Xəbər lenti

 

Prezidentin bu gün imzaladığı fərmala təsdiqlənən “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydası”nda kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi qaydaları əksini tapıb.

Musavat.com xəbər verir ki, qaydaya əsasən kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığı üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 20 faizi həcmində müəyyən edilir.

İdxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. Texnikanın dəyərinin qalan hissəsini isə müvəkkil kredit təşkilatları bu Qayda ilə müəyyən edilmiş şərtlər daxilində kreditləşdirirlər. Kreditləşmə məbləğinə bu Qaydanın 5.7-ci bəndinə uyğun tətbiq edilən faiz dövlət büdcəsi hesabına ödənilir.

Qaydaya görə, müvafiq damazlıq heyvan üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş damazlıq heyvanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 25 faizi həcmində müəyyən edilir.

İdxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir.

Damazlıq heyvanın dəyərinin qalan hissəsini isə müvəkkil kredit təşkilatları bu Qayda ilə müəyyən edilmiş şərtlər daxilində kreditləşdirirlər.

Müvafiq il üçün kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə alqı-satqısına tələb olunan vəsait Agentliyin dövriyyə vəsaitindən (bu Qaydanın 5.7-ci bəndində nəzərdə tutulan 2 faiz istisna olmaqla) və dövlət büdcəsindən bu məqsədlər üçün ayrılmış vəsait çərçivəsində limitləşdirilir və mövcud qanunvericiliyə uyğun sifarişlər əsasında maliyyələşdirilir.

Kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışının və lizinqinin maliyyələşdirilməsi həmin vasitələrin təkrar satışına və lizinqə verilməsinə şamil olunmur.

DÜNYA,
Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 756          Tarix: 20-12-2018, 19:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma