Xəbər lenti

 

Bu gün dünyanın nəbzi ABŞ-da atır. Bir tərəfdən ABŞ prezidentinin sabiq təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinnin, digər tərəfdən öz açıqlamalarıyla Türkiyəni çətin vəziyyətə qoyan Rza Zarrabın etirafı istər-istəməz bütün diqqətləri okeanın o tayına yönəldib. Bəs, görəsən, bu etiraflar mövcud geopolitik dəngələrə nə kimi təsirlər göstərəcək?

Eks-spiker Rəsul Quliyevlə qısa söhbətimizdə bu suallara cavab axtardıq.

Rəsul Quliyevin Ovqat.com-a müsahibəsini təqdim edirik:

 

-Rəsul müəllim, Amerikada baş verən bir sıra hadisələr dünya ictimaiyyətinin əsas müzakirə predmetinə çevrilib. Xüsusilə Trampın keçmiş təhlükəsizlik müşaviri Maykl Flinnin etirafları, yəqin ki, ABŞ-da da şok effekti yaratdı. Bu hadisə barədə fikrinizi bilmək maraqlı olardı.

-Maykl Flinnin etirafları, fikirimcə, onun özünə daha çox aiddir, nəinki prezident Trampa. Flinni səfir Kislyakla görüşdüyünə, FBİ-ya yalan dediyinə görə 2017-ci ilin fevralında vitse-prezidentin tələbilə prezident işdən azad edib. Onun indiki gecikmiş etirafı ancaq özünün uzunmüddətli həbsdən yaxa qurtarmağa qulluq edə bilər.

-Amma bəziləri hesab edir ki, bu etiraflar Tramp hakimiyyətinin sonunun başlanğıcı ola bilər...

-Əgər bu etiraflar birbaşa Trampın əleyhinə daha güçlü faktlara davam etdirilməsə, sizin dediyiniz bəzilərinin düşüncəsinin tam əksinə, Rusiyanın sonunu gətirəcək.

-Maraqlıdır ki, Trampın hakimiyyətinin laxladığı bir zamanda  Azərbaycan hakimiyyəti Rusiyanın yeni səfirinin etimadnaməsini qəbul etmədi. Səbəb olaraq isə səfirin qatı ermənipərəst olması göstərildi. Sizcə, Rusiya Ermənistanın açıq şəkildə Qərbə yönəldiyi bir zamanda rəsmi İrəvanı cəzalandırmaq əvəzinə, niyə bu cür addım atır? Yoxsa, yenə də “ermənipərəst” arqumentindən bəhanə kimi istifadə olunur?

-Sualınızın birinci hissəsilə razılaşmıram. Tramp hakimiyyətinin laxlaması yox, güclənməsi müşahidə olunur. Senat son 30 ildə birinci dəfədir Trampın təkidilə vergi islahatlarını qəbul etdi. Bu islahatlar vergiləri 1 trilyon 500 milyard dollar (Rusyanın bir illik umumi məhsul istehsalı 1 trilyon 200 milyarddır. Bu rəqəmlərə nəzər yetirən istənilən insan ölkələr arasında uçurumlu fərqi görməyə bilməz) aşağı salacaq və ABŞ iqtisadiyyatının inqilabi inkişafına gətirib çıxaracaqdır.

O ki qaldı Rusiya səfirinin etimadnaməsinin qəbul olunmamasına, mən burda qeyri-adi heç nə görmürəm. Lavrovun ermənipərəst olması gizli deyil. Qatı ermənipərəst birinin Azərbaycana səfir göndərilməsi rəsmi Bakını ən ağır təhqir etmək deməkdir. Ölkəni və onun rəsmilərini özünün vassalı hesab edənlər ancaq bu cür addım ata bilərlər. Putin bu hadisədən sonra o şəxsin namizədliyini irəli sürənlər barədə tədbir görməsə, deməli, özünü bizim ağamız hesab edir.

-Maykl Flinn həm də Türkiyəpərəstliyi ilə ad çıxartmışdı. Hətta onun Ankaranın lobbiçiliyinə başlayacağı iddia olunurdu. Etirafları arasında, deyəsən, Türkiyə ilə bağlı da fikirlər səsləndirib. Maraqlıdır ki, eyni vaxtda ABŞ-da başqa bir etiraf şoku yaşanır. Söhbət İran əsilli Rza Zarrabdan gedir. Zarrabın etirafları Türkiyə üçün nə vəd edir?

-Ərdoğan Türkiyəsi addımbaaddım Osmanlı İmperiyasının 1917-20-ci illərdəki vəziyyətinə yaxınlaşır. Türkiyənin qazandığı demokratik prinsipləri addımbaaddım məhv edən AKP ölkədə total diktatura yaratmağa çalışır. Rza Zarrabinin Nyu York məhkəməsində verdiyi ifadələr indiki Türk hakimiyyətinin necə korrupsioner və rüşvətxor olduğunu, pul naminə hər şeydən vaz keçə bilmək keyfiyyətlərini ortaya qoyur. Ümid edirəm ki, Türk xalqı ölkələrində Stalin rejimi yaratmaq istəyən qüvvələrin qarşısını ala biləcək.




Ana səhifəyə qayıt        Baxış: 2 340          Tarix: 4-12-2017, 01:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma