Xəbər lenti

 

İraq Silahlı Qüvvələri və Həşdi Şabi hərbi birləşmələrinin asanlıqla Kərkükü alması, yəqin ki, bir çoxumuzun heyrətinə səbəb oldu. Nədən ki, referendumdan sonra Bərzani gur-gur guruldayır, dünyaya meydan oxuyurdu. İraq ordusunun kiçik bir həmləsilə bu gurultunun sabun köpüyündən başqa bir şey olmadığı ortaya çıxdı.

Sözsüz ki, bu uğurda Mosulu işğaldan azad edən bir ordunun hərbi təcrübəsi də mühüm rol oynayıb. Fəqət Şimali İraqdan gələn məlumatlar rəsmi Bağdadın qazandığı qələbədə peşmərgələrin “xəyanətinin” də əvəzsiz rolu olduğunu təsdiqləyir. Məlumata görə, istər Kərkük, istər Duzxurmati, istər Şenqal, istərsə də digər bölgələrdə İraq hücumu zamanı bir çox kürd döyüşçüsü mövqelərini döyüşmədən təslim edib.

Şimali İraq Kürd Muxtariyyətinə aid Dəyişim Hərəkatından (Goran) İraq parlamentinə seçilən millət vəkili Məsud Heydərin açıqladığı bir sənəd bu geri çəkilişin əsl səbəblərinə aydınlıq gətirir. Məsud Heydərinin bildirdiyinə görə, həmin sənəd Kürdüstan Yurdsevərlər Birliyinin (KYB) sabiq baş katibi Cəlal Təlabaninin oğlu Bafıl ilə Həşdi Şabi yetkilisi və Bədir Briqadaları komandiri Hadi Əmiri arasında bağlanıb.

 

Ovqat.com Məsud Heydərin regional mətbuatdakı açıqlamalarına istinadən xəbər verir ki, gizli sazişdə İraq Silahlı Qüvvələrin heç bir qarşıdurmaya girmədən 2014-cü ildəki mövqelərinə qayıdacağı öhdəliyi yer alıb.

9 Maddədən ibarət olan sazişdə qeyd olunur:

-İraq Silahlı Qüvvələri mübahisəli bölgələrə yenidən yerləşəcək və peşmərgə gücləri geri çəkiləcək.

- Kərkük daxil olmaqla 17 şəhər və şəhər mərkəzi Bağdad hökumətinə təhvil veriləcək.

- Kərkükdə ortaq idarəetmə orqanı qurulacaq, 15 məhəllə kürdlərin və  25 məhəllə isə ərəb və türkmənlərin idarəsi altında olacaq.

- Kərkükdəki strateji yerlərin idarəetmə mərkəzi Bağdad hökümətinə tabe olacaq; bura K1 hərbi bazası, hava limanı və neft yataqları da daxildir.

- Süleymaniyyə hava limanı uçuşa açılacaq.

-Süleymaniyyə və Kərkükdəki məmur maaşları mərkəzi hökumət tərəfindən ödəniləcək.

-Süleymaniyyə sərhədini qoruyan peşmərgələrin maaşları da mərkəzi hökumət tərəfindən veriləcək.

- Hələbcə, Süleymaniyyə və Kərkük rayonları qurulacaq.

- Yeni regional hökumət təsis ediləcək.

Qeyd edək ki, Kürdüstan Yurdsevərlər Birliyinin (KYB) bu sazişə imza atması gözlənilən idi. Referendumdan əvvəl mərhum Cəlal Təlabaninin rəhbərlik etdiyi bu partiya beynəlxalq dəstək qazanmayan müstəqillik aktına qarşı çıxır, kürdləri regional dövlətlərlə qarşıdurmaya getməməyə çağırırdı. Məsud Bərzaninin populist çıxışları qarşısında son anda referendumu dəstəkləmək məcburiyyətində qalan KYB əzəli rəqiblərinə sarsıdıcı zərbə vurmaq üçün fürsət gözləyirdi. Həmin fürsət isə Həşdi Şabi və İraq ordusunun əməliyyata başlamasıyla doğdu.

KYB-nin bu xəyanətinin iki mühüm səbəbi var. Əvvəla, bu partiya İrana bağlıdır. Hələ 1988-ci ildə Cəlal Təlabaninin başlatdığı kürd üsyanı Səddam Hüseyn tərəfindən qanlı şəkildə basdırıldıqdan sonra Təlabani kürdlər arasında nüfuzdan düşərək, İrana sığınmış, Bərzani isə Səddam Hüseynlə gizli anlaşaraq, Şimali İraqa sahib olmuşdu. KYB-nin indiki xəyanəti də Bərzaninin 30 il bundan əvvəlki namərdliyinin revanşı təsiri bağışlayır.

Digər başlıca səbəblərdən biri isə Bərzaninin son referendum macərasının da saf niyyətdən doğmaması ilə əlaqədardır. 4 ildən artıqdır ki, prezidentlik müddəti başa çatan Bərzani müxtəlif bəhanələrlə növbəti seçkiləri keçirmirdi. Elə ki rəqibi Təlabaninin səhhəti pisləşdi və onun yaxınlarda öləcəyi dəqiqləşdi, Bərzani də müstəqillik eşqinə düşdü. Referendumla bütün kürdlərin dəstəyini almaq istəyən Bərzaninin əsas məqsədi milli qəhrəmana çevrilərək “Kürdüstan”a tam sahib olmaq idi. Bu mənada referendum da ailə diktaturası yaratmağa yarayan siyasi kapitaldan başqa bir şey deyildi. Faktiki olaraq İsraildən başqa heç bir dövlət və beynəlxalq qurum tərəfindən dəstəklənməyən və bugünkü nəticəsi əvvəlcədən bilinən müstəqillik avanturasına başqa ad vermək olmur. Əlbəttə ki, referendumdan sonra Şimali İraqda öz nüfuz və mövqeyini əldən verən Təlabani əşirəti liderlərini itirmələrindən faydalanılmasına laqeyd qala bilməzdilər və bu məkrli planın baş tutmamasına çalışmalıydılar.

Bütün bu amillər Şimali İraqda ABŞ və İngiltərənin zorla qurduğu Bərzani-Təlabani ittifaqının da sonunu gətirdi. Bərzaninin avanturasının kürdlərin arasında “bırakuji” (kürdçə: qardaş qırğını) müharibələrinin başlanmasıyla davam edəcəyi istisna deyil.

Ötən il qələmə aldığım bir analiz bu ehtimalım gözlənilməz olmadığını təqdiqləyir. Bu barədə fikirlərimizi və proqnozlarımızı aşağıda bu linklərdən oxuya bilərsiniz:

http://strateq.az/manshet/111649/kurdləri-qana-bələyən-qardas-qirgini.html 

http://strateq.az/manshet/148354/yaxin-sərqdə-novbəti-vətəndas-muharibəsinə-start-verildi.html




Ana səhifəyə qayıt        Baxış: 4 993          Tarix: 17-10-2017, 11:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma