Xəbər lenti

 

Heydər Oğuz

Ovqat.com

"Fransanın şəhərlərindən birinin merinin separatçıların nümayəndələri ilə görüşməsiylə əlaqədar fransalı həmkarlarımıza etiraz notası göndərmişik. Hazırda onlardan cavab gözləyirik".

Ovqat.com xəbər verir ki, bunu ötən il mart ayının 7-də Xarici İşlər  E.Məmmədyarov “Report”-a verdiyi açıqlamasında bildirmişdi.

Sizi bilmirəm, mən o vaxt bu xəbəri oxuyanda Mirzə Cəlilin məşhur “Poçt qutusu” hekayəsini xatırlamışdım. Hekayənin qəhrəmanı Novruzəli də eynilə bizim Xarici İşlər naziri Elmar Məmmədyarov kimi, məktubu poçt qutusuna atdıqdan sonra altında oturub cavabını gözləyirdi.

Novruzəlinin bu intizarı xeyli çəksə də, Məmmədyarovunku qədər uzun sürmür. Axşama yaxın rus poçtalyon gəlib poçt qutusunu açanda zavallı Novruzəli ağasının məktubunun oğurlandığını düşünür. Poçtalyonla əlbəyaxa olur və həbs edilir. 

 
Elmar Məmmədyarovun intizarının nəylə nəticələndiyini, məktubuna cavab alıb-almadığını deyə bilmərik. Amma görünən budur ki, deyəsən məktuba ya müsbət, ya da ümumiyyətlə cavab verilməyib. Çünki Xarici İşlər nazirinin bu gileyindən nə az nə çox düz 1 il 6 ay 5 gün sonra XİN Fransaya ikinci nota göndərib. Əgər ilk məktuba düz-əməlli cavab gəlsəydi və ya rəsmi Paris bu namədən gərəkli nəticələr çıxarsaydı, Elmar müəllimin idarəsi özünə zəhmət verib ikinci məktubu yazmazdı.

İkinci məktubun yazılma səbəbi də birincidən fərqli deyil. İlk məktubda Fransa şəhərlərindən birinin merinin erməni rəsmilərini qarşılamasına, ikinci məktubda isə bir neçə fransız deputatın Dağlıq Qarabağa səfərinə etiraz edilirdi.

Ötən il Xarici İşlər naziri Fransaya göndərdiyi məktubunu şərh edərkən, Azərbaycan diplomatiyasının uğurlu fəaliyyəti nəticəsində ermənilərin bu cür təşəbbüslərinin qarşısının böyük ölçüdə alındığına eyham vuraraq deyirdi: "Azərbaycan həmişə Qarabağ separatçıları ilə digər ölkələrin rəsmi nümayəndələrinin görüşlər keçirməsinə dərhal reaksiya verir və nota göndərir".

 

Guya bu uzaqgörən diplomatilk fəaliyyətin nəticəsində separatçıların həmin görüşləri ümumilikdə aşağı səviyyədə keçirilir:

"Məsələn, onlar ABŞ Konqresində görüşlər təşkil etməyə çalışdılar. Amma görüşə yalnız 5 nəfər gəldi, onlardan ikisi də etnik erməni idi. Hesab edirəm ki, bu görüş tamamilə nəticəsiz olub”.

Amma görünən budur ki, Fransaya bu diplomatik uğurun heç bir müsbət təsiri olmayıb. Əksinə, 2018-ci ildə ermənilər Fransada hansısa merlə görüşürdülərsə, XİN-nin bu məktubundan sonra fransız deputatların özü ermənilərin ayağına gəliblər.

Deyəsən, XİN-nin bu “uğurlu” Novruzəli diplomatiyası Elmar Məmmədyarova hələ çox məktub yazdırmalı olacaq.




Ana səhifəyə qayıt        Baxış: 636          Tarix: 16-09-2019, 00:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma