Xəbər lenti

 

Ötən yazımızda da qeyd etdiyimi kimi, dövlətin davamı onun iqtisadi gücünün artırılmasından, iqtisadi gücün artırılması isə şaxələnməsindən, müxtəlif sektorlar arasındakı üzvi əlaqələrin yaradılmasından asılıdır. Bu üzvi əlaqələr və çoxşaxəliliklər ölkəni xammal mənbəyindən sənaye gücünə çevirir, nəticədə dövlətin iqtisadi potensialı əlavə və qat-qat artıq gəlir qaynağı yaradır. Məsələn, 1 kiloqram pambığı hazırkı qlobal bazar qiymətləriylə 0.8-0.9 dollara satmaq mümkündürsə, həmin miqdardakı pambıqdan istehsal olunan iplik 2.5 dollara alıcı tapa bilir. Sözügedən iplikdən toxunan parça 5 dollara, tikilən köynək isə 10-15 dollara satılır. Göründüyü kimi, xammaldan hazır məhsula çevrilənə qədər bütün mərhələlərdə pambığın qiyməti dəfələrlə artır, bu da öz növbəsində həm daha çox iş yerlərinin açılmasına, həm də ölkəyə külli miqdarda xarici kapital axışına səbəb olur.

Bəs, bu iqtisadi şaxələnmə və böyümə Azərbaycanda necə baş verir?

Ötən yazılarımızda aqrar sektordan yüngül sənayeyə keçidin bəzi məqamları barədə az-çox məlumat vermişdik. Bu dəfə isə “qara qızıl”ın aqrar sahəyə gətirdiyi yeniliklərdən bəhs etmək istəyirik. Məlum olduğu kimi, Azərbaycan iqtisadiyyatı iki əsas təməl üzərində qurulub. Təbiətimizin bizə bəxş etdiyi potensialı iş gücünə çevirən bu təməllərdən biri aqrar, digəri isə neft sektorudur. Deməli, bizim hakimiyyətin qarşısında dayanan ümdə məsələlərdən biri də elə bu iki sektor arasında üzvi əlaqələr yaratmaq, iqtisadiyyatımızın daha geniş şaxələnməsini təmin etmək olmalıdır.

İnsafən, son zamanlarda ölkədə aparılan iqtisadi quruculuq işlərinin məhz buna xidmət etdiyini görə bilərik. Cənab İlham Əliyevin 21 dekabr 2011-ci il tarixində imzaladığı bir fərmanla yaradılan Sumqayıt Kimya Sənaye Parkı bunun ən bariz nümunələrindədir.

508.14 hektar ərazini əhatə edən və nəhəng infrastruktur şəbəkəyə malik olan bu Parkda iqtisadiyyatımızın müxtəlif sahələri üçün çeşitli məhsullar istehsal edən xeyli fabriklər fəaliyyət göstərir. Bizim mövzumuz aqrar təsərrüfatlar – neft sektoru əlaqələri olduğundan həmin fabriklərin hər biri üzərində dayanmaq fikrindən uzağıq. Sumqayıt Kimya Sənaye Parkında yaradılan bəzi gübrə və boyama fabrikləri aqrar sənayemizi canlandırdığından sırf həmin müəssisələr barədə bəzi informasiyalar verməklə kifayətlənmək istəyirik.

Məlumata görə, SOCAR tərəfindən Sumqayıt Kimya Sənaye Parkında inşa olunan Karbamid zavodunda ildə 650-660 min ton azot gübrəsi istehsal ediləcək. Zavod bu ilin avqust ayında ilk işə azot gübrəsinin xammalı sayılan ammonyak istehsalı ilə başlamışdır. Cari ilin oktyabr ayında isə zavodun yekun məhsulu - azot gübrəsi (karbamid) istehsal olunacaq. Həmin məhsulun təxminən 150 min tonu daxili tələbatı tam təmin edəcək və nəticədə Azərbaycanda gübrənin idxalına illik sərf olunan 55 milyon dollar vəsait ölkə daxilində qalacaq. Məhsulun qalan 450-500 min tonluq həcmi isə ixrac üçün nəzərdə tutulur, bu da ölkəyə əlavə valyuta vəsaiti gətirəcək”.

Sənaye Parkında ötən ilin son günlərində cənab İlham Əliyev tərəfindən açılan “Gilan Sənaye Qrupu”na məxsus “Aqrokimya Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin də əsas qayesi kənd təsərrüfatı sektorunun inkişafına qatqıda bulunmaqdır. Həmin müəssisədə müasir texnologiyaların tətbiqinə əsaslanan ilk bitki mühafizəsi vasitələri - pestisidlər istehsal ediləcək. Bildirildiyinə görə, bu zavodun da yaradılmasında əsas məqsəd aqrar sektorun pestisidlər tələbatını yüksək səviyyədə təmin etməklə idxalın əvəzlənməsinə, eləcə də gələcəkdə ixrac imkanlarına nail olmaqdır. Ümumi ərazisi 18,3 hektar olan zavodun istehsal sahəsi 21,4 min kvadratmetrdir. Kompleks 5 istehsal, 4 qablaşdırma, 5 məhsul və xammalsaxlama bölmələrindən ibarətdir. Müəssisənin birinci mərhələsinin illik istehsal gücü 10 min tondur, ikinci mərhələdə istehsalın həcmini 20 min tona çatdırmaq nəzərdə tutulub. Burada 145 çeşiddə pestisid istehsal ediləcək və məhsulun keyfiyyəti zavodun daxilində beynəlxalq standartlara uyğun qurulmuş laboratoriyada müəyyənləşdiriləcək. Bu müəssisənin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9,5 milyon manat güzəştli kredit verilib. Zavod İtaliya və Türkiyənin aparıcı şirkətlərinin ən son texnologiyalarından istifadə olunmaqla qurulub. İstehsalda gələcəkdə yerli xammaldan daha çox istifadə edilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, “Aqrokimya Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti də ölkəmizin pestisid tələbatını tam ödəməyi qarşısına hədəf kimi qoyub. Məlumata görə, hazırda ölkənin pestisidlərə olan tələbatı 9,1 min ton təşkil edir. Bundan əlavə, 182 min hektar ərazidə yaradılmaqda olan aqroparklar, 463 hektar sahədə istixana təsərrüfatları və əlavə 36 min hektarda əkilməsi nəzərdə tutulan şəkər çuğunduru sahələri var. Onların da pestisid tələbatının 681 ton olacağı proqnozlaşdırılır. Beləliklə, ölkənin bu məhsula ümumi tələbatı 9,8 min ton təşkil edəcək. “Aqrokimya Azərbaycan” MMC-in illik istehsal gücünün isə ilk mərhələdə 20 min ton olaçağı proqnozlaşdırılır. Zavodda istehsal ediləcək 145 çeşiddə pestisidin 51 növü insektisid, 58 növü funqusid, 27 növü herbisid və 9 növü isə digər aqrokimyəvi məhsullar olacaq. “Aqrokimya Azərbaycan” MMC-nin bu potensialı ilk mərhələdə belə, ölkəmizin illik tələbatını rahatlıqla ödəməklə qalmayacağını, ondan daha artıq məhsulu ixrac etmək gücünə malik olacağını göstərir. Bu isə hər iki zavodun cənab İlham Əliyevin dəfələrlə dilə gətirdiyi idxal asılılığından xilas olmaq hədəflərini gübrə sahəsində də reallaşdıracağından və ixracatçı dövlətə çevriləcəyimizdən xəbər verir.

Azərbaycanda istehsal olunan kimya sənaye məhsullarının ixrac bazarı da genişdir. İstər Türkiyə, istər MDB, istərsə də Şərqi Avropa ölkələrinin bu cür gübrələrə ciddi tələbatları var və Azərbaycanın xarici bazar uğrunda rəqabətə girməsi məhsuldarlıqla yanaşı, mallarımızın keyfiyyətini də artıracaq. Bu baxımdan, kimya sənayemizin öz istehsal potensialının böyük hissəsini ixrac üçün nəzərdə tutması həm keyfiyyət göstəricilərinin artırılması, həm də ölkəmizə xarici kapital axışı üçün böyük imkanlar yaradacaq.

Neft sektorunun aqrar sahənin inkişafına yönləndirilməsi təkcə kənd təsərrüfatımızı inkişaf etdirməyəcək, həm də neft strategiyamızın çeşidlənməsinə səbəb olacaq. Başqa təbirlə desək, bu gün dünya bazarında neftin qiymətlərinin ucuzlaşması nəticəsində bir barrel “qara qızılı” 60 $ civarında satırıqsa, ondan istehsal olunan neft-kimya məhsullarını qat-qat artığına təklif edə biləcəyik. Eynilə pambıcılıq üzərində qurulan tekstil sənayesində olduğu kimi.

Sevindiricidir ki, Azərbaycan iqtisadiyyatının şaxələnməsi proqramında şərti olaraq gübrəçilik sektoru adlandırdığımız bu sahə yalnız “qara qızıldan” “ağ qızıl”a keçidlə də məhdudlaşmır. İqtisadi inkişaf proqramında aqrar sahənin bir qanadından digər qanadına keçiş prosesinə, konkret desək, təbii gübrələrə də mühüm yer ayrılıb. Bir çox təbii gübrələr isə quşçuluq sektorunun nəzdində istehsal olunur. Belə quşçuluq müəssisələrindən biri də də “Siyəzən Broyler”dir. Hazırda 21 min tondan artıq quş əti istehsal “Siyəzən Broyler”in gələn il istehsal gücünü 50 min tona qaldırmağı planlaşdırması ona rahatlıqla bu hədəfini reallaşdırmaq imkanı verir. Planlaşdırılan istehsal potensialı ilə Azərbaycanın illik quş əti istehlakının 35%-indən çox hissəsini öz boynuna götürən müəssisədə hazırda ciddi inşaat işləri gedir. Tikintisi davam edən yan müəssisələrdən biri də gübrə zavodudur. Bir neçə aydan sonra zavodun fəaliyyətə başlaması ilə ölkəmizin illik orqanik gübrə tələbatının böyük hissəsi gələn ildən yerli gücümüz hesabına ödənəcək. Məlumata görə, “Siyəzən Broyler”in təbii gübrə zavodunda ilk mərhələdə illik 40 min ton gübrə istehsal olunacaq. Daha sonrakı mərhələlərdə isə bazarın tələb gücü nəzərə alınaraq istehsal da artırılacaq. Beləcə, bir çox kimyəvi və mineral gübrələr də orqanik gübrələrlə əvəz olunacaq. Bu isə qida təhlükəsizliyi və torpaqlarımızın məhsuldarlığı baxımından böyük əhəmiyyət kəsb edir. Çünki mineral gübrələrdən fərqli olaraq, orqanik gübrələr nəinki insan orqanizmi üçün təhlükəli deyil, əksinə sağlamlığın inkişafı üçün lazımdır. Üstəlik, orqanik gübrələr torpağı münbitləşdirir, onu müxtəlif mikroorqanizmlərlə gücləndirir. Bu cür gübrələrdən əsasən iri fermer təsərrüfatlarında, həyətyanı və bağ sahələrində və istixanalarda istifadə olunur.

Qısası, Azərbaycan hakimiyyətinin iqtisadiyyata kompleks yanaşması nəticəsində iqtisadi böyüməmiz birtərəfli getmir, bir çox sektorlar bir-birini dəstəkləyə-dəstəkləyə inkişaf edir, modern standartlara cavab verən infrastruklar yaranır. Onların üzərində isə neft mədənlərindən-tarlaya, tarladan-fabriklərə, fabriklərdən-evimizə prinsipiylə işləyən yerli istehsal sahələri formalaşır. Bu da bölgələrimizi bir-birinə qırılmaz tellərlə bağlayan, sarsılmaz dövlət gücümüzü ərsəyə gətirir.

Mürvət Həsənli,
ADAM sədri




Ana səhifəyə qayıt        Baxış: 797          Tarix: 6-12-2018, 14:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma