Xəbər lenti

 

Səudiyyə Ərəbistanı ilə Rusiya müasir texnologiyaya sahib hərbi sistemləri satın almaq və həmin silahları ölkədə istehsal etmək üçün əməkdaşlıq sazişi imzalayıb.

Ovqat.com xəbər verir ki, Səudiyyə Ərəbistanı hərbi sənaye şirkətinin rəsmi xəbər agentliyi olan SPA-ya yazılı açıqlamasında belə deyilir.

Əməkdaşlıq sazişinə görə, Rusiyadan TOS-1A, Kornet-EM batareyalarının, AK-103 hücum tüfənginin, S-400 hava müdafiə sistemlərinin satın alınacağı bildirilir.

“Rosoboronexport”la bağlanan sazişdə Rusiya tərəfinin texnologiya transferi və hərbi sənaye müəssisələrinin qurulması, bununla da Səudiyyə Ərəbistanının müdafiə sənayesi məhsullarının istehsalı və inkişafı sahəsində əhəmiyyətli bir dirçəlişin əsasını qoyacağı qeyd edilir.

Səudiyyə kralı Salman bin Əbdüləzizin son Moskva səfərində imzalanan bu müqavilənin mövcud geopolitik düzənindəki qüvvələr nisbəti baxımından böyük əhəmiyyəti var. Nədən ki, öz dini-ideoloji xəttinin əsirinə çevrilən Səudiyyə Ərəbistanı Yaxın Şərqdə mövqeyini möhkəmləndirmək üçün silahlanmaya önəm verir, son dövrlərdə dünyanın ən çox silah alan ölkəsi kimi ad çıxarıb. Onun təkcə 2015-ci ildə 50 milyard dollarlıq silah aldığı rəsmi statistikalardan bəllidir.

Əsasən ABŞ, İngiltərə və Fransadan alınan bu silahlarla rəsmi Riyad öz ordusunu dünyanın 4-cü hərbi gücünə çevirməyi bacarsa da, Yaxın Şərqdəki mövqeyini gücləndirə bilmədi. Az qala, Rusiyanın hərbi büdcəsi qədər silah alışına pul xərcləyən rəsmi Riyadın Yəmən husilərinin əlində əsir-yesir qaldığı da ortadadır.

Səudiyyə Ərəbistanının ən zəif nöqtəsi isə əlindəki silahları özünün istehsal edə bilməməsidir. İranla aralarındakı əzəli rəqabətdən istifadə edən Qərb ölkələri rəsmi Riyada böyük məmnuniyyətlə silah satırlar, amma onun öz hərbi sənayesini qurmasında maraqlı deyillər. Səudiyyə Ərəbistanının aldığı silahlardan öz mövqeyini gücləndirmək üçün istifadə etməsinə isə imkan verilmir. Beləcə, Səudiyyə Ərəbistanı Qərb ölkələrinin istifadə olunmayan silah anbarına çevrilib və çevrilməkdədir.

Son Qətər böhranında bütün ərəbləri ətrafına toplamasına baxmayaraq, körfəz “çırtdanına” qarşı uğur qazana bilməyən rəsmi Riyad, deyəsən, qonşudan gələn yeməklə qış azuqəsinə ümid bağlamağın buhidə olduğunu, nəhayət, anlayıb. Təsadüfi deyil ki, rəsmi Riyad Trampın hakimiyyətə gəlişindən qısa müddət sonra ABŞ-la da 100 milyardlarla dollarlıq müqavilələr  bağladı. Bu müqavilələrdə də ölkədə hərbi sənaye müəssisələrinin qurulması nəzərdə tutulurdu.

Lakin Trampın prezident seçilməsinə baxmayaraq, ABŞ siyasi idarəetməsində o qədər də ciddi təsirinin olmadığı anlaşıldı. Digər tərəfdən, ABŞ hökumətinin bir çox üzvlərinin son zamanlar istefaya getməsi də Tramp hakimiyyətinin uzun müddət duruş gətirə bilməyəcəyindən xəbər verir. Belə vəziyyətdə Trampla bağlanan müqavilələrin də gələcəyi şübhə altına düşür. Görünür, bütün bu perspektivləri düşünən rəsmi Riyad hərbi sənayeləşmə istiqamətində Rusiyaya yönəlməyi daha məqsədəuyğun hesab edir.

Sözsüz ki, rəsmi Riyadın Rusiyayla hərbi müttəfiqliyə can atmasının başqa səbəbləri də var. Başlıca səbəblərdən biri isə Səudiyyə rejiminin Qərb tərəfindən çox da sevilməməsidir. Qərbyönümlü beynəlxalq insan hüquqları təşkilatının Səudiyyə Ərəbistanına qarşı qaldırdığı hərbi cinayət ittihamının BMT tərəfindən qəbul olunması və rəsmi Riyadın “qara siyahı”ya salınması da krallığı narahat edir. Bu, yaxın gələcəkdə krallığa qarşı sanksiyaların tətbiq olunmasına, ölkə rəhbərlərinin beynəlxalq hərb məhkəmələrində mühakiməsinə yol aça bilər.

Rusiya isə bütün diktə rejimləri üçün ən gözəl partnyordur. O, diktatorlardan nə demokratiya tələb edir, nə də onlara “gözün üstə qaşın var” deyir. Əksinə, nəyin bahasına olursa olsun, diktatorların arxasında dayanıb dünya gücünə çevrilməyə çalışır. Moskvanın milyonlarla insanın faciəsinə səbəb olan Bəşər Əsədi bütün gücüylə dəstəkləməsi bunun ən bariz sübutlarındandır. Bütün bu keyfiyyətləriylə Moskva diktatorların, kralların Kəbəsi təsiri bağışlayır. Bu baxımdan Moskvayla əməkdaşlıq Səudiyyə Ərəbistanına həm də beynəlxalq aləmdə “alternativim var” məntiqinə söykənən manevr imkanı yaradır.

Rusiya baxımından da Səudiyyə krallığıyla əməkdaşlıq böyük avantajlar deməkdir. Qərbin iqtisadi sanksiyalarına məruz qalan, getdikcə iqtisadi cəhətdən tənəzzülə sürüklənən şimal qonşumuz bu ölkəyə geniş nəfəslik kimi baxır. Öz silahlarının satışıyla başlayan əməkdaşlıqların daha sonrakı illərdə başqa sahələrə də yayılması istisna edilmir. Rusiyanın geniş və münbit torpaq sahələri, təbii zənginlikləri ərəb kapitalını rahatlıqla özünə cəlb edə bilər. Xüsusilə neft böhranı yaşandıqdan sonra Səudiyyə krallığı ilə Rusiya arasında müxtəlif iqtisadi sahələrdə bağlanan müqavilərlər artıq bu ümidin doğrulduğuna işarədir.

Üstəlik, ABŞ-ın Rusiyanı çökdürmək üçün dünya bazarında neftin qiymətləriylə oynamaq siyasəti bu iki ölkənin birgə səyləri nəticəsində puç ola bilər. Zira ABŞ-ın bu siyasətinin rəsmi Riyadın da maraqlarına uyğun olmadığı ortadadır. Dünya bazarında neft qiymətlərinin aşağı düşməsi davam edərsə, Rusiyadan əvvəl Səudiyyə Ərəbistanının çökəcəyi belə, ehtimal olunur. Bir sözlə, ortaq talelər hər iki ölkəni eyni hədəfdə birləşdirir və bu istiqamətdə də iki ölkə artıq müəyyən addımlar atmağa başlayıblar. Rusiyanın çağırışıyla neft hasilatını azaltmaq siyasətinə qoşulan OPEK ölkələrinin bu addımı atmasında rəsmi Riyadın mühüm rol oynadığı da sirr deyil.

Yaxın Şərq ölkələrinin də Səudiyyə-Rusiya müttəfiqliyinə ciddi ehtiyacları var. Bu yaxınlaşma ilk növbədə Yaxın Şərqdə axan qanların önünü də kəsə bilər. Nədən ki, Rusiya həm də Səudiyyə Ərəbistanın əzəli rəqabətdə olduğu tərəflərin də “dostudur”. Xüsusilə, İran və Suriya ilə yaxın əlaqələr Moskvanı sülhpərvər vasitəçilik missiyasına təşviq edir. İndiki geopolitik rəqabətdə tərəflərdən yalnız birini müdafiə etmək digərini itirməyə səbəb ola, dolayısyla ABŞ-ın əlini gücləndirə bilər. Bu isə Moskva üçün Yaxın Şərqin ağası olmaq şansının itirilməsi deməkdir.

Bir sözlə, Yaxın Şərq getdikcə Rusiyanın nəzarət dairəsinə daxil olur, dünya sənayesinin qan-damar sisteminin Moskvadan asılılığını artırır və ABŞ-ı yenidən II Dünya müharibəsindən öncəki duruma-qitə dövləti olmağa sürükləyir. 

Prinsipcə, ABŞ prezidenti D.Trampın “öncə Amerika” şüarına söykənən xarici və iqtisadi siyasəti də bu prosesi sürətləndirir.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 403          Tarix: 7-10-2017, 00:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma