Xəbər lenti

 

(əvvəli: http://ovqat.com/manset/9913-heydr-liyevin-hrbi-slahiyytli-numayndsinin-xatirlri-xusus-dovlt-hmyytl-tapiriq.html 

http://ovqat.com/manset/9985-heydr-liyevin-hrbi-slahiyytli-numayndsi-naxcvann-mudafisind-gnc-mustsna-rol-oynad.html 

http://ovqat.com/manset/10065-ayaz-mutllibov-naxcvan-azrbaycann-kor-barsadr-deyirdi.html

http://ovqat.com/manset/10583-heydr-liyevin-hrbi-slahiyytli-numayndsi-vasif-talbov-narahat-idi.html)

Urfullah Qurbanov

Saat 13:00-da təyyarə  Gəncəyə eniş etdi. Ümumi vəziyyəti öyrənmək üçün aeroportun komandiri Firudin Qasımovun kabinetinə getdim. Firudin müəllim təyyarənin rus desantları tərəfindən həbs olunduğunu  söylədi. Heç kim təyyarəyə yaxın buraxılmırdı. Əfqanıstanda xidmət keçmiş mayor İqor Peçorskiyin batalyonu təyyarəni qoruyurdu. Aeroportun, şəhər rəhbərliyinin ünsiyyət yaratmaq cəhdləri bir nəticə verməmişdi. Firudin müəllimlə birlikdə təyyarənin yanına getməyi təklif etdim. Üzərimdə olan vəsiqəmi saxlamaq üçün ona verdim. Aeroportun şöbə rəisi İsmayıl Əhmədov məni vuracaqlarından ehtiyat edərək getməməyimi dedi. 100 metr yaxınlaşdıqda Firudin müəllimə dayanmasını bildirib tək yaxınlaşdım.

Təyyarənin üç tərəfinə qum kisələri düzmüşdülər, on nəfər avtomatlı  əsgər təyyarəni qoruyurdu. 30 m yaxınlaşmışdım ki, atəş səsi eşitdim, bir az irəli getmişdim ki, ikinci atəş səsi gəldi. Onlar məni qorxutmaq, qaçırtmaq istəyirdilər. Vurmaq istəsəydilər, elə birinci dəfəyə vurardılar düşüncələriylə əllərimi qaldırıb rusca “mən silahsızam” dedim. Qarşıma yekəpər bir mayor çıxdı. Bu həmin İqor Peçorskiy idi. Əlamətləri deyilənlər kimi  bir desant zabitiydi. Ona “Məndən qorxursan?”- deyə müraciət etdim. “Axı Əfqanıstana gedən qorxaq olmur. Nəyə görə söhbətdən qaçırsan?” sözlərim təsir etmişdi. Qoluma girib, əsgərləri eşitməsin deyə təyyarədən on metr aralandıq. Kim olduğumu, haradan gəldiyimi soruşdu. Naxçıvan şəhəri deyəndə bir anlığa duruxdu. Məndən bir nəfəri tanıyıb-tanımadığımı soruşdu. Azər Məmmədovun adını çəkəndə “dayan” dedim. Azərin qısa tərcümeyi-halını danışdım. Bundan sonra söhbətimiz dostcasına keçdi. Mənə “iki saatdan sonra təyyarəni apara bilərsən” dedi...

Telman Sadıxov NİVA markalı abtomobilinin açarını mənə vermişdi. Təyyarənin ekipajı mehmanxanada idi. Onlara “saat yarımdan sonra Naxçıvana uçuruq” deyəndə əvvəl inanmadılar, sonra bir-birinin üzünə baxıb yır-yığış etməyə başladılar. Onları Naxçıvana şəxsən özüm yola saldım. Rimma Nikolayevna H.Əliyevə  rusların onları da həbs etmək istədiklərini bildirmişdi. Naxçıvana qayıdışlarını isə möcüzə adlandırmışdı. Mənim isə Gəncədə görəcək  işlərim hələ çox idi. Müəyyən ekstremist qrupların hərbi hissələrdən silah, sursat əldə etmək cəhdlərinin qarşısını almaq üçün vacib görüşlər keçirməli idim...

 

On il sonra mənə bir zəng gəldi. Telefonu açdım. Azər Məmmədov idi. Bakıdan gəlmişdi, mənimlə görüşmək istəyirdi. Naxçıvan Sərhəd Dəstəsinin keçmiş rəisi istefada olan polkovnik Nizaməddin Məmmədovla birlikdə idilər. Şam yeməyindən sonra çay süfrəsində üzümü  Azərə tutub olmuş bir hadisəni onlara danışmaq istədiyimi bildirdim. Hər ikisi məni diqqətlə dinlədilər. İqor Peçorskiy Azərə görə təyyarəni azad etmişdi. Qaranlıq bir məsələ var idi. Təyyarəni rəhbərliyinin əmrlərini heçə sayaraq buraxmaq sadə məsələ deyildi. Azərlə İqor Əfqanıstanda birlikdə xidmət etmişdilər. İqorun Azərə hansı borcu var idi? Sualıma cavab ala bilmədim, xatirələri Azəri çox-çox uzaqlara aparmışdı...

Artıq prezident seçkiləri geridə qalmışdı. Xalqımızda böyük bir ümid yaranmışdı ki, nəhayət əcdadlarımızın arzuladığı, lakin görə bilmədikləri, Rusiyadan asılı olmayan müstəqil milli dövlət qurulacaq. Çünki seçilən şəxs də milli  lider idi. Əbülfəz Elçibəy eyni zamanda milli azadlıq hərəkatının rəhbəri olmuşdu. H.Əliyevlə görüş zamanı məndən Elçibəylə münasibətimin olub-olmadığını soruşdu. Onunla heç bir zaman görüşmədiyimi dedim, lakin milli azadlıq hərəkatında  bərabər olduğum dostlarımın onunla isti münasibətləri olduğunu bildirdim. Ona dedim ki, indi hər yerdə xalq H.Əliyevlə Ə.Elçibəyin birləşib Dağlıq Qarabağ problemini həll edəcəyinə böyük ümid bağlayıb. H.Əliyev mənə bir vərəq uzatdı. Səhifənin yarısına qədər onun Ə.Elçibəyə ünvanladığı təbrik teleqramı idi. Oxumağımı istədi. Çox səmimi bir təbrik idi. Sonra digər bir vərəqi uzatdı. Səhifə axıra qədər yazılı idi. Bu Ə.Elçibəydən cavab məktubu idi. Ə.Elçibəy H.Əliyev haqqında çox səmimi sözlər yazmışdı. Çox təəssüflər olsun ki, bu təbrik və cavab məktubu mərkəzi qəzetlərdə dərc olunmadı. H.Əliyev öz böyüklüyünü etmişdi. Milli birlik üçün ilk addım onun tərəfindən atılmışdı. Lakin xalqımız bilmirdi ki, yüksək vəzifələrdə əyləşən kiçik adamların böyük iddiaları olacaqdı. Bu birliyi onlar pozacaqlar...

H.Əliyev mənə Azərbaycanın müdafiə naziri Rəhim Qazıyevlə görüşüb ona vəziyyəti çatdırıb rəsmi bir məktubu təqdim etməyi tapşırdı. Məktubu H.Əliyevin müavini Asif Kələntərli yazmışdı (Allah ona rəhmət eləsin). Məktubda Naxçıvandakı ağır vəziyyətlə bağlı Müdafiə Nazirindən hərbi yardım göstərilməsi xahiş olunurdu. Məktubu götürüb Gəncəyə getdim.

Mürşid Məmmədov yenicə Gəncə şəhərinə icra başçısı təyin olunmuşdu. Müsavat partiyasının üzvü idi. Ziyalı və vətənpərvər idi. Məni səmimi qəbul etdi, öncədən biz tanış idik. Ondan Müdafiə naziri Rəhim Qazıyevin Gəncəyə gələcəyi vaxtı mənə bildirməsini xahiş etdim. Mürşid müəllim mənə “Əgər H.Əliyev Siyasi Bürodan uzaqlaşdırılmasaydı, xalqımız Dağlıq Qarabağ problemilə üzləşməzdi” - dedi. Məndən salamlarını H.Əliyevə çatdırmağımı xahiş etdi (Allah ona rəhmət eləsin)...

   

Aeroportda təyyarəmizi yükləyirdik ki, Naxçıvandan gələn sərnişin təyyarəsi eniş etdi. Sərnişinlərin arasında Bəylər Eyyubovu (hazırda Azərbaycan prezidentinin şəxsi mühafizə xidmətinin rəisi, general polkovnik) gördüm. Ona yaxınlaşıb görüşdüm. Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən göndərildiyini dedi. Nazirliyin beş-on min ədəd avtomat patronlarına ehtiyac olduğunu bildirdi. Üç gün əvvəl Daxili İşlər Nazirliyində Bəylər müəllim, mən və Oruc Zalov (hazırda Azərbaycan Daxili İşlər nazirinin müavini, general – leytenandır) Naxçıvandakı ağır vəziyyəti bir saatdan artıq müzakirə etmişdik. Axırıcı dəfə onunla 2001-cı ildə Yazıçı Güllü Məmmədovanın “Qarabəkir əfsanəsi” kitabının (kitab Qars müqaviləsinin 80 illiyinə həsr olunmuşdu) beş nüsxəsini H.Əliyevə çatdırmaq üçün görüşmüşdüm, kitabın yazılmasında bir az mənim də  zəhmətim olmuşdu. Onunla keçmiş ağır günləri yada saldıq...

 Bəylər müəllimə qardaşı Nəbi ilə bir çay içməyi təklif etdim. Bir saat keçməmiş yüz min ədəd patronu Bəylər müəllimlə Naxçıvana Ukraynaya məxsus təyyarə ilə yola saldım.

İki gün sonra Mürşid müəllim axşam saatlarında Rəhim Qazıyevin Gəncədə qonaq evində olacağını bildirdi. Axşam qonaq evində Rəhim Qazıyevlə görüşdüm. İlk dəfə idi ki, biz görüşürdük. Bundan xeyli əvvəl onun müavini Baba Nəzərli ilə görüşmüşdüm. H.Əliyevə Baba Nəzərli haqqında yanlış məlumat verilmişdi. Çünki o da bizim ona olan ümidlərimizi doğrultmadı, yəni Naxçıvana kömək göstərmədi. Məktubu Müdafiə Nazirinə verdim. Rəhim Qazıyev məktubu oxuyub əsəbi halda üstümə atdı. Əyilib məktubu götürəndə “Gedin, Naxçıvanı H.Əliyev qorusun”-dedi. Dönüb yanındakı əli avtomatlı cangüdəninə baxanda cəld sağ əlimi cibimə saldım. Üzünü mənə tutub “Bir də səni Gəncədə görməyim”- dedi. Dərhal otaqdan çıxdım. Sürücüm mühərriki söndürməmişdi, biz qonaq evindən uzaqlaşdıq. Azərbaycan Resbublikasının Müdafiə Naziri öz sözünü bildirmişdi. Bizə onlardan haray yox idi. O,  H.Əliyevi sevməyə bilərdi, ancaq burada söhbət Naxçıvanın taleyindən gedirdi. Ə.Elçibəyə yaxın olan dostlarıma Rəhim Qazıyevin Azərbaycana böyük problemlər yaradacağından bəhs etdim. Onun heç bir hərbi təhsili yox idi. Təcili bu adamın Müdafiə Naziri vəzifəsindən azad olunması təklifini verdim. Söhbət vətənə böyük bir xəyanətdən gedirdi. Xəyanətkar isə Müdafiə Naziri Rəhim Qazıyev idi. Təəssüflər olsun ki, mənim sözüm eşidilmədi. Zaman mənim haqlı olduğumu sübut etdi. Sonralar bunu dostlarım da etiraf etdilər...

İki gün sonra Xanlar (indiki Göygöl) rayonuna getdim. Rayon Polis İdarəsinin rəisi polkovnik İlyas Məmmədovla görüşdüm. (Allah ona rəhmət eləsin). Mənim üçün “humanitar yardım” təşkil etmişdi. Yükü aeroporta yola saldıqdan sonra vəziyyəti birlikdə müzakirə etdik. Onun kabinetindən Naxçıvana zəng etdim, H.Əliyevlə danışdım. O mənə təcili Naxçıvana gəlməyimi tapşırdı.

=  

Heydər Əliyev çox narahat görünürdü. Məni diqqətlə dinlədi. Həyatımın təhlükədə olduğunu, hər an həbs və ya vurula biləcəyimi söylədi. Ona işlər yekunlaşmaq üzrədir, Naxçıvanın başı üzərindən təhlükənin hələ sovuşmadığını bildirdim. Gəncəyə qayıdacağımı israrla söylədim. Dostlarım məni çox ciddi qoruyurdular. Üç günə doqquz təyyarə dolu “yükü” Naxçıvana gətirə bildim. Ürəyimə danmışdı ki, xoşagəlməz bir hadisə ilə üzləşəcəyəm. Səhər tezdən aeroporta gələndə o xəbəri aldım. Müdafiə Nazirliyi tərəfindən Naxçıvana uçuşlar dayandırılmışdı. Səbəb uçuşların təhlükəli olması, ermənilər tərəfindən təyyarələrin vurulması ehtimalı idi. Təcili Bakıya getdim, lazım olan razılıqları alıb  Gəncəyə qayıtdım. Çox riskli bir qərar qəbul etmişdim. “Humanitar yardımı” Bakıya, oradan da Naxçıvana aparacaqdım. 350 km məsafəni, çox sayda polis nəzarət postlarından keçmək elə də asan olmurdu. Bu işin fasiləsiz görülməsi üçün bütün lazımi tədbirləri görüb, səfərbər olmuşduq. Bakıdan Naxçıvana Tu-134 və TU- 154 sərnişin təyyarələri uçurdu. İlk öncə baqaja bizim yüklər, sonra isə sərnişinlərin yükü yüklənirdi. Təyyarələr İran İslam Respublikası üzərindən Naxçıvana uçurdu. Qonşu ölkənin nümayəndələri təyyarələrin Tehranda enməsini, yoxlanışdan sonra Naxçıvana uçuş etməsini bildirəndə H.Əliyev hava gəmisində yaşlıların, uşaqların olduğunu söyləmişdi. Onları narahat etməyin yolverilməz olduğunu demişdi. Son bir şansım var idi. Axşam Gəncədə Yak-40 təyyarəsinin pilotu Əliyev Tanrıverdi ilə görüşdüm. (Allah ona rəhmət eləsin). Ona sabah Naxçıvana uçmağı təklif etdim. Təklifimi qəbul etdi. Gəncə pilotları qəhrəman pilotlar idi. Ertəsi gün yük dolu təyyarə ilə Gəncədən Naxçıvana uçduq... 

Ukrayna əsgər və zabitlərini biz yüksək qonaqpərvərliklə evlərinə yola saldıq. Naxçıvanda rus əsgər və zabitləri qalmışdı. Müəyyən təxribatçı qruplar onların ailələrinə qarşı yolverilməz hərəkətlər etmək istəyirdilər ki, qarşısı qətiyyətlə alınırdı. Biz qonaqlarımızı gül-çiçəklə yola salmağa hazırlaşırdıq...

Gəncədə olarkən bir xəbər aldım. Naxçıvanda hərbi anbarda partlayış baş vermişdi. On tona yaxın mərmi partlamışdı. Təxribatı ermənilər törətməmişdi. Sözün bitdiyi yerdir. Kimin tərəfindən törədildiyinə oxucuda yəqin ki, şübhə qalmamışdı.

Elşənlə Gəncədə çox mühüm işlər görmüşdük. Elşən Xalq Qəhrəmanı idi. Hüquqşünas olmasına baxmayaraq, münaqişə başlayan gündən hadisələrin mərkəzində idi. Bir çox kəndlərimizin alınmasında misilsiz xidmətləri olmuşdu. Barəsində saysız məqalələr, onlarca kitab yazılmışdı. Hərbi sənaye ilə ciddi maraqlanırdı. Hətta o bizə 100 mm top mərmilərini yenidən istehsal etmək üçün mexaniki bir qurğu da vermişdi. Mərmilərin müxtəlif təyinatlı başlıqlarından, barıtından və s. hissələrindən xeyli tədarük edib Naxçıvana göndərmişdim. O cümlədən, 64 və 82 mm minaatanların mərmilərini də biz yığa bilirdik. Bunun  üçün Ağstafa rayonundan külli miqdarda hissələr gətirmişdim. Elşənə “Bir təklifim var”- dedim. Sənin döyüş dostlarından ibarət bir tabor yaradıb, Naxçıvana aparmaq istəyirəm. Komandiri  isə sən olacaqsan- deyə bildirdim. Təklifimi müsbət qarşıladı. Naxçıvana qayıdanda H.Əliyevlə görüşümdə gəncəlilərdən ibarət bir tabor yaratmaq fikrimi ona bildirdim. H.Əliyev təklifimi bəyəndi...

Gəncəyə qayıdanda Elşən otuz nəfərin siyahısını mənə verdi. Yüz nəfərdən çox könüllünün isə Gəncədə olmadıqları üçün onların da adlarının siyahıya alınması xahişini bildirdi. Siyahını Naxçıvanda Elman Abbasova təqdim etdim. Beləliklə, Gəncə taboru Naxçıvan Dövlət Milli Müdafiə Komitəsində rəsmi qeydiyatdan keçdi.

Gəncə Maşınqayırma zavodunun direktoru E.Qarayev altı ədəd “Qrad” kompleksinin hazır olduğunu bildirdi. Zavodun üç nəfər mütəxəssisini qurğuları quraşdırmaq üçün Naxçıvana gətirdim. Elman bəy bizə qurğuları “Elektrotexnika” zavodunda altı ədəd Zil-131 markalı avtomobilə quraşdırmaq üçün hər cür şərait yaratmışdı. Ayrıca burada Gəncədən gətirdiyim otuz ədəd döyüş vertolyotlarının raketatan qurğuları da quraşdırılacaqdı. Onların da kifayət qədər C5 və C7 mərmilərini Gəncədən gətirmişdim. Bir neçə gün əvvəl əlli ədəd iri çaplı pulemyot, 20 ədəd 82 mm, otuz ədəd 120 mm minaatan və onların külli miqdarda mərmilərini gətirmişdim. İndi isə Gəncə taborunu gətirməyə gedirdim. Bir gün öncə onlarla görüşüb müvafiq söhbət etmişdim. Əsgərlərdə döyüş əhval- ruhiyyəsi çox yüksək idi. Elşən isə Kamo kəndində qaçqınlara verdiyi evdə birgə yaşayan həyat yoldaşına və üç azyaşlı övladına tezliklə gələcəyəm deyib üç gün əvvəl mənimlə Gəncəyə qayıtmışdı. Ermənilər  Kamo kəndini aramsız atəşə tuturdu, evin hər tərəfində güllə izləri var idi. Yerli əhali isə kənddən çıxmamışdı.

Naxçıvanda ən şiddətli döyüşlər Sədərəkdə getmişdi. Sədərək Naxçıvanın qapısı idi. Ona görə də ermənilər bütün güclərini burada cəmləşdirmişdilər. Özləri üçün bəzi bənzətmələr - Qarabağı üzüyə, Naxçıvanı isə almaz qaşına bənzətmişdilər. Coğrafi baxımdan Sədərəyin İrəvana yaxın olması onlarda bu xəyalı yaratmışdı. Bəzi strateqlər və siyasətçilər sonralar Qarabağdansa Naxçıvanı ələ keçirmədiklərinə görə böyük səhv buraxdıqlarını etiraf edəcəkdilər.

  

Heydər Əliyev Gəncə taboruna uğurlar arzuladı. Ona çox mühüm hadisələrin şahidi olacağını söylədim. Bütün hazırlıqlar görülmüşdü. Elman bəylə görüşüb taboru Sədərəkdə mövqelərimizdə yerləşdirdik. O günə qədər ermənilər on üç dəfə Sədərəyə hücum etmişdi. Ermənilərin hücumunu gözləyirdik. Gəncə taborunun Naxçıvana gəlməsi Muxtar Respublikada böyük əhval- ruhiyyə yaratmışdı. İstər yerli əhali, istərsə də döyüşçülərimiz arasında döyüşü qazanacağımıza böyük inam var idi. Ermənilərin növbəti hücumu onlar üçün axırıncı oldu. Üç gün ərzində əsgərlərimiz qəhrəmanlıq göstərdilər. Elşən mahir topçu idi. Bizim topçularımız da - Abdulla, ikinci dünya müharibəsi veteranı Qafar dayı, Nurəddin Rəhimov (istefada olan mayor), Ağaəli Əsədov (istefada olan mayor)  və başqaları Naxçıvanın müdafiəsində adlarını hərb tariximizə qızıl hərflərlə  yazmışdılar. Gəncə taboru və bizim əsgərlər bu döyüşdə qəhrəmanlıq göstərdilər. H.Əliyev Gəncə taborunun əsgərlərini mükafatlandırdı. Telman, Nəriman, Firdovsi, Gəray, Xanlar, İlqar, Ceyhun, Şahin, Oruc  və digərləri döyüşlərdə xüsusi fərqlənmişdilər. Taborun komandiri Elşən Əliyevə mənim təqdimatımla Qaz-24 avtomobili bağışladı. Döyüşdən sonra H.Əliyev Ermənistan prezidenti Levon Ter-Petrosyanın ona zəng edib, döyüşləri dayandırmaq haqqında xahiş etdiyini bildirdi. Üzümə baxıb gülümsədi. Axı döyüşdən öncə erməni prezidentini onun ayağına gətirəcəyimizi bildirmişdim. H.Əliyev 1993-cü ildə Prezident seçildikdən sonra  onun göstərişi ilə Azərbaycan televiziyasından bir qrup məndən həmin epizodu lentə almaq üçün Naxçıvana gəlmişdilər. Gələnlər arasında telejurnalist Nurəli və rejessor Tofiq Gülməmmədov var idi. Çəkiliş Sədərəkdə səngərdə oldu. Bizimlə bərabər həmin hadisələlərin iştirakçıları və şahidləri, Sədərək rayon İcra Hakimiyyətinin Başçısı Adil Kazımov (Allah rəhmət eləsin), rayon prokuroru Arif Rzayev, rayon məhkəməsinin sədri Mahmud Cəfərov və başqaları var idi...

H.Əliyevə bizə yardım edənlərin əməyinin qiymətləndirilməsini söylədim. Ulu öndər mənim təqdimatımla otuz nəfərə aşağıdakı məzmunda təşəkkür məktubu imzaladı:

      Hörmətli ___________________

       Naxçıvan Muxtar Respublikasına tarixin bu çətin dövründə xoş münasibətlər göstərdiyinizə, Naxçıvan əhalisi ilə həmrəyliyinizə və yardımınıza görə Sizə təşəkkür edirik.

       İşlərinizdə yeni uğur, həyatınızda səadət arzulayırıq.

 

Naxçıvan Muxtar Respublikasının

Ali Məclisinin Sədri                                   H.Əliyev

           Məktubları ara sakitləşəndən sonra sahiblərinə şəxsən özüm təqdim etdim. H.Əliyev  daha çox fərqlənən on bir nəfər yoldaşa Naxçıvanın “Fəxri Vətəndaşı” adı verilməsi üçün təqdimat hazırlamağıma göstəriş verdi...

Həmin günlərdə gedən döyüşlərdə biz şəhid vermədik. Ermənilərin çox sayda canlı qüvvələrini, texnikalarını məhv etdik. Düşmənin bütün atəş nöqtələri əsgərlərimiz tərəfindən darmadağın edildi. Ermənilərin qışqırıq səsləri eşidilirdi. Qaçmağa yerləri yox idi. Minaatanlarımız onları göyə uçururdular. Hiss olunurdu ki, nə baş verdiyindən şoka düşmüşdülər. Özlərini tamamilə itirmişdilər. Bu döyüşlərdə  keçmiş Naxçıvan DTK rabitəçilərinin əməyini qeyd etməmək ədalətsizlik olardı. O vaxtdan bu günədək  Naxçıvana hücum etmək üçün ermənilər özlərində bir daha cürət tapmadılar...

 (ardı var)




Ana səhifəyə qayıt        Baxış: 3 838          Tarix: 5-10-2017, 09:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma