Xəbər lenti

 

“ABŞ administrasiyası Şimali İraq Kürd Muxtariyyəti lideri Məsud Bərzaninin prezident kürsüsündən çəkilməsi və növbəti dövr üçün seçkilərdə iştirak etməyəcəyi qərarından məmnundur”.

Ovqat.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert yazılı açıqlamasında bildirib.

Açıqlamada həmçinin Vaşinqtonun Şimali İraq Kürd Muxtariyyəti Baş naziri Nəçirvan Bərzani və onun müavini Qubat Təlabaninin aktiv şəkildə bir-biriylə təmasa keçmələrini səbirsizliklə gözlədiyi qeyd olunur: “Güclü bir muxtariyyət hökuməti birləşmiş və federal bir İraqın uzun müddətli sabitliyi və İŞİD-in məğlubiyyəti istiqamətində vazkeçilməz alternativdir”.

İraq Baş naziri Heydər əl-İbadinin "İŞİD-ə qarşı mübarizə aparması və kürd müxtariyyəti ilə yeni dialoq başlatması" yolunda əhəmiyyətli addımlar atdığını vurğulayan Nauert, Bağdad ilə Ərbili daha sıx əməkdaşlığa çağıraraq, bütün qarşıdurmaların sona çatmasını gözlədiklərini qeyd edib.

Vaşinqtonun bu tələb və ümidlərinə baxmayaraq, Şimali İraq kürdlərinin iki böyük əşirət təmsilçilərinin bundan sonra bir araya gəlməsi asan görünmür. Zira Təlabanilər məlum hücum zamanı ona görə Bağdad tərəfinə keçmədi ki, Bərzani əşirətinin təmsilçiləri yenə bölgənin əsl lideri, özləri isə onların “quyruğu” olsun. Eyni şəkildə Bərzanilər də referendumdan sonra onlara arxadan vurulan zərbəni çətin unudarlar. Təsadüfi deyil ki, Məsud Bərzani son vida açıqlamasında “böyük bir xəyanətə” uğradıqlarını açıq bəyan etməkdən belə çəkinməmiş, bir növ Təlabanilərə qarşı savaş bayrağı açmışdı. ABŞ isə hələ də bu iki kürd tayfasını bir arada tutmağa çalışır.




Ana səhifəyə qayıt        Baxış: 932          Tarix: 31-10-2017, 08:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma