Xəbər lenti

 

ABŞ-da həbs olunan və haqqında günlərlə xəbər alınmayan İran əsilli Türk iş adamı Reza Zarrab noyabrın 27-də başlayacaq məhkəmə prosesinin bugünkü hazırlıq iclasına qatılmayıb.

Ovqat.com xəbər verir ki, hazırlıq iclasında yalnız Halbankın sabiq müdir müavini Mehmet Hakan Atilla ilə onun vəkilləri iştirak edib.

Maraqlıdır ki, bugünkü prosedə Zarrabın vəkillləri də göz dəyməyib.

İlk baxışdan adi bir hal kimi görünən bu hadisədən əvvəl baş verənlər bəzi şübhəli məqamları ağla gətirir. Belə ki, bugünkü iclasa 5 gün qalandan bəri Rza Zarrab haqqında müəmmalı xəbərlər yayılmağa başlamışdı. İş adamının vəkilləri, günlərdir, ondan xəbər almadıqlarını bildirirdilər. Bundan əvvəl isə Rza Zarrabın həbsdən azad olunması şərtiylə prokurorla danışıqlara getdiyini və “törətdiyi cinayətləri etiraf etdiyi” xəbərləri yayılmışdı. Üzərindən az keçməmiş ABŞ-ın Federal Həbsxana Bürosunun internet saytında Rza Zarrabın sərbəst buraxıldığı elan olunmuşdu. Sonradan məlumat ABŞ rəsmiləri və iş adamının vəkilləri tərəfindən təkzib olunsa da, məsələylə bağlı açıqlamalarda önə çıxan bəzi məqamlar beyinləri daha çox qarışdırmışdı. Vəkillərinin iddiasına görə, Rza Zarrabın harda olduğu barədə heç bir məlumat yoxdur və iş adamını onlarla da görüşdürmürlər.

İrəli sürülən bu məlumatlar Ankaranı ciddi narahat etmiş və Türkiyə Xarici İşlər Nazirliyi Rza Zarrabın harda olması barədə ABŞ-a iki dəfə nota vermişdi. Halbuki, Rza Zarrab həbs olunduğu ilk günlər Türkiyə bu məsələyə tam laqeyd yanaşmış, Prezident Ərdoğan “ölkəmizi ilgiləndirən məsələ deyildir” deyərək, reaksiya vermişdi. İndisə birdən-birə Rza Zarrabla bağlı ABŞ-a 2 dəfə nota verən Ankaranın bu qədər narahat olması isə səbəbsiz deyildi. Nədən ki, irəli sürülən bütün iddialar və baş verənlər Rza Zarrabın “etirafçılıq hüququndan” faydalandığını göstərirdi.

Rza Zarraba qarşı irəli sürülən ittihamnamədə Türkiyə rəsmilərinin adının keçməsi, müttəhimlərin  İrana qarşı tətbiq olunan beynəlxalq embarqonun qanunsuz şəkildə yarılmasında günahlandırılması Vaşinqtonun bu məhkəmə prosesindən Ankaranın əleyhinə kampaniya aparacağı ehtimalını qüvvətləndirir. Rza Zarrabın özünü həbsdən xilas etmək üçün istənilən “qara piar”a qoşulacağı da istisna olunmur. Ən azı ona görə ki, bu adamı əks təqdirdə 90 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bu gün keçirilən hazırlıq məhkəməsində ortaya çıxan bəzi məqamlar da Zarrabın Türkiyə əleyhinə şok ifadələr verdiyi ehtimalını gücləndirir. Belə ki, faktiki olaraq, məhkəmədə bir müttəhim iştirak edirdi – Halkbankın sabiq müdir müavini Mehmet Hakan Atilla. Sabiq bankirin vəkilləri isə bir müddət əvvəl verdikləri açıqlamalarda Rza Zarrabın hüquqlarını qoruyan həmkarlarının fəaliyyətini müttəhim vəkili kimi yox, şahid müdafiəçisi kimi yürütdüklərini bildirir, dolayısıyla iş adamının özünü qurtarmaq üçün qanunsuz sövdələşmələrə getdiyindən şübhələndiklərini ortaya qoyurdular. Onların bu şübhələrinin isə əsası ciddi əsası var. Belə ki, ABŞ qanunvericiliyinə əsasən, müttəhimlər öz şahidlərini müəyyən zaman kəsiminə qədər məhkəməyə təqdim etməlidirlər. Rza Zarrab işində bu vaxt limiti 12 noyabrda bitirdi. O zamana qədər isə iş adamının vəkilləri şahidləri təqdim etməmişdilər. İddialara görə, bu fakt məhkəmənin tək müttəhiminin Mehmet Hakan Atilla olacağından, Rza Zarrabın isə şahid kürsüsündə əyləşəcəyindən xəbər verirdi.

Bugünkü hazırlıq iclasında Rza Zarrab və vəkillərinin iştirak etməməsi də iddiaların əsassız olmadığı şübhələrinə yol açır. Görünən budur ki, Rza Zarrab 11 gündən sonra başlanacaq məhkəmə prosesində “şok etiraflarla” Ankaranı xəyal qırıqlığına uğradacaq.




Ana səhifəyə qayıt        Baxış: 2 306          Tarix: 16-11-2017, 23:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma