Xəbər lenti

 

AŞPA son sessiyasında Azərbaycanla bağlı 2 qətnamə qəbul etdi. İstər hökumət qüvvələri, istərsə də bəzi hüquq müdafiəçiləri bu qətnamələri kifayət qədər sərt qiymətləndirirlər. Doğrudandamı, belədir?

Eks-spiker Rəsul Quliyev, qətiyyən, belə düşünmür. Rəsul Quliyevin mövzuyla əlaqədar Ovqat.com-a müsahibəsini təqdim edirik:

-Rəsul müəllim, AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi qətnamələri necə qiymətləndirirsiniz? Azərbaycan hakimiyyətinin siyasi məhbuslarla bağlı inadı ölkəmizin bu qurumdan çıxarılmasına səbəb ola bilərmi? Ümumiyyətlə, Azərbaycan Avropa Şurasından çıxarılacağı təqdirdə bizi nə gözləyir?

-AŞPA-nın son qətnamələri də indiyə qədər qəbul edilmiş sənədlər kimidir. “Bu işi də başımızdan etdik”, “quş qoyduq” xarakterli qətnamələrə oxşayır. Kəskinlik, qətiyyət yoxdur, dişsiz qətnamələr təəssüratı yaradır. Azərbaycan hökümətini bu qətnamələrin tələblərini yerinə yetirməməklə heç bir sanksiya gözləmir. Ona görə də özü bildiyi kimi hərəkət edəcək.

Azərbaycanın Avropa Şurasından çıxarılma abu havası görsənmir. Yəni Avropa Şurasının Azərbaycanı öz tərkibindən çıxartmaq niyyəti yoxdur. Əgər çıxarsa, hökümət yox, daha çox camaat itirəcək. İndi az da olsa, Avropa Şurası ölkədə insan haqları pozulduqca səsini ucaldır. Çıxardandan sonra o da  olmayacaq. Nə ABŞ, nə də Avropa Şurasının qətnamələrində (proyektində) fərdi sanksiyalar nəzərdə tutulmur. Bunsuz həmin qətnamələr daha çox deklarasiya xarakteri daşıyır.  İkinci yaramaz cəhət bizim “dostumuz, qardaşımız” Ərdoğanın deputatlarının yekdilliklə Azərbaycan xalqının hüquqlarının tapdalanmasına razılıq vermələridir. Özünü demokrat, sivil ölkə adlandıran Türkiyənin içüzü, ikiüzlüyü göz qabağındadır. Turqut Ozaldan sonra bütün Türk liderləri özlərinin şəxsi və dövlət maraqlarına görə Azərbaycan diktaturasının yanında olub. İndiklər bu tendensiyanı daha ifrat şəkildə davam etdirirlər. Ruslar bizi ikinci “sort” insan hesab edirdilər. Türk ''qardaşlarımız”ın gözündə isə  heç 3-cü sort da deyilik.

-AŞPA-nın Azərbaycana bu qədər yumşaq yanaşması nədən qaynaqlanır?

-AŞPA həmişə müxalifəti güclü, xalqı kifayət qədər totalitarizmə müqavimət göstərən ölkələri dəstəkləyib və bundan sonra da belə olacaq. Müxalifətsiz, xalqının fağırlıq reytinqi maksimum olan ölkəyə qarşı heç vaxt qətiyyətli, kəskin qətnamələr qəbul edilməyəcək. Qəbul etsələr, onların ağıllarına şübhə ilə yanaşmaq lazımdır. Çünki bu cür qətnamələr hökümətin qulağının dibində milçək vızıltısından o tərəfə keçməz.

-Azərbaycan və bizim kimi digər dövlətlərin  qeyri-demokratikliyi Avropanın siyasi xarakterinə mənfi təsir göstərmirmi? O zaman bizi niyə öz tərkiblərində saxlayırlar?

-“Bizim kimi” tezisinizlə razılaşmıram. Avropada Azərbaycan tipli ancaq bir ölkə mövcuddur. Siyasi xaraktercə bizə ən yaxın ölkə olan Belarusda seçkilər saxtalaşdırmır, korrupsiya və rüşvət aşağı səviyyədədir. Rusiya Federasiyasının Dövlət Dumasına seçkilər qismən demokratik (50 faiz) keçirilir, prezident seçkiləri də Azərbaycan səviyyəsində  saxtalaşdırmır. Avropa qitədə total korrupsiyanın yayıldığı, insan haqlarının pozulduğu, seçkilərin saxtalaşdırıldığı yeganə ölkəni qismən də olsa haqq yoluna çəkmək istəyir. Ona görə də AŞ-dan qovmur.

-Avropa Şurasında qalmaq Azərbaycan hakimiyyəti üçün də əlavə baş ağrısıdır. Həftə səkkiz, mən doqquz, hansısa məsələmiz bu qurumda müzakirəyə çıxarılır. Hökumət, konkret nəticəsi olmasa belə, hər halda ciddi tənqidlə üzləşir. Bizim rəhbərlər niyə bu qurumda qalırlar? Siz Azərbaycanın bir gün qəzəblənib Avropa Şurasından çıxa bilmə ehtimalıni necə qiymətləndirirsiniz?

-Azərbaycan hökümətinin strategiyası öz qurduğu rejimi bu cür, yaxud bundan da betər davam etdirmək və sivil Avropanın tərkibində qalmaqdır. Bu məqsədə çatmaq üçün  indiyə qədər milyardlarla rüşvət verilib və Avropa oyunları, müsiqi festivalı, “Formula-1” yarışlarına xalqının boğazından kəsib milyardlar xərcləyib. Azərbaycan hakimiyyəti 1995-ci ildə qəbul edilmiş Konstitusiyadan bütün demokratik dəyərləri xalqın razılığı ilə çıxardıb. Ən axırda sakitləşməyib Konstitusiyada diktaturanı rəsmiləşdirib. Camaat bu referendumlara az da olsa gedir və hökümətin dediyinə səs verir. Kimdən soruşsan, “bizdən nə asılıdır, onsuz da istədiklərini qəbul etdirəcəklər” deyir. Müxalifət deyilən qurumlar da özlərini maksimum hakimiyyətin bostanında müqəvva kimi görürlər. Azərbaycan AŞ-ndan çıxarılmamaq üçün rüşvət verməyi davam edirəcək. Heç vaxt da Avropadan uzaqlaşmayacaq. Ölkə çinovlikləri və rəhbərliyi bütün varidatlarını Avropada yerləşdiriblər. Heç vaxt oranı tərk etməzlər. Eyni proseslər RF-da da gedir.

-Azərbaycan hökuməti AŞPA-nın, sizin təbiinizcə desək, “dişsiz qətnamələr” qəbul etməsinə sevinmək əvəzinə, bu qurumu top atəşinə tutur. Sanki bilərəkdən vəziyyəti gərginləşdirir. Bəs, bunun səbəbi nədir?

-Siz orada iştirak edən ağıldankəm deputatların çığır-bağırından danışırsınızsa, onlar ağalarına qulluq etmək üçün fürsət əldə etdiklərindən ekstaza gəliblər. Ölkənin oradan çıxarılma təhlükəsinin olmadığını (artıq təcrübələri var) yaxşı bilirlər.

Söhbətləşdi: Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 12 482          Tarix: 12-10-2017, 03:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma