Xəbər lenti

 

Ötən bazar günü Azərbaycanın BOCCİA yığma komandası məşq zalında bəzi qonaqlarını qarşıladı. İdmançıların görüşünə muay-tay idman növü üzrə  9 qat dünya, 3 qat Avropa çempionu Araz Musayev, FHN-nin yüksək çinli əməkdaşı Saleh Tarverdiyev, şair-yazıçı Aləm Kəngərli və Araz Süleymanov təşrif buyurmuşdular.

“Hürriyyət” qəzeti xəbər verir ki, Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində baş tutan görüşdə qonaqlar əlil idmançıların məşq və yaşayış şəraitləri ilə tanış olmuş, onlarla bərabər BOCCİA oyunu oynamışlar.

 

Yığma komandanın məşqçisi və klubun sədri İlham Məhərrəmovun qonaqlara verdiyi məlumata görə, İtaliya kökənli BOCCİA 1984-cü ildə Hyu-Yorkda keçirilən paraolimpiya oyunlarına rəsmən olimpiya idman növü kimi qəbul edilmişdir: “O zamana qədər əyləncə oyunu kimi tanınan BOCCİA bundan sonra dünyanın bir çox dövlətləri tərəfindən təşviq edilən idman növünə çevrilmişdir. Sağlamlıq imkanları məhdud şəxslər tərəfindən oynanan bu oyunun qısa qaydaları belədir:

 

Bu oyun iki komanda ilə oynanmaqdadır. Oyunun başlanğıcında kiçik bir top oyun sahəsinin hər hansı bir bölgəsinə atılır. Topun düşdüyü yer digər topların göndəriləcəyi məkan olaraq müəyyənləşdirilir. Toplar komandaları fərqləndirmək üçün iki rəngdə olurlar. Komandalar öz toplarını həmin topa doğru atmalı və ona ən yaxın yerdə durdurmağa çalışmalıdırlar”.

Klubun yeni təyin olunmuş sədr müavini İlham İbrahimov da qonaqlara yığma komanda barədə məlumat verdi. Onun bildirdiyinə görə, komandanın məşqçısı İlham Məhərrəmov Qarabağ əlilidir: “O, öz vətən borcunu indi Azərbaycan bayrağını dünyanın ən məşhur idman arenalarında göylərə qaldırmaqla həyata keçirməyə çalışır. İlham Məhərrəmovun xüsusi diqqəti və əməyi sayəsində bir çox əlillərimiz bu zalda həm həyatlarını əyləncəli keçirir, həm də fiziki imkanlarını yaxşılaşdırırlar”.

 

Qeyd edək ki, Azərbaycanda bu idman növünün yaranmasının tarixi qədim deyil. Ötən ilin mart ayında Heydər Əliyev Fondunun  vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Boccia Federasiyası yaradılıb və yığma komandanın baş məşqçısı İlham Məhərrəmov həm də Federasiyanın baş katibi vəzifəsinə gətirilib.

Yeni yaradılmasına baxmayaraq, yığma komanda artıq ilk beynəlxalq uğurlara imza atmağa başlayıb. 2018-ci ilin oktyabr ayında İtaliyada keçirilən Açıq Regional turnirdə iştirak edən idmançılarımız ilk medallarını ölkəmizə gətirmişlər.  Fərdi yarışlarda Bəhruz Mirzəyev BC4 kateqoriyasında qızıl medal, komanda yarışlarında isə yığmamız bürünc medal qazanmışdır.

 

BOCCİA-çılarımızın ötən ilin son günlərində Tel-əvivdə keçirilən açıq İsrail çempionatındakı uğurları isə daha böyük olub. Millilərimiz çempionata 6 idmançı ilə qatılıblar. Yarışda idmançılarımızdan BC-1 kateqoriyasında Mətanət Quliyeva birinci, BC–2 kateqoriyasında Sona Ağayeva ikinci, Orxan Kərimov isə üçüncü yeri tutublar. BC-4 kateqoriyasında Bəhruz Mirzəyev bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Xəyal İslamov isə ikinci pillədə qərarlaşıb.

Çempionatın sonunda Azərbaycan və İsrailin BC-1, BC-2 komandaları və BC-4 cütlükləri güclərini sınayıblar. Görüşlər milli komandamız qələbəsi ilə yekunlaşıb.

 

Söhbətləşdiyimiz idmançılar əldə etdikləri bu qələbədə onlara göstərilən dövlət qayğısının mühüm rolu olduğunu gizlətmədilər. Bildirdiyinə görə, hazırda məskunlaşdıqları 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində onların həyata bağlanmaları üçün hər cür şərait yaradılıb. 2011-ci ildə əsaslı təmir və yenidənqurma işlərinə başlanılan və 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə yenidən istifadəyə verilən Mərkəzdə ayrı-ayrı bölgələrdən gələn əlillərin qalması üçün 53 otaq var. Onlara hər gün 3 dəfə öynə başına iki cür yemək verilir.

  

Mərkəzdə hər kurs müddətində 200 gəncin peşə hazırlığı təmin edilir. Ümumiyyətlə, Mərkəz il ərzində 800-dən çox şəxsi peşə hazırlığına cəlb etmək potensialına malikdir. Burada əlilliyi olan gənclərin peşə reabilitasiyasını təmin etməklə onların məşğulluğu üçün imkanlar yaradılır.

 

 

BOCCİA idman növüylə yanaşı, Mərkəzdə kompyuter, toxuculuq, xalçaçılıq, rəssamlıq və digər sahələr üzrə peşə hazırlığı, həmçinin musiqi və bədii yaradıcılıq dərnəkləri də fəaliyyət göstərir. BOCCİA-cılar arasında öz qabiliyyətlərini bu kimi mədəni sahələrdə sınayanlar da var. Onlardan biri də Azərbaycanın ilk prezidenti Əbülfəz Elçibəyin həmkəndlisi Qafqaz Hüseynovdur. Gözəl səsə malik olan Qafqaz bəy müxtəlif müsabiqələrdə və televiziya proqramlarında iştirak etmiş, öz məharətilə hər kəsin rəğbətini qazanmışdır.

 

 Hazırda 31 yaşı olan Qafqaz bəyin bildirdiyinə görə, bu Mərkəzi tanımamışdan əvvəl qəlbində gələcəyi ilə bağlı ciddi nigarançılıqlar var idi: “Atam, anam qocalıb əldən düşdükdən, Allah elməsin, hər kəsin dadacağı ölüm şərbətini içdikdən sonra mənim halımın necə olacağına düşünürdüm. Bu Mərkəzlə tanış olduqdan sonra isə bu nigarançılığım xeyli azaldı. İndi öz bacarığımı müxtəlif sahələrdə göstərməyə çalışıram”.

Qafqaz bəyin məharətlərini izlədikcə, həqiqətən də istedadın heç bir əngəl tanımadığının şahidi olursan. Klubun sədr müavini İlham İbrahimovun bildirdiyinə görə, FHN-nin xüsusi dəstəyi ilə bütün BOCCİA-çıların və o cümlədən Qafqaz bəyin öz məharətlərini reallaşdırması üçün əllərindən gələni əsirgəməyəcəklər. 

Qafqaz bəyin ifasında "Amandır, tək qoyma məni"

Görüşün sonunda qonaqların hər biri BOCCİA yığma komandasının fəxri üzvlüyünə qəbul olundular. “Hürriyyət” qəzeti də həmçinin. Bu yüksək mükafat üçün BOCCİA-çılarımıza təşəkkür edirik.




Ana səhifəyə qayıt        Baxış: 744          Tarix: 26-02-2019, 13:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma