Xəbər lenti

 

Uşaqların sevimlisi, səmimi, sadə insan kimi tanınan istedadlı qələm sahibi, şair, tərcüməçi İlyas Tapdığın doğum gününü ötən gün ilk dəfə onsuz qeyd etdik.

İlyas Tapdıq uzaq 1934-cü ilin 30 noyabrında Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olmuşdu. İlyas müəllim içindəki saf, məsum cocuğu öldürməyən çox nadir insanlardandı. Elə uşaqlar tərəfindən sevilməsinə səbəb də budu. Axı saf dünyası olan fidanlar səmimiyyəti saxtalıqdan çox gözəl seçir. Mən də əksər yaşıdlarım kimi, İlyas Tapdığın şeirləri ilə böyümüşəm. Aparıcısı olduğu uşaq verilişinə böyük həvəslə baxmışam. Onun şirin ləhcəsi, duzlu-məzəli söhbətləri, ən başlıcası isə səmimiyyəti onu mənə sevdirmişdi.

İlyas müəllim ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlayıb. O, müasir uşaq ədəbiyyatının tanınmış nümayəndələrindəndi. Şairin yaradıcılığında yurdumuzun təbiətinə, gözəlliklərinə həsr olunmuş əsərlər, vətənpərvərlik ruhlu şerlər xüsusi yer tutur. Onun 20 yanvar şəhidlərinə həsr etdiyi "Bir şəhiddir ürəyim" şeirini həyəcansız oxumaq olmur.

Azərbaycan radiosunun “Ədəbiyyat və incəsənət” redaksiyasının əməkdaşı, şair, jurnalist Xaliq Rəhimli ilə şair, tədqiqatçı Loğman Qorqud İlyas müəllimin həyatının son günlərində onu ziyarət edib, elə yataqdaca söylədiyi şerləri lentə alıblar. Bu lent yazısı İlyas müəllimdən bizə qalan ən əziz və dəyərli xatirədi.

Ovqat.com Tanrıdan sevimli şairimizin ruhuna şadlıq diləyərək  həmin lent yazısını təqdim edir.//R.Rzayeva




Ana səhifəyə qayıt        Baxış: 2 493          Tarix: 1-12-2017, 00:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma