Xəbər lenti

 

Bədrəddin Quliyev: “Biz müharibəni Ermənistan ərazisində aparmalıyıq”

 

 

 

Son günlər Yaxın Şərq regionunda baş verən hadisələr, eləcə də Türkiyə ilə Qərb dövlətləri arasında yaşanan gərginlik, bəzi beynəlxalq təşkilatların ölkəmizlə bağlı nümayiş etdirdiyi qərəz və s. ölkəmizdə və dünyada ciddi narahatlıqla müşahidə edilməkdədir. Moderator.az olaraq bu və digər məsələlərə Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevlə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

 

-Bədrəddin bəy, son vaxtlar həm Türkiyə, həm də Azərbaycana qarşı Qərbin bəzi dairələrinin təzyiqi hiss olunmaqdadır. Sizcə hər iki türk dövlətinə qarşı Qərbin ortaya qoyduğu eyni aqressiya Avropanın bütün türk dünyasını hədəf alan vahid anti-türk siyasətinə möcudluğu ehtimalını aktuallaşdırırmı?

 

- Bu məsələyə hər şeydən öncə tarixi konteksdən yanaşmaq lazımdır. Baxın, XVIII əsrdən etibarən türk dünyasına qarşı anqlosakslarla rusların cəbhə almağa başladığını görürük. Bu tarixdən etibarən türklərin Avropadan, Balkanlardan, Qafqazlardan çıxarılması prosesi başladı. Türkiyə I Dünya müharibəsində də Qərbin təzyiqləri ilə üzləşdi. Qərb Türkiyəni bir dövlət kimi yox etmək, onu parçalamağa çalışırdı. Məhz belə bir zamanda orduya rəhbərlik Atatürkə həvalə olundu. Hansı ki, Atatürk 1915-ci ildə sadəcə mayor rütbəsində idi. Məhz Atatürkün yaratdığı sistem nəticəsində Türkiyə bu cür aqibətdən xilas oldu və proseslər 1923-cü ildə Türkiyənin qələbəsi ilə yekunlaşdı.

I Dünya müharibəsində “Vilson modeli” mövcud idi ki, bu model Türkiyənin bölünməsinə hesablanmışdı. Bu ərazilərdə Ermənistan və Kürdüstan yaradılmalı idi. 1915-ci ildə Osmanlı imperiyası daxilindəki ermənilər, eləcə də xristian mənşəli bir çox şəxslər müxtəlif təxribatlara əl atmağa başladılar. Türkiyə isə buna cavab olaraq erməniləri neytrallaşdırmaq üçün məcburən bəzi addımlar atmalı oldu. Bundan sonra ermənilərlə bağlı layihə Azərbaycan üzərində gerçəkəşdirilməyə başladı. Osmanlı türklərinə gücü çatmayan qüvvələr bunu oğuz türkü olan bizlərin üzərində reallaşdırmağa çalışdı. Bizim ərazilərdə Ermənistan yaratmağa başladılar. 1918-ci ildə Bakı ingilislərin nəzarətində idi. Türklər 1918-ci ilin 15 sentybarında Bakı Kommunası ilə yanaşı, həm də ingilislərlə vuruşdular. Bu faktın özü bizim anqlosaksların planlarında hansı konteksdə yer aldığımızı bütün çılpaqlığı ilə göstərir. O zaman Vilson planına əsasən Qərb türk dünyasının məhvi hesabına öz maraqlarını müdafiə etməyə çalışırdı. Hansı ki, Vilson planı bu gün də işləməkdədir.

 

-Vilson planının mahiyyəti nədir?

 

-Vilson planı dünyanın istənilən nöqtəsində neft və qazla zəngin olan əraziləri ələ keçirməyi, həmin ərazilərdə Amerikanın nəzarətini bərpa etməyi nəzərdə tutur. Bu, yeni dünya düzəni deməkdir. Bu o deməkdir ki, həmin ölkələrdə Amerikanın diktəsi ilə hərəkət etməyən qüvvələrin hakimiyyətə gəlişinə imkan verilməsin, həmin xalqlara isə elə problemlər yaradılsın ki, onlar ciddi məsələlərə diqqət ayıra bilməsinlər.

 

-Müsahibənin əvvəllində anqlosakslarla rusların türklərə qarşı cəbhə aldığını vurğuladınız. Sizcə bu əməkdaşlıq sadəcə türklərə qarşı yönəlib, yoxsa digər məsələlərdə də öz mövcudluğunu hiss etdirir?

 

-Məsələ bundadır ki, biz bu əməkdaşlığı digər tarixi hadisələr fonunda da müşahidə edirik. Baxın, həm I Dünya müharibəsi, ya da II Dünya müharibəsi zamanı yeni dünya bölgüsünün həyata keçirilməsini tələb edən Almaniyaya qarşı rus və anqlosakslar birləşdi. Bu, tarixi faktdır. Baxmayaraq ki, Rusiyada I Pyotr hakimiyyətə gələndən sonra ruslarla anqlosakslar arasında Avropa torpaqları uğrunda ciddi mübarizə gedib. Lakin daha sonra bu qüvvələr arasında bir razılıq əldə edilib və onlar türk dünyasına qarşı mübarizədə birgə iştirak edib. Bu gün də bu  əməkdaşlıq özünü hiss etdirir.

 

-Sizcə İraq ərazisində Kürdüstanın meydana çıxması fonunda hansı proseslər baş verəcək? Yeni situasiya hansı dövlətləri üz-üzə qoya bilər?

 

-Kürdüstan faktoru hər şeydən öncə bu günə qədər əməkdaşlıq edən İran və Rusiyanın münasibətlərini gərginləşdirəcək. Çünki bu məsələdə hər iki dövlətin mövqeyi bir-birindən ciddi şəkildə fərqlənir. ABŞ, İsrail və Rusiyanın məsələyə baxışı təxminən eyni olsa da, İranın baş verənlərə münasibəti tamamilə fərqlidir. Vaxtiylə Osmanlı ilə Qacarları parçalayan ruslar və anqlosakslar indi regiondakı maraqlarını təmin etmək üçün bir-birləri ilə bazarlıq edir.

Bildiyiniz kimi, Türkiyə də Kürdüstanla bağlı məsələdən ciddi narahatlıq keçirir. Bu baxımdan İran və Türkiyənin mərkəzi İraq hökuməti ilə birlikdə İraqın ərazi bütövlüyünü təmin etmək, Kərkükü azad etmək üçün birgə hərbi əməliyyatlar aparmaq ehtimalı var. Əgər belə bir əməliyyat reallaşsa, o zaman ABŞ və İsrail həmin əməliyyatların uğursuz alınması üçün səy göstərə bilər. Necə ki, Qarabağ uğrunda bizim apardığımız mübarizədə bizi uduzdurdular və Dağlıq Qarabağla yanaşı, əlavə olaraq 7 rayonumuz da erməni işğalı altına düşdü.

Azərbaycan bu günə qədər oğuz türkləri olaraq bu boyda qüvvələrin qarşısında tək qalmışdı. Türkiyəyə gücləri çatmadıqlaır üçün öz oyunlarını bizim üzərimizdə reallaşdırırdılar. Bizim torpaqlarımız əldən gedirdi. Dərbəndi, Borçalını tutdular. Cənubi Azərbaycanı başqa cür itirdik. Indi də Qarabağı itirmişik. Bizi tədricən silirlər. Neftimizdən, qazımızdan yararlanırlar, lakin bizim milli problemimiz hələ də həll olunmayıb.

 

-Sizcə bunca müddət ərzində Qarabağ problemi ilə bağlı elə bir tarixi an olub ki, Azərbaycan bu tarixi anı laızmınca dəyərləndirsəydi, indiki mənzərə ölkəmizin maraqları baxımından daha ürəkaçan ola bilərdi?

 

-Düşünürəm ki, belə bir məqam olub. 1993-cü ildə Amerikanın ölkəmizdə “AMOKO” adlı şirkəti var idi. İstəyirdilər ki, neft müqaviləsini onlarla imzalayaq. O zaman Elçibəy hökuməti onlarla müqavilə bağlamaq istəmədi. Həmin vaxt ABŞ-ın ölkəmizdəki elçisi Riçard Mays bir daha neft kontraktını “AMOKO” ilə bağlamağı təklif etdi. Lakin o zamankı hökumət bu təklifi qəbul etmədi. Bundan bir müddət sonra ABŞ ölkəmizin əleyhinə qətnamə çıxartdı. 907-ci düzəlişi azadlığı müdafiə aktı adı altında qəbul etdilər. Bununla da ABŞ-ın ölkəmizə birbaşa yardımlarının qarşısı alındı. Bu azmış kimi, konqresin xarici əlaqələr komitəsinin vasitəsi ilə yaradılan fondların əli ilə birbaşa separatçı Dağlıq Qarabağ rejiminə yardımlar edildi. Onlara hər il 15 milyon dollar həcmində vəsait ayrılır.

ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər də mahiyyət etibari ilə separatçıları dəstəkləyir, onlara yardımlar edirlər. Ermənilərin silah-sursatla təminatını Rusiya həyata keçirir. Digər həmsdər ölkə olan Fransada ermənilərin ən böyük lobbi təşkilatları fəaliyyət göstərir. 1993-cü ilin ab-havasını indi də təkrarlamaq istəyirlər.

 

-Ermənilərin bu günlərdə Cəbrayılda kilsə inşa etməsinə Azərbaycan rəsmi şəkildə öz etirazını bildirdi və XİN bununla bağlı müvafiq bəyanatında qeyd etdi ki, ermənilər bununla münaqişəyə dini don geyindirməyə çalışır. Bilmək istərdik ki, sizcə işğaldakı ərazilərdə kilsə inşa edən ermənilər Qərbdən xrsitian təəssübkeşliyi baxımından dini müstəvidə də dəstək ala bilərmi?

 

-Məsələ bundadır ki, Qərb ermənilərə belə bir dəstəyi onsuz da göstərir. Ermənistan hakimiyyəti bununla sadəcə daxili auditoriyaya göstərmək istəyir ki, narahatlıq üçün əsas yoxdur, müharibə təhlükəsi mövcud deyil. Bundan öncə də ermənilər bu kimi təxribatçı addımlara imza atmışdı. Kəlbəcərə yol çəkilməsi, işğaldakı bəzi ərazilərdə turizm komplekslərinin tikilməsi və s. buna nümunədir. Halbuki, Qarabağ konfiliti ilə bağlı BMT-nin 4 qətnaməsi mövcuddur və bu qətnamələr həmin əraziləri Azərbaycan torpağı kimi tanıyır, erməni ordusunun ordan çıxarılmasını tələb edir.

Hesab edirəm ki, Azərbaycan prosesləri daha da uzatmamalı, BMT-nin sözügedən qətnamələrini rəhbər tutaraq həmin ərazilərin azad medilməsi istiqamətində qəti addımlar atmalıdır. Çünki biz prosesləri uzatdıqca, problem üstünə problem gəlir. Necə ki, erməni faktoru ilə yanaşı, üstümüzə kürd faktorunun da gəlmə ehtimalı var.

 

-Ermənistanın hər zaman Rusiyaya sadiqlik göstərəcəyi, onun himayəsindən heç bir situasiyada imtina etməyəcəyi ilə bağlı da vaxtaşırı proqnozlar səslənməkdədir. Sizcə doğrudanmı Ermənistan-Rusiya əməkdaşlığı əbədidir?

 

-Xeyr. Qarabağın işğalında Rusiyanın mühüm rol oynadığı hər kəsə bəllidir. Lakin sizi əmin edirəm ki, regionda yeni güclər özünü hiss etdirdikcə, Ermənistan həmin güclərə tərəf meyillənəcək. Yəni kim daha güclüdürsə, Ermənistan onun yanında yer almağa çalışacaq. Ermənilər slavyan deyil. Onlar katolikdirlər və katolik dünyasının yanında yer alacaqlar. Bunu da unutmaq olmaz ki, erməni və sədaqət anlayışları bir-birinə tamamilə ziddir. Ermənilər tarixən kim güclüdürsə, ona tərəf əyiliblər və bu gerçək bundan sonra da dəyişməyəcək.

 

-Bədrəddin bəy, sizcə Azərbaycan Qarabağ məsələsində uğura nail olmaq üçün konkret hansı addımlar atmalıdır?

 

-Bizim müharibəmiz Ermənistan daxilində getməlidir. Problemi Minsk qrupunun vasitəsi ilə həllinə cəhd etməyimiz bizim ən böyük səhvimiz idi. Baxın, niyə Rusiya Çeçenistan problemini beynəlxalq vasitəçilərin köməyi ilə həll etməyə çalışmadı? Çünki bu yolun zərərli olduğunu gördü. Biz bugünə qədərki problemlərimizdən – hakimiyyət uğrundakı mübarizələrdən, parçalanmalardan, qarşıdurmalardan xilas olmalı, milli problemlərimizin üzərinə vahid qüvvə kimi getməyə nail olmalıyıq.

BMT qətnaməsinin 51-ci maddəsinə uyğöun olaraq işğaldakı ərazilərimizi azad etmək bizim hüququmuzdur. Biz müharibəni Ermənistan ərazisinə keçiməliyik. Nə qədər ki, müharibə Ermənistan ərazisində aparılmır, uğura nail olmaq mümkün olmayacaq. Bizi qələbəyə aparan yeganə yol budur.

 

Seymur Əliyev




Ana səhifəyə qayıt        Baxış: 1 703          Tarix: 12-10-2017, 15:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma