Xəbər lenti

 

 

ABŞ pezidenti yeni bir qlobal konflikti tətikləyəcək qərarını açıqladı: “ABŞ-ın İsraildəki səfirliyi Qüdsə köçürüləcək və bu qərar çoxdan verilməliydi”.

Əslində Donald Trampın bu qərarı verəcəyi gözlənilməz deyildi. O, hələ seçki prosesi yeni başlayanda özünün platformasına bu məsələni salmış, yəhudilərə Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı vədini vermişdi.

Trampın hələ prezidentliyə namizəd olduğu  bir zamanda qaşıyacağını vəd etdiyi Qüds yarası isə müsir dünyamızın davam etməkdə olan ən qədim konfliktidir. Müsəlmanların ilk qibləsi kimi tanınan Qüdsün tədricən yəhudiləşdirilməsinin üzərindən tam 100 il keçir. İlk dəfə 1917-ci ildə Qüdsü işğal edən ingilislər burada yəhudi dövləti qurulmasına izn vermiş və bitib-tükənməyən gərginliklərin əsasını qoymuşdular. Qüdsün işğalından sonra dünyanın müxtəlif yerlərindən Fələstin torpaqlarına axın-axın yəhudi ailələri köçürülmüş, beləcə, təkcə Fələstinə deyil, bütövlükdə Yaxın Şərqə sağalmaz yara vurulmuşdur.

1917-ci ildə başlayıb indiyə qədər davam edən ərəb-yəhudi konflikti II Dünya müharibəsi ərəfəsində qismən səngisə də, Hitler Almaniyasının məğlubiyyətindən sonra daha da qızışmış və bütün Yaxın Şərqi taleyini dəyişən ağır savaşlara yol açmışdır.

II Dünya Müharibəsindən sonra qurulan BMT-nin ilk müzakirə etdiyi problemlərin başında da Qüds məsələsi gəlirdi. Təşkilatın 1947-ci ildə çıxartdığı 181-ci qətnaməyə görə, Qüds heç bir dövlətə aid olmayacaq, 3 səmavi dinin müqəddəs məkanı kimi beynəlxalq bölgə elan ediləcəkdi. BMT-nin bu cür qərar qəbul etməsi isə səbəbsiz deyildi. Qüds həqiqətən də həm müsəlmanların, həm yəhudilərin, həm də xristianların müqəddəs yerlərini özündə birləşdirən şəhərdir. Müsəlmanların ilk qibləsi Məscidi-Əqsa burada olduğu kimi, yəhudilərin məşhur Ağlama divarı da, xristianların İsa peyğəmbərin məzarı olduğuna inandıqları və adına Diriliş kilsəsi dedikləri məbəd də buradadır.

Xristian inanışına görə, İsa peyğəmbər məhz Qüdsdə çarmığa çəkilib. Daha sonra onun nəşi yaxınlıqdakı bir mağarada saxlanılıb. 3 gündən sonra isə İsa peyğəmbər dirilib və qeybə çəkilib. Hazırda Diriliş kilsəsində İsa peyğəmbərin müsəlla daşı saxlanılır və xristian zəvvarlar o daşı öpə-öpə öz “həcc” ibadətlərini yerinə yetirirlər.

Yəhudilərə görə isə, öz tarixi imperatorluqlarının qurucusu olan Süleyman peyğəmbərin sarayı Qüdsdə olub və xristianların yıxdığı bu sarayın yerində daha sonra müsəlmanlar öz məbədlərini tikiblər.

İslam inanışına görə, Qüds ilk qiblə olduğu kimi, həm də Məhəmməd peyğəmbərin Merac möcuzəsinin gerçəkləşdiyi məkandır. Quranda bildirilir ki, peyğəmbərimiz Cəbrail tərəfindən Məscidi-Haramdan Məscidi Əsqaya aparılmış və buradan Allahın qatına ucalmışdır.

Hər 3 dinin müqəddəs məkanı olması səbəbindən Qüds tarix boyu dini savaşların əsas mərkəzinə çevrilib. Səlib yürüşləri zamanı gah müsəlmanlar, gah da xristianlar arasında dəfələrlə əldən-ələ keçib. Ötən əsrin əvvəllərindən isə ingilislərin sayəsində yəhudilərin nəzarəti altındadır. İsrail isə BMT-nin dəfələrlə Qüds haqqında çıxartdığı qətnamələri qəbul etmək istəmir, Süleyman məbədinin yenidən bərpasına və bu şəhəri özünün paytaxtına çevirməyə çalışır. Sionizm ideyasının əsas hədəfi də bu şəhərlə əlaqədardır. Adını bu şəhərdə yerləşən Sion təpələrindən alan yəhudi millətçiliyinin ilk hədəfidir Qüdsü almaq. Daha sonra isə, sözsüz ki, Süleyman imperiyasının bərpa edilməsi gəlir. Bir çox mütəxəssislər Yaxın Şərqdə baş verən bütün konfliktlərin məhz Süleyman imperiyasının qurulmasına xidmət etdiyi düşünürlər. Nədən ki, bütün çarpışmalar 4 min əvvəl mövcud olduğu sanılan həmin imperiyanın ərazilərində gedir, Fərat və Dəclə çayının keçdiyi ərazilər başqa etnik ünsürlərdən təmizlənir. Bir çoxlarımıza bəlkə nağıl kimi görünən bu versiya günü-gündən inandırıcılığını artırır. Dünyanın super gücü tərəfindən Qüdsün İsrailin paytaxtı kimi tanınması da bu ehtimalı gücləndirən dəlillərdəndir.

İsrail tərəfindən Qüdsün paytaxt kimi elan olunması da bu günün işi deyil. İsrail özünün ilk quruculuq illərindən bu hədəfini açıqlamış və addımbaaddım hədəfə doğru irəliləşmişdir.

Belə ki, sionistlər ilk dəfə 1948-ci ildə Qüdsü İsrailin paytaxtı elan ediblər. Adına isə yəhudi dilində sülh şəhəri mənasına gələn Yerusəlim qoyublar. Di gəl ki, yəhudlərin bu sülh şəhəri ərəblərlə bir neçə dəfə böyük müharibələrə səbəb olub. İlk böyük ərəb-İsrail müharibəsi də məhz Qüdsün paytaxt elan edildiyi 1948-ci ildə baş verib. Həmin ilin 14 may tarixində İngiltərənin rəsmən Fələstin torpaqlarından çıxdığını elan etdiyi günün sabahısı İordaniya, Misir, İraq və Suriyanın birgə hücumlarına məruz qalan İsrail öz Qərb havadarlarının yardımıyla müharibədən qalib ayrılır.

Qalib İsrail 1949-cu ildə Qüdsün paytaxt kimi möhkəmləndirilməsi üçün özünün bir çox dövlət orqanlarını, o cümlədən parlamentini bu şəhərə köçürüb. Beləcə Qüds iki yerə - Qərbi və Şərqi Qüdsə bölünüb. Şəhərin qərb hissəsi yəhudilərin, şərq hissəsi isə müsəlmanların nəzarətinə keçir. Bu iki yerə bölünmüşlük 1967-ci ildə baş verən 6 günlük savaşa qədər davam edir. 1969-cu il savaşında erkən tərpənən İsrail bütün ərəb ölkələrinin hava gücünü məhv etdiyindən müharibədən tam və qəti qələbə ilə ayrılır. Hətta Misirin və İordaniyanın bir çox yerlərini işğal etməyi bacarır. SSRİ-nin  dövriyyə girməsiylə işğal etdiyi ərazilərdən çəkilmək məcburiyyətində qalan İsrail savaşın qalibi kimi öz qənimətlərini də alır. Əsas qənimət isə Qüdsün tamamını nəzarət altına almaq olur. O dövrdən sonra bir daha İsrailə qarşı müharibə aparmağa cəsarət etməyən ərəblər Fələstini İsrailin ümidinə buraxırlar.

Bununla belə, beynəlxalq güc mərkəzləri indiyə qədər Qüdsü İsrailin paytaxtı kimi tanımayıblar. İsrail parlamenti isə dəfələrlə çıxartdığı qanunlarla bu israrını davam etdirir. Sonuncu belə qanunlardan biri 1980-ci ildə qəbul olunmuşdu. “Qüds qanunu” adlanan sənəd Şərqi və Qərbi Qüdsün birləşdirilməsi və İsrailin paytaxtı elan olunmasıyla bağlıdır.  BMT Təhlükəsizlik Şurası həmin il çıxartdığı 478 saylı qətnamə ilə bu qanunu etibarsız saymış və dərhal ləğvini tələb etmişdi.

Trampın son addımı da BMT qətnamələrinə hörmətsizlikdir. Görünür, ABŞ-İsrail cütlüyü artıq beynəlxalq birliyin iradəsini heçə sayaraq, zorakı yolla Qüdsün yəhudiləşdirilməsi yolunu seçiblər. Bu isə Yaxın Şərqi növbəti gərginliklərin ortasına atmaqdan başqa bir şey deyil.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 897          Tarix: 7-12-2017, 00:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma