Xəbər lenti

 

 Zabil Həsənov 

  Bu yazının meydana gəlməsinin səbəbi Birinci Qarabağ müharibəsinin veteranlarından biri, millətimizin qeyrət dağarcığı olan Qərvənd Camalın son çıxışları oldu. Yeri gəlmişkən onu da qeyd edim ki, mən onu Qərvənd Camal  yox, Qeyrət Camal adlandırardım.

    Deyəsən müxalifətdaxili dartışmalar, yavaş-yavaş səngiməyə doğru gedir. Yəni kiminsə kim haqqında ehtiyat üçün saxladığı “silahlar” istifadəyə yararsız hala salınıb. Keçmişdə kiməsə müammalı görünən tapmacalara aydınlıq gətirilib və ona görə də atəşkəsə doğru  meyllər hiss olunur. Çoxlu sayda suallar öz cavabını tapsa da, hələ də bir idia durur. Camal kişi son çıxışında  Elçibəyin hakimiyyəti “...xalqın xəbəri olmadan...” Heydər Əliyevə təhvil verməsi fikirini söylədi. Cəmiyyətlərdə xalq kütlələrinin aparıcı rolunu əhəmiyyətindən danışan Camal kişi Vəzirovun, Mütəllibovun, Yaqub Məmmədovun yola salınmasında və Elçibəyin hakimiyyətə gətirilməsində xalqın rolunu haqlı olaraq önə çəkir. Amma Heydər Əliyevin hakimiyyətə qaydışını  Elçibəyin üzərinə qoyur. Bu fikirlə razılaşanlar olduğu kimi, bu fikiri qəbul etməyənlər də var. Sözsüz ki, bu məsələyə yanaşmada hərənin öz arqumenti var və “kim haqlıdır” sualına cavab tapmaq o qədər də asan məsələ deyil. Bəndəniz də bu suala öz imkanları səviyyəsində cavab vermək qərarına gəlib və opponetlərinin olacağı təbiidir.

   Psixoloqların  şüuraltı şüur və ya təhtəlşüur adlandırdıqları bir anlayış var. İnsanların fəaliyyətinin əsasını təşkil edən bu şüurdan müvəqqəti kənara çıxmalar ola bilər, amma sonda yenə  dayanıqlı hal bu şüur üzərində qərarlaşır. Uzun zaman sovet sisteminin idarəçilik formasına uyğunlaşmış insanlar qısa bir zaman ərzində yeni münasibətlər sistemi ilə qarşılaşmalı oldular və bu onları çaşdırdı. Onlar tez bir zamanda oturuşmuş hala gəlməyi gözləyirdilər.Təbii ki, bu asanlıqla baş verəsi

iş deyildi. Nəticədə təhtəlşüur burada özünü büruzə verməyə və onlarda nastalogiya hissləri özünü göstərməyə başladı. Mirzə Fətəli Axundovun sözləri ilə desək (“Aldanmış kəvakib”), Elçibəy hakimiyyətə gəldikdən sonra, “daha şəhər darvazasından asılmış şaqqalanmış adam görmədilər” və hakimiyyət onların fikirləşdikləri kimi hərəkət etmədi. O zaman  rastlaşdığım  bir nümunə; pambıq yığını təzə başlamışdı, bir nəfərin “Belə də hökümət olar, pambıq yığımı başlayıb, amma hələ də yollar bağlanmayıb”, dediyini şahidi olmuşam. Beləliklə region əhalisi əvvəl Stalini “axtardılar”, sonra Mircəfər Bağırovu “diriltməyə” çalışdılar və nəhayət Heydər Əliyevdə bənd aldılar.

 Bakıda da Heydər Əliyev tərəfdarları zaman keçdikcə artırdı. Milli Məclisdə Hacı Əbdülün məşhur “Hacı leylək” misalı yaşdıların yadında qalmış olar.  Sözsüz ki, ölkədə nələr baş verdiyini hamıdan yaxşı dərk edən Heydər Əliyev bu imkandan yararlanmalı idi və yararlandı da. İndi məlum olur ki, 4 iyun hadisələrində yaradılan komissiya üzvülərindən Mirmahmud Fəttayev və Mətləb Mütəllimlidən başqa qalanlar Elçibəyin hakimiyyətdən kənarlaşdırmaq istəyənlərin tərəfində olublar. Beləliklə, Heydər Əliyevin uzun zaman hakimiyyətdə olması, sovet üsul-idarəsinin şüurlarda oturuşmuş hala gətirilməsi nəticəsidə formalaşmış təhtəlşüur tədricən öz işini görmüş oldu. Heç də təsadüfü deyil ki, Ərdoğan Sərdar Cəlaloğluna, “Bilirsinizmi bu xalq Heydər Əliyevin xalqıdır” demişdir.

    Ətrafında nələr baş verdiyini hamıdan yaxşı anlayan, yaranmış vəziyyətdə baş verə biləcək neqativ halları proqnozlaşdıran və xalqını canından da çox istəyən Elçibəy  xalqın istəyinə rəğmən hərəkət etdi.

Beləliklə,  Heydər Əliyev hakimiyyətə gəlməsində xalqın istəyi önəmli rol oynadı.

   Fikirlərim tənqid üçün açıqdır. Buyurun iradlarınızı bildirin.




Ana səhifəyə qayıt        Baxış: 3 024          Tarix: 7-11-2018, 10:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma