Xəbər lenti

  

Ona “Putinin beyni” deyənlər də var, “Rusiyanın müasir xarici siyasətinin memarı” deyənlər də. O, son zamanlar Türkiyə-Rusiya dostluğunun banisi kimi də şöhrət qazanıb. Bəli, söhbət professor Aleksandr Dugindən gedir.

Rusiyanın son zamanlar yetişdirdiyi ən böyük filosofu olan Aleksandr Dugin Türkiyənin “Habertürk” qəzetinə olduqca maraqlı müsahibə verib. Müsahibədə son çevriliş cəhdindən tutmuş kürd probleminə, Rusiya-Türkiyə münasibətlərinə, Qərblə Avrasiya arasındakı ziddiyyətlərə qədər bir çox məslələrdən bəhs edilir.

Aktuallığını nəzərə alıb müsahibəni kişik ixtisarla Azərbaycan türkçəsinə sadələşdirərək, Ovqat.com oxucularına təqdim edirik.

 

- Türkiyə Atlantik ittifaqı ilə yolun sonunamı gəldi?

-Bəli. İraqın işğalı və ABŞ-la yaşanan böhranın ardından Ankara yeni təhlükənin Qərbdən gəldiyini anladı. Anladı ki, Qərb Türkiyəni öz sıralarında görmək istəmir. ABŞ kürdlərə dəstək verərək türk millətini təhdid edir. Ərdoğan əvvəl müsəlmanlarla və Qərblə müttəfiq idi. Nəticəsi çevriliş təşəbbüsü oldu. ABŞ bu çevrilişi islamçı ideologiyandan, FETÖ-dan istifadə edərək təşkil etməyə çalışdı. Davudoğlunun Suriya siyasəti başqa bir nümunədir. Yenə İslamçı və Qərbçi fikirlərin qarışığı idi. Situasiyalar Ərdoğanı Qərblə əlaqələri kəsməyə vadar etdi.

- Amma Rusiyanın Türkiyəni NATO-dan uzaqlaşdıraraq, öz təsir dairəsinə saldığını düşünənlər də var.

-Putin Türkiyəni öz ətrafına çəkməyə çalışmır. Əksinə, Qərb Türkiyəni özündən uzaqlaşdırdı. Ərdoğanı devirməyə çalışmaqla...

- Niyə?

-Çünki Ərdoğan təyyarə böhranına görə üzr istəyib Rusiya ilə münasibətlərini düzəltdi. Qərbin gözündə onlara xəyanət etdi.

- Yəni Putinlə yaxınlaşdığına görə Qərb Ərdoğandan üz döndərdi?

-Həm bu, həm də Ərdoğanın müstəqil siyasəti yürütməsi səbəbindən... Ərdoğan nə qədər çox azad olmaq istəyirsə, bir o qədər Qərbin hədəfinə çevrilir. Əgər Türkiyə parçalanmadan özünü qorumaq istəyirsə, bunu Qərb düşərgəsində edə bilməz. Bombaları TBMM-nə Rusiya atmadı.

- Təyyarə böhranından sonra münasibətlərin bərpa olunmasında sizin rolunuz haqqında çox şey yazılıb. Bir də bunu sizdən eşitmək istərdik.

-Perinçekə yaxın bəzi hərbçilərdən ibarət nümayəndə heyəti təyyarə böhranından az sonra Moskvaya gəldi...

- Bunlar arasında İsmail Hakkı Pekin də var idi ...

-Bəli. Nümayəndə heyəti təyyarəni vurmaq əmrini Ərdoğanın vermədiyini, hökumət içərisində Qərb tərəfdarı bir qrupun xəyanət etdiyini söylədi. Türkiyə səfiri də məndən Rusiyayla ünsiyyət kanalı açmağımı xahiş etdi. Rusiya da türk tərəfinin dediklərini araşdırdı. Daha sonra mart ayında Ərdoğana yaxın adamlarla görüşdüm. Ərdoğanın Putinə məktubundan sonra Türkiyəyə getdim. Məqsədim "diqqətli olun. Bu, mühüm addımdır və təxribatı təşkil edənləri hərəkətə keçirəcək” mesajını Ankaraya çatdırmaqdı.  Nəhayət, çevriliş təşəbbüsü meydana gəldi.

- Putində Ərdoğana etimad hissi yaradan siz idinizmi?

-Bəli, mənim də köməyim oldu, çünki biz müharibənin astanasına gəlmişdik! Amma prezidentimiz asanlıqla razı salınacaq biri deyil. Putin rasional və realist birisidir. Bəzi məsələlərdə dəlillər varsa, qiymətləndirir.

- Siz Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Türkiyədəki çevriliş cəhdi üçün 2 milyard dollar xərclədiyini iddia edirsiniz. Onda niyə, bəs, bu təşəbbüs uğursuzluğa uğradı?

-Türk ordusunu xor gördülər, qüvvəsini və mövqeyini düzgün qiymətləndirmədilər. Ergenekon və Balyoz əməliyyatlarından sonra, orduda heç kimin Ərdoğana dəstək verməyəcəyini düşündülər. Amma ordudakı Atatürkçülər Ərdoğanı dəstəklədilər. CIA həmçinin o gecə Rusiya ilə Türkiyə arasındakı əlaqə kanallarını da kəsməyə çalışdı...

- Necə? Nə etdilər?

- Putinin Türkiyəyə qarşı mövqe tutmasına çalışdılar. Ərdoğandan başqa liderin daha yaxşı olacağını, Türkiyədə vətəndaş müharibəsi çıxacağını və Rusiyanın bu müharibədən öz xeyrinə istifadə edə biləcəyini söylədilər. CIA Putinin ətrafındakı təsirli adamları bu işə cəlb etdi. Amma Putini buna inandıra bilmədi. Çünki bu, Türkiyənin sonu demək idi. Daha əvvəl də dedim ki, çevrilişdən sonra kürdlər üsyan hazırlamışdılar.

- Yenə belə bir cəhd ola bilərmi?

-Düşünmürəm. Başqa yollardan istifadə etməyə çalışacaqlar. Hələ də Türkiyənin yüksək postlarında CIA-ya bağlı adamlar var, amma onların təşkilatlanmaları asan deyil.

- FETÖ-nün öz istifadə müddətini doldurduğunu və ABŞ-ın yeni bir maşa tapacağını iddia edirsiniz. Nə ola bilər?

-Hesab edirəm ki, onlar bir çox amilləri bir araya gətirən bir strategiya izləyəcəklər. Məsələn, etnik münaqişələr, iqtisadi-sosial təhdidlər, siyasi və hərbi elitada Ərdoğan əleyhinə qarşıdurma yaratmaq kimi. Amerikalılar bütün zəif nöqtələrdən istifadə etməyə çalışacaqlar.

- Bu çərçivədə Zarrabdan da faydalana bilərlərmi?

-Onlar bütün iqtisadi təzyiq vasitələrindən mütləq istifadə edəcəklər. Daim hücum altında olacaqsınız. İran və Rusiyaya qarşı sanksiyalar həyata keçirirlər. Türkiyəyə də sanksiyalar tətbiq edəcəklər. İqtisadiyyatınızı qurtarmaq üçün B planı hazırlamalısınız.

- "Rusiyanın Trump kampaniyasına yardım" araşdırması dərinləşdi. Rusiya, doğrudanmı, seçkilərə müdaxilə etdi? Trampın impiçment prosesi başladımı?

-Bəli, Rusiya ABŞ-dakı prezident seçkilərinə müdaxilə etdi, lakin Trampın xeyrinə deyil. Rusiya oliqarxları Klintonı dəstəklədilər. Amerikalılar istintaqı dərinləşdirdikcə, Rusiyanın Klintonun kampaniyasını dəstəklədiyini görəcəklər. Öz qazdıqları quyuya düşəcəklər. Düşünürəm ki, onlar Trampı impiçment edə bilməyəcəklər. Çünki bu, vətəndaş müharibəsinə səbəb ola bilər. ABŞ növbəti 3 il ərzində iflic vəziyyətdə qalacaq. Bu böyük şansdan yaxşı istifadə etməliyik.

- Səfir Karlov sui-qəsdi təyyarə böhranı ilə başlayan prosesin davamı idimi?

-Təbii. Əlbəttə, Rusiyanın reaksiyası bu dəfə fərqli oldu. Təsəvvür edə bilirsinizmi; səfiri öldürülüb və Rusiya heç nə etmir. Çünki hər şey aydın idi. Əsl hədəf səfir yox, Ərdoğan idi. CIA-nın bu sui-qəsdə nə qədər rol oynadığını bilmirəm, amma sui-qəsdi FETÖ-nün törətdiyi aydın idi. Ərdoğana inanırıq və Rusiyanı artıq Ərdoğana qarşı təxribata çəkmək asan deyil.

- "2000-ci illərdə Türkiyə Qərbin yeganə alternativ olmadığını gördü" deyirsiniz. Həmin vaxt Ergenekon və Balyoz əməliyyatları başladıldı. Əməliyyatlar FETÖ-nün köməyi ilə bu kəsimi sıradan çıxarmaq üçünmü  təşkil edilmişdi?

-Elədir ki, var.

- Sizin də adınız iddianamədə keçirdi.

-Çünki Türkiyədə mənim də görüşdüyüm Avrasiyaçı qüvvələri hədəfə almışdılar. Rusiya ilə münasibətlərin kəsilməsi də onların əsas məqsədlərindən biri idi. İran və Çinlə də eyni şəkildə ... Ergenekondan əvvəl biz yalnız Perinçek deyil, Süleyman Dəmirəl və Rauf Denktaşla da görüşdük.

-Çevriliş cəhdi baş verəndə Ankarada idiniz. Bir gecə əvvəl Ankaraya "Türk ordusunda hərəkətlilik" olduğunu söyləmişdiniz. Məlumatı hardan əldə etmişdiniz?

-Bəzi şeyləri söyləməyim düzgün olmaz. Amma, təbii ki, Rusiya kəşfiyyatı var. Mən, sadəcə, aldığım məlumatları düzgün analiz etmişdim .

-O gün nələr yaşadınız?

-Çevriliş gecəsi Türkiyədən çox gec saatlarda ayrıldım. Esenboğa hava limanında idim. Rusiya ilə ünsiyyət halındaydım. Gözləmək çətin idi, çünki kimin qazanacağı aydın deyildi. Bilirdim ki, onlar məni də izləyirlər

- Çevriliş baş tutacağı təqdirdə, başınıza nə gələ bilərdi?

 -Ərdoğanın və Perinçekin başına nə gələrdisə, mənim başıma da o gələrdi?

- YPG məsələsi də ABŞ-la aramızdakı böyük problemdir...

-İran, Türkiyə, Rusiya, Suriya və İraq... Biz hamımız bir araya gələrək, kürdləri razı salacaq təklif irəli sürsək, öz təhlükəsizliyimizi də təmin edərik. Kürd kimliyinə təzyiqlərlə yox edə bilmərik. Biz bunu etdikcə, onlar ABŞ və İsrailin himayəsinə sığınacaqlar. Yaxşı mübarizə aparırlar; onların Amerika imperializminin kuklaları olmasına mane olmalıyıq.

- Hansı həll yolu düşünürünüz?

-Birincisi, Suriya bütövlüyünü qorumalıdır. Bütün azlıqların hüquqları təmin edilməlidir. Səudiyyə Ərəbistanı və Qətər tənəzzüldədir. Bütün kartlar bizim əlimizdədir. Birlikdə ABŞ-a deməliyik ki, "bu vaxtacan etdiyiniz işlər üçün minnətdarıq, Yaxın Şərqdən gedin". Bu, Suriya və kürd məsələlərini həll etmək üçün yeganə yoldur.

- Buna görə Rusiya YPG-nin Astana prosesinə qoşulmasını istəyir?

-Türkiyənin narahatlığını başa düşürəm. Amma Rusiya ilə kürdlər arasındakı hər hansı əlaqə Türkiyənin maraqlarına uyğundur.

- Bərzani, ABŞ referendumda səssiz qaldığını söylədi. Sizcə, niyə belə oldu?

-ABŞ rəhbərliyi xaos içindədir. Bir tərəfdə Tramp var; digər tərəfdə Amerika dərin dövləti, bir başqa tərəfdə isə qlobalistlər kürdlərə dəstək verirlər. Amerikalılar, məncə, qətiyyətlə müstəqil Kürdüstanı dəstəklədilər, amma İraqda deyil. Kürdüstanı Suriyadan başlamağa üstünlük verdilər. Bərzani bunu başa düşdü, məmnun olmadı.

-Tələsdimi müstəqillik qərarında?

-Əslində Bərzaninin əsas məqsədi dərhal müstəqil olmaq deyildi. Bağdadla danışıq masasında güclü tərəf kimi oturmaq istəmişdi.

-Ancaq torpaqlarının yarısını itirdi...

-Bəli, döyüşdən qorxdular. Amerika rəhbərliyindəki xaosun qurbanı oldular.

-Rusiyadan müstəqillik qərarına qarşı güclü bir bəyanat eşitmədik...

-Çünki kürdlər haqqında çox diqqətli davranırıq. Onlar üzərində təsirimizi artırmağa çalışırıq.

-Təbii ki, neft maraqlarınız da var.

-Bəli, taktiki hərəkət edirik. Amma biz İraqın parçalanmasını istəmirik. Putin separatizmdən nifrət edir. Buna görə də Ərdoğanın və Əsədin tərəfində dayanır.

Sadələşdirdi: Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 4 374          Tarix: 6-11-2017, 21:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma