Xəbər lenti

 Zabil Həsənov

 

Qurban Məmmədov özü də etiraf edir ki, o, vəzifədə işləyə bilməz və buna xarakteri imkan vermir. Bu ifadədə həqiqət payı çoxdur və mən Qurban bəyin bu fikirini açmasını aşağıdakı kimi şərh edərdim: “Belə mentalitetə malik xalqa rəhbərlik etmək mənlik deyil”.

Belə baxanda əslində rəhbərlik üçün bütün yüksək keyfiyyətlərə malik olan Qurban bəy həm də nöqsanlara qarşı barışmaz mövqeyindən geri duran adam deyil və nə yazıqlar ki, biz belə şəxsləri çox vaxt arzuolunmazlar sırasına yazırıq. Bizim mentalitetdə vəzifəli adamın öz obrazı var və elə təkcə vəzifəli adama onun qohum-əqrabasının gözü ilə baxası olsaq, “Mozalan” satirik yurnalı üçün maraqlı bir sujet alarıq. Səni yıxıb sürüməyincə əl çəkəsi deyillər.

Əgər insan kütləsi qarşısında məsuliyyət daşıyırsansa, mütləq işini müəyyən prinsiplər üzərində qurmalı və heç vaxt bu prinsiplərdən geri durmamalısan. Fərq etməz, qarşında kim olursa olsun. Əgər bu prinsipləri kiminsə, nəyinsə xatirinə qurban verəcəksənsə, bu, artıq sənin liderliyinə ağır zərbə olacaq. Belə keyfiyyətlərin hamısı Qurban bəydə var, amma ətrafı onu bu formada qəbul etmək istəmir. Daha doğrusu, belə mövqe ətrafdakılar üçün sərf ediləsi deyil və buna görə də ona qarşı aqressivdirlər.

Təssüf ki, bu cür yanaşma bizim mentalitetdə özünə oturum alıb. Oğlunu işə gecikdiyinə görə işdən çıxarmaq, siyasi mövqeyinə görə özündən böyük qardaşının “üzünə ağ” olmaq bizim mentalitetdə xoş qarşılanmır. Amma rəhbər üçün lazımı keyfiyyətlərdir.

Deyək ki, səni Ali Attestasiya Komissiyasının üzvü seçiblər ki, elmin inkişafına kömək edəsən. Vəzifələrindən biri istedadlı gəncləri aşkar edib onun elmə gəlməsinə şərait yaratmaq və müxtəlif yollarla elmə soxulanlarla mübarizə aparmaqdır. Belə bir prinsipal mövqeyi gözləmək əvəzinə, orada oturanlar kiminsə istəklərini nəzərə almağı səndən xahiş edirlər. Təqdim edilən adamın o qədər də dərin savada malik olmadığı sənə məlumdur və sən QurbanMəmmədovsan. Deməli, bu adamın elmi ad alması qəti şəkildə rədd ediləcək və bu faktlarla əsaslandırılacaq.

Amma ordakılar səni başa salmağa çalışacak ki, o adam sənin yanında oturan filankəsin qohumudur və bu məsələdə hamının fikri eynidir. Qurban bəy isə geri çəkilməyəcəyini israr edəcək. Sizcə, nəticə necə olacaq? Bütün o üzvlər həqiqətin harda olduğunu bildikləri halda, Qurban Məmmədova qarşı çıxacaqlar. Beləliklə, nə Qurban bəy mövqeyindən geri duracaq, nə də onu əhatə edənlər. Yəni Qurban bəyin oradan getməkdən başqa çıxış yolu qalmır.

Yaxın keçmişdən bir nümunə göstərim; 1993-cü il 4 iyun hadisələrinə qədər AMİP-in rayon təşkilatının qurulması üçün yaradılan təşəbbüs qrupunun üzvlərindən biri də mən idim. Qrupa Niyazi Zeynalov rəhbərlik edirdi və mərkəz hörmətli yazıçımız İsi Məlikzadəni bizə kurator kimi göndərmişdi (Allahdan hər ikisinə rəhmət diləyirəm). 4 iyun hadisələrinə yanaşmada mərkəzin tutduğu səhv mövqeyə görə qrupdan çıxdığımı elan etdim. Niyazi müəllim çox təkid etsə də, “Necə olur ki, mən əyalətdə yaşaya-yaşaya Gəncədə qiyam baş verdiyini anlayıram, amma Etibar Məmmədov bunu dərk etmir?”, - dedim və o gündən qrupla əlaqəmi tamamilə kəsdim. İndi eyni sualı 4 iyun hadisələrini tədqiq edən komissiya üzvlərinə ünvanlayıram: doğrudan siz Gəncədə qiyamın baş verdiyini anlamamısınız? Əgər bunu anlaya bilmirdinizsə, sizin o qrupda nə işiniz vardı, əgər qiyam olduğunu bilirdinizsə, niyə dövlətçiliyi yox, qiyamçıları müdafiə etdiniz? Mən birinci versiyaya inanmıram. Siz qiyam baş verdiyini yaxşı bilirdiniz, sadəcə növbəti yerdəyişmədən gözləntiləriniz var idi. Dövlətçilik isə yaddan çıxmışdı.

İndi məlum olur ki, o zaman yalnız iki nəfər - Mətləb Mütəllimli və Mirmahmud Fəttayev həqiqətin yanında olublar. Parlamentdə son çıxışında İsa Qənbər də orada oturanlara onların ürəklərinin dərinliklərində bir həqiqətin gizləndiyini xatırlatmışdır, amma nə faydası həqiqət çoxlarına sərf etmirdi deyə onu yaxına buraxan yox idi.

Yaşlı nəsilin yadında qalmış olar, qiyamdan bir neçə müddət keçəndən sonra Gəncə hadisələrində fəallıq göstərənlərdən biri olan İmam Mustafayev teleekranlarda hay-həşir saldı ki, bəs Heydər Əliyevə gün ərzində üç dəfə zəng etsəm də, telefonu götürmədi(???). Bu ərköyünlüyü İmam Mustafayev, əlbəttə 4 iyun hadisəsində etdiyi canfəşanlıqda qazandığını zənn edirdi.

Qurban Məmmədov, Mətləb Mütəllimli, İsgəndər Həmidov, vətən məsələsində atama da güzəştə getmərəm deyən Şahvələd Çobanoğlu da bu xarakterdə olan adamlardır. Bir dəfə mediaların birində Hüseynbala Səlimov haqqında, “Onu bir tapan sevinir, bir də ondan canını qurtaran” ifadəsi işlədilmişdi. Deməli Hüseynbala Səlimov da mentalitet baxımından arzuolunan şəxs deyil. Qanunun tətbiqində isə mentalitet yox, prinsipallıq gözlənilməlidir. Qanunun qəbul edilməsində mentalitetin nəzərə alınması zəruridir, amma bu qəbul edilmiş qanunun icra edilməsinə aid olmamalıdır. İndi bildiniz niyə bu şəxslər müxalifətin “çətin adamlar” siyahısına düşüblər?

Mən əvvəllər də yazmışdım ki, bizim müxalifətə həqiqət axıra qədər yox, müəyyən səviyəyə qədər lazımdır. Ona görə də bu səviyyəni keçənlər müxalifətin qara siyahısına düşürlər. Biz isə həqiqətsevər xalqıq, kölgəli məsələləri, şübhəli məqamları yaxına buraxmırıq. Xalq üçün 5 manat oğurlayanla 5 milyard oğurlayan arasında elə də böyük fərq yoxdur, hər ikisi oğrudur. Siyasətçilər bunu nəzərə almalı, xalqla səmimi olmağa çalışmalıdırlar.

Nəhayət, onu da deyim ki, müxalifət hakimiyyətə demokratiya öyrətmək əvəzinə, özü hakimiyyətin üsullarını mənimsəməkdədir. Rəqibini sıradan çıxarmaq üçün “şəriət dövləti yaratmaq istəyirdi” yarlığı vurmaq, trollar yaratmaq bu qəbilədən olan işlərdir. Görünür, Milli Şurada müzakirə aparılan məsələlərin həlli də hakimiyyətfason olur. Yəni şurada aparıcı bir neçə adam var ki, yerdə qalanlar da onlara amin deməklə məşğuldurlar. Həqiqət ürəklərdə qalır. Qurban bəy də, özü dediyi kimi, heç kəs üçün alətə çevrilmək istəmədiyindən “xora” qoşulmaqdan imtina etmişdir.




Ana səhifəyə qayıt        Baxış: 1 010          Tarix: 19-02-2019, 15:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma