Xəbər lenti

 

Noyabrın 1-də Tehranda prezidenti İlham Əliyevin, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib.

 

APA-nın məlumatına görə, dövlət başçıları görüşdə çıxış ediblər.

 

Görüşün sonunda Azərbaycan prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin Zirvə görüşünün Birgə Bəyannaməsini imzalayıblar. Sonra dövlət başçıları mətbuata bəyanatla çıxış ediblər.

 

İran Prezidenti Həsən Ruhani Tehranda üçtərəfli formatın ikinci Zirvə görüşünün də dostluq və mehriban qonşuluqla bağlı olduğunu dedi, ölkələrimizin potensialının xalqlarımızın firavanlığına xidmət edəcəyinə əminliyini bildirib. “Şimal-Cənub” nəqliyyat dəhlizinin əhəmiyyətindən danışan Həsən Ruhani bu yolun Azərbaycan və Rusiyadan keçməklə Avropaya qədər uzanacağını diqqətə çatdırıb. Ölkələrimizin yaxşı neft-qaz ehtiyatlarına və nadir beynəlxalq vəziyyətə malik olduğunu deyən İran dövlətinin başçısı keçirilən görüşlərdə bir çox iqtisadi sahələrlə yanaşı, ekoloji, xüsusilə Xəzər dənizinə aid məsələlərin diqqət mərkəzində olduğunu, Xəzərin hüquqi statusu ətrafında fikir mübadiləsinin aparıldığını vurğulayıb, hər üç ölkənin terrorizm, narkotik maddələrin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizədə birgə əməkdaşlığının vacibliyini qeyd edib. Həsən Ruhani onu da bildirib ki, tərəflər Vladimir Putinin təklifi ilə növbəti Sammitin Rusiyada keçirilməsi barədə razılığa gəliblər.

 

Prezident İlham Əliyev birinci üçtərəfli Zirvə görüşünün Azərbaycanın təşəbbüsü ilə keçən ilin avqustunda Bakıda keçirildiyini, bu formatın gözəl gələcəyinin olduğunu bildirib. “Üçtərəfli əməkdaşlıq formatının regional təhlükəsizlik üçün böyük əhəmiyyəti var. Bizim uğurlu əməkdaşlığımız regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır”, - deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan dünyada yeganə ölkədir ki, onun Rusiya və İranla quru sərhədi var və bu coğrafi yerləşmə bizə bütün sahələrdə uğurlu əməkdaşlıq etməyə imkan verir. Keçən il əldə edilmiş razılaşmaların artıq həyatda öz əksini tapdığını deyən prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdiyini, bu il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin 60 faizdən çox, İranla isə 30 faizdən çox artdığını diqqətə çatdırıb.

Azərbaycanın öz dəmir yolu infrastrukturunu təkmilləşdirdiyini və İran sərhədinə qədər dəmir yolu inşa etdiyini deyən dövlətimizin başçısı hazırda “Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin istismara tam hazır olduğunu vurğulayıb, Astara-Rəşt dəmir yolunun çəkilməsinin maliyyələşdirilməsi ilə bağlı razılaşma əldə edildiyini, ölkələrimizin dünya enerji təhlükəsizliyinə töhfə verdiyini bildirib. “Bizim əməkdaşlığımız təbiidir, səmimidir, dostluq və qarşılıqlı hörmət əsasında qurulub”, - deyən dövlət başçısı bu əlaqələrin həm xalqlarımız, həm də region üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

 

Rusiya Prezidenti Vladimir Putin səmimi şəraitdə keçən üçtərəfli görüşün ölkələrimizə və xalqlarımıza fayda gətirəcəyinə əminliyini ifadə edib. Sabitliyin qorunması, cinayətkarlıq və terrorizmə qarşı mübarizə sahələrində mühüm məsələlərin müzakirə olunduğunu deyən Vladimir Putin əsasən iqtisadi məsələlərin diqqət mərkəzində olduğunu bildirib.

 

“Şimal-Cənub” nəqliyyat dəhlizinin artıq test rejimində işlədiyini deyən Rusiya prezidenti bu marşrutun öz səmərəliliyini artıq nümayiş etdirdiyini vurğulayıb. Rusiya, Azərbaycan və İranın karbohidrogen ehtiyatlarının iri istehsalçısı olduqlarını deyən Vladimir Putin bu sahədə səylərin əlaqələndirilməsinin zəruriliyini qeyd edib. Rusiya dövlətinin başçısı humanitar, təhsil, səhiyyə, mədəniyyət sahələrində əməkdaşlığın, regionlararası əlaqələrin önəmindən danışıb.




Ana səhifəyə qayıt        Baxış: 973          Tarix: 2-11-2017, 09:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma