Xəbər lenti

 

Livanın Baş naziri Səad Həririnin istefasından sonra ABŞ və İsrailin də təşviqilə İranla Səudiyyə Ərəbistanı arasında gərginlik yüksəlir.

Ovqat.com xəbər verir ki, Həririnin istefa qərarını şərh edən İsrailin Baş naziri Binyamin Netanyahu bu məsələdə İranı məsuliyyətli tutub. O, İranın təkcə İsrail üçün deyil, eyni zamanda Yaxın Şərq üçün təhdid olduğu vurğulayıb və bütün dünya ictimaiyyətini hərəkətə keçməyə çağırıb.

İran isə Tel-əvivin ittihamlarını qəbul etməyib, Həririnin istefasının arxasında ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanın I vəliəhdi Məhəmməd bin Səlmanın dayandığını bildirib. Ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi “Mehr” xəbər agentliyinə verdiyi açıqlamasında deyib: “Həririnin istefası Səudiyyə Ərəbistanının açıq-aşkar Hizbullahla hesablaşmaq qərarıdır. Həriri öz xalqına hörmət edirdisə, istefasını Livanda verərdi, başqa ölkədə yox”.

Səudiyyə Ərəbistanının Körfəz ölkələriylə əlaqələr üzrə dövlət katibi Samir Sebhan isə Həririyə istefa verməsi üçün heç bir təzyiq etmədiklərini bəyanlayıb.

Qeyd edək ki, Həriri dünən istefa verərkən, Livanda özünə qarşı sui-qəsd atmosferinin yarandığı bildirmiş və bu məsələdə İranı günahlandırmışdı.

İranla Səudiyyə Ərəbistanı arasında bir başqa gərginlik ocağı Yəməndən Riyada atılan ballistik raket məsələsində ortaya çıxıb. Rəsmi Riyada görə, bu atəş təkbaşına husilərin əməli ola bilməz və mütləq arxasında İran dayanır. Tehranın birbaşa dəstəyi və əmriylə reallaşdırılan hücumn “müharibə elanı” kimi qiymətləndirən Riyad İranın layiqli cavab alacağını da sözlərinə əlavə edib.

İran XİN-nin sözçüsü Bərham Qasimi isə bu ittihamı qəbul etməyib, “məsuliyyətsiz”, dağıdıcı və provokativ adlandırıb.

Yaxın Şərqin iki əzəlin rəqibi arasında getdikcə artan gərginliklər müharibə öncəsi vəziyyəti xatırladır. Nə yazıq ki, ABŞ və İsrailin körükləməsiylə Yaxın Şərqdə hər an bir yanğın qopa bilər.




Ana səhifəyə qayıt        Baxış: 1 268          Tarix: 6-11-2017, 19:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma