliyyətlə yerinə yetirməyə səy göstərirəm.

         Ömrünün açılmayan səhifələrini aysberqin görünməyən tərəfinə bənzətdiyimiz Urfullah Qurbanovun yaşadığı şərəfli ömür bəlkə də sənədli povestin, yaxud bir sənədli filmin mövzusudur.  

Vaqif Məmmədov,

tarix elmləri namizədi.

“Respublika” qəzeti 23 may 2007-ci il

2002-ci ilin əvvəlində Naxçıvan  MTN-nin bir əməkdaşı mənimlə görüşmək istədi. Mənə bildirdi ki, Azərbaycan MT Naziri general-polkovnik Namiq Abbasov tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə bir məktub göndərilib. Nazirin göstərişi ilə mənə tapşırılıb ki, aşağıdakıları sizə çatdırım :

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, dövlətçiliyin qorunmasında göstərdiyiniz müstəsna xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Azərbaycan dövləti, höküməti və MT Naziri adından sizə təşəkkür olunur. 

 

XÜSUSİ DÖVLƏT ƏHƏMİYYƏTLİ TAPŞIRIQ başlığı altında yazılan məqalənin ərsəyə gəlməsində göstərdiyi köməklik və dəstəyə görə döyüş dostlarıma, yaxınlarıma, övladlarıma minnətdaram.

Urfullah Qurbanov




Ana səhifəyə qayıt        Baxış: 4 146          Tarix: 9-10-2017, 21:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma