Xəbər lenti

 

Azərbaycan Baş Prokurorluğu Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun bu idarəyə çağırılması haqqında məlumat yayıb.

DİN və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, çağırış T.Yaqublunun "facebook" sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə reallığa uyğun olmayan, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmağa xidmət etməsi, ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn təxribat xarakterli cəhdlər etməsi ilə bağlı olub.

Qeyd olunanlarla bağlı T.Yaqublu Baş Prokurorluğa dəvət edilərək, dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib, deyə məlumatda qeyd edilir.

Daha sonra məlumatda bildirilir ki, DİN və Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş açıq çağırışlar, vətəndaşlarda dövlətə inamsızlıq yaradılması, qanunsuz etiraz aksiyaları keçirilməsi, hakimiyyəti ələ keçirmək, konstitusiya quruluşunu zorla dəyişdirmək çağırışları və digər qanunazidd əməllərin qarşısının qətiyyətlə alınacağı barədə xəbərdarlıq edir.

Öz növbəsində, Tofiq Yaqublu Turan-a bildirib ki, Baş Prokurorluqda ona Facebook-dakı bir çox statuslarının surətlərini göstəriblər.

"Sübut eləməyə çalışırdılar ki, guya mən hakimiyyəti zorla devirməyə , iğtişaşa, terrora çağırışlar edirəm. Amma orada belə bir şey yoxdur və heç bir konkret fakt göstərməyiblər", deyə Yaqublu bildirib.

Bununla belə, o, hakimiyyəti tənqid etdiyini və bundan sonra da edəcəyini vurğulayıb. "Hakimiyyəti sərt tənqid edirəm. Deyirəm ki, legitim hakimiyyət deyil. Korrupsiyaçıdır. Seçkiləri saxtalaşdırırlar. Ölkədə insan azadlılqarı təmin olunmur. Hakimiyyətdəkilər də qeyri-qanuni yolla

varlanıblar. Deyirəm, yenə də deyəcəyəm. Bu da onların xoşuna gəlmir", deyə Yaqublu bildirib.

O qeyd edib ki, qanun əsasında fəaliyyətini davam etdirəcək. Yaqublu DİN-i və Baş Prokurorluğu rejimin cəza dəstələri adlandırıb.

"Mən əvvəlki fəaliyyətimi davam etdirəcəyəm. Həbs edəndə də edəcəklər. Mən də vəkil tutacağam. Başqa atacağım addım yoxdur", deyə Yaqublu bildirib.

Media hüquqları sahəsində ekspert Xalid Ağaliyev DİN və Baş Prokurorluğun xəbərdarlığını Turan-a şərh edərkən qeyd edib ki, hakimiyyəti zorla dəyişdirmək çağırışı olduqda ifadə azadlığı məhdudlaşdırıla bilər. Amma hökumətə etiraz bildirmək üçün küçələrə çıxmaq çağırışları və ya hakimiyyətin tənqidi hakimiyyəti zorla dəyişdirmək çağırışı deyil. Onun sözlərinə görə, güc qurumlarının xəbərdarlığı qorxutma xarakteri daşıyır.

Media hüquqları sahəsində digər ekspert Ələsgər Məmmədli də qeyd edib ki, ifadə azadlığı yalnız milli təhlükəsizlik, ərazi bütövlüyü, ictimai asayişin təmin edilməsi məqsədilə, cinayətlərin qarşısının alınması, sağlamlığın müdafiəsi, digər şəxslərin hüquqlarının müdafiəsi və s. üçün məhdudlaşdırıla bilər. Bütün bunlar ölkə Konstitusiyasında və Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə əksini tapıb.

Bütün digər hallarda heç kim ifadə azadlığına görə təqibə məruz qoyula bilməz. Baş Prokurorluq və DİN-in bu cür xəbərdarlıqlarla çıxış etməsi yolverilməzdir. Bu, vətəndaşların qorxudulmasından başqa bir şey deyil. Hüquq-mühafizə orqanlarının məntiqinə əsaslansaq, istənilən tənqidi qanun pozuntusuna aid etmək olar, deyə ekspert qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 555          Tarix: 23-08-2019, 10:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma