Xəbər lenti

 

Bəri başdan deyim ki, Hüseyn Abdullayevdən prezident çıxacağına inananlardan deyiləm. Amma onun prezidentlik sevdasının top-tüfənglə qarşılanmasını da qəbul etmirəm. Söhbət demokratik hüquqdan gedirsə, hər bir Azərbaycan vətəndaşının buna haqqı var. Necə olur, “Balıq Hafiz”dən, Araz Əlizadədən, Zahid Orucdan prezidentliyə namizəd çıxar bilir, amma “Quska”dan yox?

Səmimi olaq, prezidentliyə namizədlərin xırdalanmasının günahkarı bu gün öz namizədliyini irəli sürənlər deyil. Mövcud hakimiyyət uzun illər boyu “alternativsiz lider” obrazı yaratmaq üçün ciddi siyasiləri seçkidən kənarda saxlamaq, saxta “liderləri” meydana çıxarmaq yoluyla bu ənənənin əsasını qoyub. Seçki marafonuna çıxarılan saxta “liderlərin” işi-gücü isə “alternativsiz lider” obrazına alternativ kimi görünənlərin qarasınca söyüş yağdırmaq olub. İstər Əli Kərimliyə, istərsə də  Cəmil Həsənliyə qarşı istifadə olunan bu saxta namizələrin lüğət tərkibi qətiyyən bir çoxlarının “Quska” adlandırdıqlarının ritorikasından daha qanacaqlı deyildi. Bəs, onda nə baş verir ki, Hüseyn Abdullayevin öz namizədliyini irəli sürməsi bu qədər qıcıq yaradır - daşı başqa istiqamətə atmasımı?  Dünənə qədər Əli Kərimlini, Cəmil Həsənlini dünyanın ən təhqiramiz ifadələriylə söydürən hakimiyyət indi niyə Hüseyn Abdullayevin öz seçki platformasına korrupsioner məmurları hədəf alan “qor-qoduq” ifadəsinə dəvə nalbəndə baxan kimi baxır? Unudulmamalıdır ki, cəmiyyətdə salınan bütün izlər bumeranq təsirinə malikdir və bir gün mütləq özümüzə qayıdacaq.

 Hüseyn Abdullayevin vaxtilə öz qoçu dəstələriylə demokratik qüvvələri döydürdüyü və bununla da mövcud istibdad rejimini möhkəmlətdiyi gerçəkdir. Bunu, yəqin ki, onun özü də inkar etməz. Fəqət bunu edən adamın öz günahlarından tövbə edərcəsinə əks düşərgəyə qoşulmasını lənətləmək nə milli mentalitetimizdən gələn dəyərlər sisteminə, nə də mübarizə fəlsəfəsinə sığır.

Xatırlatmaq yerinə düşərdi ki, vaxtilə Məhəmməd peyğəmbərə, İslam dininə qarşı döyüşən və bir çox qələbələrə imza atan müşriklər ordusunun ən böyük sərkərdəsi Xalid bin Valid də eyni yolu tutmuş, Haqqa gəlmişdi. Onun tövbəsinə də bir çox müsəlmanlar şübhə ilə baxır, “onlarla, bəlkə də yüzlərlə mücahidi şəhid edən adamın bizim aramızda nə işi var” deyirdilər. Məhəmməd peyğəmbər isə öz tərəfdarlarını “İslam dini ona sığınan hər kəsindir” həqiqətinə inandırmağa çalışırdı.

Peyğəmbərin israrı ilə Xalid bin Valid müsəlman ordusuna qatılmaqla qalmadı, bir çox döyüşlərdə baş sərkərdəlik etmək şərəfi qazandı. İslam məhz “tövbə qapısı hər kəsə açıqdır” anlayışının hesabına böyüdü, dünyanın 4 tərəfinə yayıldı. Azərbaycan xalqının mənəvi dünyagörüşünü formalaşdıran İslam dininin tövbə anlayışı niyə indiki Hüseyn Abdullayevlərə, yaxud dünən sıralarımızı tərk edənlərə qapalı tutulmalıdır? Axı bizim davamız bu gün iqtidarda olanları postundan uzaqlaşdırıb onların yerində oturmaq deyil. Məqsəd bütünlüklə Azərbaycanı demokratikləşdirməkdirsə, qapımız hər kəsə, hətta dünənə qədər başımızı kəsməyə hazır olanalara belə açıq olmalıdır. Hər halda Xalid bin Validdən fərqli olaraq Hüseyn Adbullayevin qoçu dəstəsi yüzlərlə tərəfdarımızı öldürməyib, sadəcə bizlərə bədən xəsarəti yetirməklə və mitinqləri dağıtmaqla kifayətlənib.

Ümumiyyətlə, tarix sübut edir ki, məsələlərə qisasçılıq hissiylə yanaşan heç bir ideoloji mübarizə uğurla nəticələnmir. Marjinallaşma xətti tutur, getdikcə öləziləşib sıradan çıxır. Yaşamaq hüququ və qələbə qazananlar isə dost-düşmən bilmədən qucağını hər kəsə açanlar olur.

Üstəlik, demokratik mübarizəyə zərbə vuranlar təkcə Hüseyn Abdullayev, Rza İbadov kimi qarşı cəbhədə dayanıb bacardığı metodlarla müxalif qüvvələri sındırmaq istəyənlər də deyildi. Cismən müxalif qüvvələrin yanında, ruhən isə hakimiyyətin qucağında oturanların mübarizəmizə vurduğu zərbələr daha ağır nəticələr verdi. Daxili parçalanmalar olmasaydı, xarici təsirlər heç bir effekt verməz, kristallaşmış daşlar üzərinə damlayan sular kimi onun səthindən süzülüb gedərdi.

Su o zaman dağıdıcı təsir göstərir ki, damladığı məkanın sıxlığı daha geniş və hər an parçalanmağa hazır olur. Məsələn, torpaq kimi. Su damladığı yumşaq torpağı dəldiyi halda, kristal daşlara dəyib özü parçalanır, daha kiçik zərrələr halında ətrafa saçılır. Əgər biz “Quska”ların keçəlləri qarşısında kristal daşlar kimi dayana bilməmişiksə, deməli, torpaq kimi sıxlığı az və parçalanmağa meylli olmuşuq. Bu mənada müxalifəti daxildən parçalayanların zərbəsi Hüseyn Abdullayevlərin qoçu dəstələrinin yumruğundan daha ağır olub.

İndi belə bu mərəzlərindən yaxa qurtara bilməyən həmin qüvvələr Hüseyn Abdullayevin 20 il öncəki əməllərini təftiş edirlər. Güzgüyə baxan meymun misalında olduğu kimi...

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 3 085          Tarix: 18-11-2017, 20:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma