Xəbər lenti

 

Zaman-zaman bir-biriylə yola getməyən ər-arvadın məhkəmə qapılarında süründürüldüyünün şahidi oluruq. Bəzən ailələrin dağılmaması üçün tərəflərə bir neçə aylıq möhlət verən məhkəmə prosesi yollarını ayırmaq istəyənlər üçün əsl işgəncəyə çevrilir.

Türkiyənin Diyanət Vəqfi isə boşanmanın çox qısa yolunu təklif edir. Əlbəttə ki, yalnız kişilərə.

Vəqfin Ali Qurulunun verdiyi fitvaya görə, bədəsil xanımından ayrılmaq istəyən kişinin məhkəməyə qədər getməsinə ehtiyac yoxdur. Xanımına sadəcə “sən mənim anam-bacımsan” desə, muradına çatmış olur.

Ovqat.com bildirir ki, bu fitvanı Türkiyənin Diyanət Vəqfinin Ali Qurulu verib. Vəqfdən “Bir kişi xanımına “sən mənim anam, bacımsan” deməsinin hökmü nədir”- deyə, soruşublar. Cavab xarakterli fitva isə belə olub:

"Xanımına "sən mənim anam-bacımsan” deyən adam bu ifadə ilə boşanmağı nəzərdə tutursa, “bain talaq” qaydasına əsasən, yoldaşını boşamış sayılır. Ancaq aralarında daha əvvəl iki dəfə boşanma halı yaşanıbsa və tərəflər yenidən evlənmək istəyərlərsə, bir araya gələ bilərlər. Əgər daha əvvəl aralarında ayrılıq baş verməyibsə, münasibətlərini iki nigah bağı ilə davam etdirə bilərlər”.

 

Fitvaya görə, əgər kişi bu sözlərlə “zihar etməyi” nəzərdə tutubsa, kəffarə ödənilməlidir. Ali Qurul “zihar” kəlməsinə də aydınlıq gətirib: "Bir kişi yoldaşını anası, bacısı, bibisi, xalası kimi evlənməsi əbədi yasaq olan bir kimsəyə və ya onların beli, qarnı, baldırı və s. kimi baxılması haram olan bədən üzvlərinə bənzədirsə, zihar etmiş olur”.

Ziharın kəfarəsi barədə Quranın Mücadilə surəsinin 3-cü və 4-cü ayəsində deyilir: “Qadınlardan zıhar ilə ayrılmaq istəyib sonra dediklərindən dönənlərin arvadlarına təmas etmədən əvvəl bir köləni azadlığa qovuşdurması lazımdır. Sizə nəsihət edilən budur. Allah etdiklərinizdən xəbərdardır. Kimin azad ediləsi qulu yoxdursa, o təqdirdə (arvadı ilə) əlaqə qurmadan əvvəl bir-birini izləyən iki ay (qəməri) oruc tutmalıdır! Kim (bu kəffarə orucu tutmağa) qadir deyilsə, altmış yoxsulu yedirtməlidir”.

Qeyd edək ki, zihar cahiliyə dövrü ərəblərinin boşama üsulu idi.  O dövrdə arvadını boşamaq istəyən kişi “sən mənə anamın çiyni (beli, budu və s.) kimisən” deyirdi və bundan sonra onunla bir daha evlənə bilmirdi. İslam dini bu qaydaya bəzi yüngülləşdirici hallar gətirdi, zihar kəfarəsi ödəməklə evliliklərin yenidən davam etdirilməsinə izn verdi.

Haqqında bəhs etdiyimiz fitvada istisnalar da var: “Kişinin arvadına sevgi və hörmət göstərmək məqsədilə "anamsan, bacımsınız" deməsi məkruh olsa belə, buna görə də hər hansı kəffarə lazım deyil. Hər hansı bir qəsd olmadan sırf ağız vərdişilə bu sözlər deyilibsə, xanımını boşamış sayılmır".




Ana səhifəyə qayıt        Baxış: 1 356          Tarix: 25-12-2017, 09:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma