Xəbər lenti

 

Bakıda Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Türk Şurasının Baş katibi Bağdad Amriyev, Türkiyə Parlamentinin üzvü Ahmet Böyükgümüş, ICYF prezidenti Ayxan Taha iştirak edib.

Türk Şurasının Baş katibi Bağdad Amriyev çıxışında deyib ki, Baş Assambleya Türk Şurası Zirvə Toplantısı ərəfəsində keçirilir: "Zirvə öncəsi ilk dəfə olaraq gənclər bir araya gəlib fikir mübadiləsi aparıb və əməkdaşlıq üçün yeni yolları müzakirə ediblər. Bir sözlə Bakıda gənclərin beynəlxalq əməkdaşlığı istiqamətində yeni ənənənin təməli qoyulur. Bu tarixi hadisə həm də ölkələr arasında mövcud olan əməkdaşlığa yeni səhifə açır".

Onun sözlərinə görə, Baş Assambleyada Türk Şurası Gənclər Platformasının idarə heyəti, sədr və sədr müavinlərinin seçilməsi, o cümlədən növbəti illər üçün fəaliyyət planının və Zirvə Görüşünə təqdim etmək üçün gənclərin tövsiyələrinin hazırlanması da nəzərdə tutulur.

Gənclər və İdman naziri Azad Rəhimov isə bildirib ki, bugünkü tədbir tarixi əhəmiyyət daşıyır: "İnanıram ki, bu platforma birgə səylərimiz nəticəsində faydalı olacaq və gənclər arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək. Bizi birləşdirən bir çox dəyərlər mövcuddur. Çünki bizim ümumi mədəniyyət və tariximiz var. Dünyada baş verən hadisələr onu göstərir ki, bu gün yeni mərhələ başlayır və hadisələrin gedişatı bizdən daha tez inteqrasiya olmağı tələb edir".

Nazir qeyd edib ki, türk ölkələri arasındakı əməkdaşlıq düzgün istiqamətdə qurulub və inkişaf edir.

Daha sonra tədbir gənclər təşkilatlarının fikirləri ilə davam edib.




Ana səhifəyə qayıt        Baxış: 255          Tarix: 13-10-2019, 13:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma