Xəbər lenti

  

Yəqin ki, saytımızdan və digər mətbu orqanlardan bir il öncə  Pirallahı rayon ərazisində baş vermiş faciəvi hadisə barədə xəbər tutmusunuz. Söhbət YAP-ın Pirallahı Rayon Təşkilatının sabiq sədri Manaf  Manafovun  xidməti maşını ilə  törədilmiş ölüm hadisəsindən gedir. Qəza nəticəsində həyatını itirən Tariyel Rzaquliyevin atası Cəmşid müəllim hadisəni Manaf Manafovun  məhz özünün törətdiyi ilə bağlı şübhələrində qaldığını deyir.  Manaf Manafov isə özünün yox, sürücüsünün sükan arxasında oturduğunu bildirir.

Tərəflərin bitib-tükənməyən mübahisəsi bu yaxınlarda keçirilən məhkəmə prosesində də davam edib. Biz də Ovqat.com oxucularını iddialarla tanış etmək üçün tərəfləri danışdırmaq qərarına gəldik.

İlk qonağımız şükayətçi Cəmşid İrzaquliyevdir: 

 

-Cəmşid müəllim, bu ayın 14-də deyəsən məhkəmənin növbəti iclası keçirildi. İclas barəsində qısa məlumat verərdinizmi? 

-Bəli, 14 sentyabr 2017-ci ildə keçirilən məhkəməyə Manaf Manafovun özü də gəlmişdi.  Çox pərişan görünürdü. Əldə etdiyimiz məlumata görə, iclasdan öncəki gün gecə yatmayıb, özünə yaxın olan adamları vasitəsi ilə ( kimlərin olduğu barədə onların adlarını və telefon nömrələrini də əldə etmişik) səhərə kimi hadisənin yeganə canlı şahidi Cavid Mahmudovun atasına və özünə zəng etməklə məşğul olub. Ki, onları Bakıda qarşılasın və bütün xərclərini çəksin. Bunun müqabilində isə şahid yalan ifadə versin. Amma istəyinə nail ola bilmədi. Cavid Mahmudov yenə də istintaqa ifadəsini və öncəki məhkəmə iclaslarında söylədiyi fkirləri  təkrarladı. Yəni bir daha  dediklərini təsdiq edərək söylədi ki, "mən hadisə zamanı maşından Manafın düşdüyünü gördüm. Bu təqsirləndirilən şəxsi, yəni onun sürücüsünü orada görməmişəm”. Onun etirafına görə, Pirallahıdakı ilkin istintaq zamanı onu tanımadığı və görmədiyi sürücünün üzərinə əlini qoydurub şəklini çəkdiriblər və sonra təhdid ediblər ki, ifadəni dəyişərsən, sənin üçün yaxşı olamayacaq.

 -Yəni bütün bunların hamısını şahid məhkəmədə etiraf etdi? 

-Bəli.

 -Bəs hakimin reaksiyası nə oldu?

 -Heç nə. Prosesi iki həftə sonraya – 28.09.2017-ci il tarixdə keçiriləcək növbəti iclasa saxladılar.

 -Bu necə ola bilər? Şahid ifadə verir ki, faktiki təqsirləndirən şəxs heç bir suçun yiyəsi deyil, amma məhkəmə onu içəridə saxlayır...

  - Məhkəmə yəqin ki, gedişatı gözləyir. Qaldı ki, bütün bu ifadələrdən sonra sürücünün yenə içəridə qalmasının səbəbi, sanıram, onun haqq-nahaq günahı öz boynuna götürməsi və nəyinsə xatirinə  dirənməsi ilə bağlıdır. Halbuki, adam hadisənin təfərrüatından belə, xəbərsizdir. İbtidai istintaqa verdiyi ifadəsində hadisənin törədilmə şəkliyilə uyğun gəlməyən sözlər deyib. Məhz elə bu uyğunsuzluqlar da hadisəni onun törətmədiyini sübuta yetirir.

 -İfadədə hansı uyğunsuzluqlar var? 

   -Sürücünün dediyinə görə, guya, yol keçidinə çatmağa 10 metr qalmış piyadanı görüb, maşını saxlaya bilməyib və Taryeli vurub. Özü də guya 60 km/saat sürətlə gəlirmiş. Halbuki, belə olsaydı, o, maşını dərhal saxlaya bilərdi. Dediyi 10 metir məsafə  buna imkan verirdi.  Hadisə yerindəki dəlillər də vurulandan sonra piyadanın 20 metr aralıya düşdüyünü göstərir. Bu fakt  və canlı şahid Cavid Mahmudovun verdiyi ifadə sürətin 60 km/saat olmadığını göstərir.

Digər tərəfdən maşının hansı tərəfiylə vurulması barədə faktlarla da sürücünün ifadəsi düz gəlmir. Sürücü sonuncu ifadəsində bildirib ki, guya,  piyada yol ayrıcını keçib, sol tərəfdən yola 3-4 metr qədər daxil  olduqda, onu   maşının sol tərəfiylə  vurub. Halbuki, maşın piyadanı yolun sağ tərəfində, sağ yanı ilə vurub və vurulma nəticəsində də maşının sağ tili çiddi zədə alıb. Bu texniki ekspertizanın qərarı ilə də təsdiq olunub. Bütün bu uyğunsuzluqlar bir daha sürücünün hadisə anında, ümumiyyətlə, maşında  olmadığını göstərir.

  -Çox maraqlıdır. Hətta ilkin istintaq zamanı sürücünün günahsız olduğu aydınlaşdığı halda onu niyə tutublar? 

 -Xeyr, ilkin istintaq və texniki eksperiza qərarı ölüm hadisəsində  birmənalı olaraq günahkarın sürücü olduğunu  qeyd ediblər. Lakin, hadisə anında sükan arxasında olmayan sürücü Baxşiyev Bağış  da günahkarın məhz özü olduğunu bildirib və piyadanı “mən vurdum” deyir. Belə olan halda mən məsələ qaldırdım ki, madam, ilkin istintaq günahkarın Bağış olduğunu bildirir və özü də bunu inkar etmir, onda günahkar nədən içəridə olmamalıdır? Çünki,  Pirallahı rayon icra başçısı  Vasif İmanovun göstərişi əsasında Manaf Manafov onu arxayın salmışdı ki,  mən səni qoymayacam tutsunlar. Manaf  ilk 3 məhkəmədə Vasif  İmanov sayəsində  istəyinə nail oldu və hər dəfə də məhkəmə binasından aralıda dayanıb, onun nəticəsini gözləyirdi (bu barədə də əlimizda fakt var). Nəhayət, israrlı müraciətlərimizdən sonra Daxili İşlər Nazirliyinin  Baş İstintaq və Təhqiqat İdarəsinin sabiq rəisi, mərhum general Sərvər Mehrəliyevlə görüşdüm.  Onun işə ciddi müdaxiləsi nəticəsində, Pirallahı rayon Prokrorunun vəsatəti ilə  bu ilin yanvar ayında  keçirilən 4-cü məhkəmədə sürücü haqqında həbs-qətimkan tədbiri seçildi və o içəri alındı.  Məqsəd bu uşağa verdiyi səhv ifadənin onu hara götürəcəyini göstərmək idi  və elə bilirəm belə davam edərsə, göstərəcək də.

 -Heç olubmu ki, sürücü həmin məhkəmələr  zamanı suçsuzluğuna dair ağzından nəsə qaçırtsın?

-Bəli olub. Məhkəmənin dördüncü - 18 aprel iclasının yekununda sürücü, az qalmışdı günahsızlığını  etiraf etsin. İclasın sonuna qalmış, üzünü hakimə tutub dedi ki, “cənab hakim, məni burda niyə saxlayıbsınız? Cəmşid müəllimlə Manaf müəllimin düşmənçiliyi var, getsinlər, özləri problemlərini çözsünlər”. Hakim qayıtdı ki, nə dedin?! Səni burda məcburi oturtmayıblar ki. Özün cinayətin məsuliyyətini boynuna götürübsən. Aç, de ki, mən vurmamışam, çıx get, da. Dinmədi. Sonra Manafgil getdilər, nə danışdılar,  daha nə vəd etdilər, bilmirəm, hələ ki, sürücü susmağa üstünlük verir. Çölə buraxılmaq ümidi tam kəsiləndə, yəqin ki, ağlı başına gələr

-Dediyinizdən belə çıxır ki, işin ilkin istintaqı da obyektiv aparılmayıb... 

-Bəli, işin ilkin istintaqı Pirallahı RPŞ-nin baş müstəntiqi Namiq Mirzəbəyli tərəfindən tamamilə müttəhimin xeyrinə aparılıb və biz bu barədə dəfələrlə müxtəlif  dairələrə  şikayət etmişik və bu gün də şikayətlərimiz davam edir. Təsəvvür edin, hadisə ötən il senytabrın 2-də baş verib.  Sentyabr ayının  21-nə kimi işin istintaqını aparan müstəntiq bir dəfə də olsun bizə zəng edib ifadəyə çağırmayıb... Məcbur olub bizim adam  onunla əlaqə saxladı. Qayıdıb  bizim adama deyib ki, işlə bağlı mənim əlimdə dəmir sübutlarım var. Nəhayət, sentyabrın 21-də bizi idarəyə çağırdı. Vəkilimlə gedib gördük ki, müstəntiq işi  tam birtərəfli aparıb və qondarma dəlil və şahid ifadələri ilə yekunlaşdırıb....

 -Vəkiliniz kimdir? 

-Muxtar Mustafayev... Həmin görüşdə bəlli oldu ki,  artıq bunlar “torbanı tikiblər”; müstəntiq Namiq Mirzəbəylinin diktəsiylə qondarma şahidlərdən şablon ifadələr alınıb, istintaq materialları saxtalaşdırılıb, o zaman DİN-ə və aidiyyəti orqanlara müraciət etdim. Mənim şikayətlərimdən sonra iş Pirallahı RPŞ-dən alınıb DİN-nin Baş İstintaq və Təhqiqat  İdarəsinin Nəqliyyat şöbəsinə verildi. Orada da işə obyektiv baxmadılar. Belə ki, işi ilkin olaraq  Azad Əliyev adlı müstəntiq apardı. Onunla ilk dəfə görüşəndə etiraf etdi ki, “mən işlə tanış olmuşam, bu iş başdan-ayağa saxtadır: “12 gün ərzində heç vaxt bu sənədləri toplamaq mümkün deyil. Gör, bunlar necə kosmik sürətlə işləyiblər ki, bu qədər qısa müddətə “lazımi sənədlərin” hamısını hazırlayıblar. Biz Baş İdarə olaraq, adi bir ekspertiza qərarını 3 aya ala bilmirik. Bunlar isə 12 günü ekspertiza qərarını da alıblar”. Azad Əliyev söz verdi ki, bu işlə obyektiv məşğul olacaq. Təəssüf ki, o da sözünün üstündə durmadı. Sadəcə, “tikilmiş torba”nın deşiklərini tutmağa çalışdı. Mən onu çox məcbur edəndən sonra hadisənin yeganə canlı şahidi olan əsgər Cavid Mahmudovla hərbi hissədə görüşüldü, ifadəsi yenidən alındı. Əsgər yalan ifadə verməyə vadar edildiyini boynuna aldı. Müstəntiq Azad Əliyev onun təkrar ifadəsini qeydə almaq istəmirdi. Ciddi israrımdan sonra əsgərin bu ifadəsi də sənədə əlavə olundu. 

-Yəni hadisənin yeganə şahidi olan əsgərin təkrar ifadəsi də istintaq materiallarında var?

-Bəli var... Gördük ki, Azad Əliyev də istintaqı obyektiv aparmır, biz yenidən şikayət etdik, iş ondan alınıb şöbənin Qəzənfər Mansurov adlı  müstəntiqə verildi. Qəzənfər Mansurov iki həftə işlə tanış olduqdan sonra məlum olmayan səbəblərdən ondan imtina etdi. Sonda İş şöbənin Cəsarət Bayramov adlı 3-cü müstəntiqə həvalə olundu. Cəsarət Bayram isə 2 ay bizi süründürdü. Hər dəfə işlə maraqlananda isə “istintaq sirridir, deyə bilmərəm” bəhanəsilə bizi get-gələ saldı. Axırda mart ayının 17-də qabağımıza bir təhqiqat aktı qoyub imzalamağımızı istədi. Mən aktı oxuyub gördüm ki, 3-cü müstəntiq də faktiki heç bir işlə məşğul olmayıb. Təbii ki, akta qol çəkmədim. Sonra məlum oldu ki, həmin aktı artıq Respublika Prokurorluğuna göndərib. Respublika Prokurorluğu isə işi Pirallahı rayon məhkəməsinin mühakiməsinə verib.

 

-Bəs, vəkiliniz niyə o zamana qədər hadisəylə maraqlanmayıb?

 -Bu proseslərin hamısına vəkil gedirdi. Sadəcə olaraq, vəkilin də qaldırdığı heç bir məsələyə baxmırdılar.  Mən 17 adda ehtimallar, faktlar və xüsusatlar siyahısını istintaqa təqdim etmişdim və xahiş etmişdim ki, bu xususatları araşdırıb oğlumu vuranın Manaf Manafov olmadığına məni inandırın. Təəssüf ki, onlar məni inandıra bilmədilər.

-Manaf Manafov mətbuata açıqlamasında deyib ki, siz ondan Nərimanov rayonunda ev istəyibsiniz. O da tələbinizi yerinə yetirmədiyinə görə, Manafovu günahlandırırsınız... 

-Bu, tamamilə  yalandır. Mən tək oğlumu itirmişəm və qəbri üzərində ona  söz vermişəm ki, bunu bizə edən cəzasını alacaq. Mən Manafın üzünü ilk dəfə, bir ildən sonra  2017-ci ilin 14  avqustunda məhkəmədə görmüşəm. Ona qədər mən Manafovla  bir dəfə də  rastlaşmamışam.  Mən niyə Manaf Manafovla hansısa sövdələşməyə getməliyəm? Bu, mənim tərəfimdən şərəfsizlik olardı. Nə yazıq ki, bu kimi hallar Azərbaycanda dəbə minib. Kimsə kiminsə həyatına son qoyur. Zərərçəkən nəyinsə müqabilində onu əfv edir. Cinayət törədən cəzasız qalır.  Hələ bu barədə qanundakı boşluqları demirəm.

Digər tərəfdən, onsuz da mən birinci inistansiya məhkəməsinin son qərarından sonra  Manafa qarşı  mülki iddia qaldıracağam, mənə və oğlumun ailəsinə dəyən zərərin kompensasiyasını tələb edəcəyəm. Nəyə görə mən oğlumun ölümünə yol açan bir adamla sövdələşməliyəm?

-Cəmşid müəllim, Manaf Manafovla əvvəldən hər hansı düşmənçiliyiniz var idimi?

-Yox. Mən bu adamı mən  məlum hadisə zamanı tanımışam.  Hadisə gedişatında məlum oldu ki, bu adamda  əxlaq,  mənaviyyat  və    insanlıq  yox dərəcəsindədir. Nə yazıq ki, onun  ağsaqqalı və himayədarı Vasif İmanov da  insanlıq hislərindən çox uzaq olan birisi imiş. Ona görə də deyərlər ya,” Ağası gülüm olanın, başına külüm olar”. Adam böyük bir faciəyə yol açan hadisə törədib. Heç bir sayqı göstərib də  məhrumun ailəsinə gedilməzmi, bir təsəlli verilməzmi? Hələ, günahını boynuna alıb üzr istəməkdənsə, gedib orda-burda ağzına gələni danışır. Öz əlaqələrinə arxalanıb günahsız bir adamı  türmədə yatızdırır.  

-Sizcə, Manaf Manafov kimə bu qədər arxayındır? 

-Pirallahının icra başçısı Vasif İmanova.  Hadisənin üçüncü günü Vasif İmanovun qəbuliunda olduq. Vasif İmanov bizimlə görüşdə ilk olaraq başladı ki, eşitmişəm, hadisədir olub,  gəlin, razılaşaq və bu hadisəni yuxarılara çatmasına şərait yaratmayaq.  Sonra hadisənin iştirakçılarından “verbovka” olunmuş özünün köməkçisi Həsən Niftəliyevi içəri dəvət etdi.  Qayıtdı ki, ə Həsən, hadisə necə olub? Həsən ayaq üstə titirəyirdi. Başladı danışmağa. Danışığı “qatıq” olanda Vasif İmanov  “ə  durub yabanı….”  deyərək onu kobud şəkildə hədələyib təhqir etdi.  Hətta 14. 08. 2017-ci il tarixdə keçirilən məhkəmə iclasında ifadə üçün ilk dəfə çağırılan  Manafı mühafizə üçün Vasif İmanov  zala polis, prokrorluq, icra və hətta “JEK” işçilərindən ibarət 20 nəfərdən artıq adam göndərmişdir. Yəni dövlətin ali qurumlarından  birinə, əşkiyasayağı bir yanaşma. Hansı ki, zalda daima Ədliyyənin zabitləri olur. Bununla da o Cənab Prezidentin “cinayət törətmiş məmur və məmur övldaları ən ağır cəzalarla cəzalandırılmalıdırlar” fikrinə, dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymur və sayqısızlıq göstərir.  Hətta o bir az da irəli gedərək, bunca müraciətlərimizə və hadisəni ictimailəşdirməmizə rəğmən,  Manafın YAP Pirallahı rayon təşkilatının sədrliyindən uzaqlaşdırılmasına baxmayaraq, onu təşkilatın idarə heyətində və şura üzvülüyündə və eyni zamanda  İcra Hakiimiyyətinin “RJO” deyilən qurumunda rəhbər vəzifədə, Niftəliyev Həsəni isə özünün köməkçisi vəzifəsində saxlayır.   O, bununla da demək istəyir ki, mən heç kimi saymıram və rayonu “allahı”yam.

 

-Qəza zamanı rolun arxasında Manaf Manafovun olduğuna niyə bu qədər arxayınsınız?

-Bizdə bu barədə ciddi şübhələr var. Əvvəla, rayonun əsas yolunda 12 kamera var. Bu kameraların birindən də olsun, görüntü çıxarıb işə tikməyiblər. Məhkəmədə bunun səbəbini Manafdan soruşdum. Mənə nə cavab versə yaxşıdır? Deyir ki, rayonun  əsas yolunda kamera var niyə? Dedim, əlbəttə, sən bilməzsən. Çünki, sən bütün günü Vasif İmanovun zibillərini yığmaqla məşqulsan.  Hardadır ki, səndə vaxt Göyə baxıb  görəsən, nə var, nə yox?

İkincisi, telefonların anten dairələri var. Biz istintaq prosesi zamanı dəfələrlə bu göstəricilərin alınıb işə tikilməsini tələb etdik. Azad Əliyev isə provayderlərdən danışıqların siyahısını aldı. Telefonların hadisə zamanı hansı dairələrdə olduğunu müəyyənləşdirməkdə isə maraqlı olmadı. Biz bu məsələni araşdırmağı məhkəmədən də tələb etmişik. Qaldırdığımız vəsadətə isə növbəti məhkəmə iclasında baxılacaq.

Üçüncüsü, bir polis işçisinin bizim adamlara etirafı… Polisin dediyimə görə Pirallahıya gedirmiş. Görüb ki, Manaf özü rolda maşını ilə surətlə keçdi. Yolda ona deyiblər ki, hadisə olub, geri qayıt. Geri qayıdanda hadisə yerində Manafı bir daşın üstündə oturub başını qucaqladığı görüb. Polisin də etirafına görə, hadisədən 10-15 dəqiqə sonra sürücü hadisə yerinə gəlib.

Dördüncü dəlilim Əsgər Cavid Mahmudovun  etiraflarıdır. Əsgər məhkəmədə də eyni etirafları dilə gətirdi.

Beşincisi, beş aydan artıqdır gedən məhkəmədə, ilkin istintaqın təqsirkar hesab etdiyi Bağışın və  qondarma şahidlərin təzadlı fikirləri. Bunlardan başqa mənim hazırladığım daha 13 xüsusat var, istintaq prosesində həmin suallara aydınlıq gətirilmədi. Bu bir ilin ərzində yüzlərlə  şikayət məktublarım cənab Prezidentə, Birinci vitse-prezidentə, DİN-ə, Baş Prokurorluğa, Yeni Azərbaycan Partiyasına, hətta Pirallahının icra hakimiyyətinə qədər hər yerə göndərilib və dəfələrlə mətbuatda ictimailəşdirilib. Nəticə isə göz qabağında. Mən vətəndaş olaraq Ədalət istəyirəm. Konistitsion hüquqlarımın bərpasını istəyirəm. Mən Cənab Prezidentin xəbərdarlıqlarına sayqı istəyirəm.

-Maraqlı məlumatdır. Açığını desəm, bu işi araşdırmaq üçün Google-də sizin adınızı yazıb axtarışa verdim. Adınız ən möhtəbər rəsmi saytlardan çıxdı. Hansısa hadisə ilə bağlı cənab Prezidenti təbrik etmişdiniz. Belə görünür ki, bu ölkədə ancaq tərif məktubları oxunur...

 -Təəssüf ki, haqlısınız. Mənim bu qədər müraciətimdən sonra yalnız iki addım atılıb. Biri odur ki, əsl günahkar azadlıqda qalıb onun yerinə sürücüsünü tutublar. Digəri isə Manaf Manafovu YAP-ın Pirallahı rayon təşkilatının sədrliyindən çıxarmaq olub.  Lakin son aldığım məktublarıma cavabdan, məlum oldu ki, nəhayyətdə sonuncu məktublarım Cənab Prezidentin və Birinci vitse-prezidentin məktublar şöbəsində nəzarətə alınıb və surətləri Pirallahı rayon məhkəməsinə göndərilib.

- Sonuncu sualım.  Məhkəmənin gedişatından nə gözləyirsiniz…

-Təbii ki,  ən əsası, Ədalətin bərpasını. Ümid etmək istərdim ki, Pirallahı rayon məhkəməsinin hakim Əkrəm Qəhrəmanovun verdiyi qərardan növbəti məhkəmə inistansiyalarına müraciət edilməyəcək. Yenə də deyirəm, məni sükan arxasındakı adamın əsl kimliyi  və onun cəzalandırılması maraqlandırır. Buna məni inandıracaq sübut və dəlil istərəm. Başqa heç nə... 




Ana səhifəyə qayıt                 Tarix: 23-10-2017, 21:40       Baxış: 833


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə