Xəbər lenti

  

Myanmardan qaçıb Banqladeşə qaçan yarım milyon Arakan müsəlmanı sığındıqları bu islam ölkəsində bir başqa fəlakətlə üz-üzədirlər. Onları qürbət həyatında cinsi və fiziki istismar gözləyir.

Ovqat.com xəbər verir ki, BMT-nin Arakan müsəlmanları barədə hazırladığı hesabatdan belə çıxır.

Hesabatın doğruluğunu yoxlamaq üçün Banqladeşdə arakanlı 21 yaşlı qadınla görüşən BBC əməkdaşının qələmə aldığı reportaj xüsusilə cinsi istismarı gözlər önünə sərir.

Qonşularıyla birlikdə Banqladeşə qaçıb bir qaçqın düşərgəsinə sığınan Həlimənin bildirdiyinə görə, ilk günlər onlara ərzaq yardımı gətirən bir kişi gənc qadını başdan çıxarmağı bacarır. Həliməyə özünün dul olduğunu və onunla evlənmək istədiyini bildirən “xeyiriyyəçi” bir gün qadını da özüylə aparır. Gətirildiyi evə girəndə burada 6 qadın olduğunu və çox sayda kişilərin növbə gözlədiyini görən Həlimə gözlərinə inanmamaqdan başqa heç nə edə bilmir. Axşam məlum olur ki, o, hansısa ocağın közü olmaq üçün yox, Banqladeşli gənclərin könlünü əyləndirmək üçün bu evə gətirilib.

Bir gündə 3-4 müştəriylə cinsi əlaqəyə girməyə məcbur edilən Həlimə etiraf edir ki, bəzən bu əlaqələrdən qanaxmalara məruz qalırmış. Üstəlik seks köləliyi xidməti üçün ona pul da ödənilmirmiş.

 

Sadəcə, 3 öyün yeməklə keçinən gənc qadının bir gün “qonağı” polis məmuru olur. Müştərisi onun başına gətirilən oyunları eşidib axşama qədər bir yerdə qaldığı Həliməyə toxunmur. Əksinə, ona “bacı” deyə müraciət edir və problemlərlə qarşılaşacağı təqdirdə zəng etməsi üçün telefon nömrəsini verir. Polisdən ayrıldıqdan sonra dəfələrlə işgəncələrə məruz qalan gənc qadın imdad zəngi üçün uzun müddət telefon tapa bilmir. Nəhayət, bir gün qonağı olan müştərisini yuxuya verən Həlimə onun telefonu ilə polisə zəng edir və kömək istəyir. Beləcə, polisin köməkliyiylə özünü və birlikdə qaldığı digər 6 qadını seks köləliyindən qurtarmağı bacarır. O, “indi biz azadlıqdayıq” - deyir.

Amma zorla həbs edildiyi evdən xilas olsa da, Həlimə seks köləsi taleyindən indiyədək qurtula bilməyib. O, indi azadlıqda başqa arakanlı qadınla kirayələdiyi bir evdə “qədim peşə”ylə çörək pulu qazanır. Çünki onun heç kimi tanımadığı Banqladeşdə özünü və uşaqlarını dolandırmaq üçün namusunu bazara çıxarmaqdan başqa alternativi də yoxdur.




Ana səhifəyə qayıt        Baxış: 1 653          Tarix: 13-11-2017, 15:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma