Xəbər lenti

 

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması bütün dünyada birmənalı qarşılanmadı. Xüsusilə müsəlman xalqları bu qərara kəskin etiraz etdilər. Xristian dünyasından isə xüsusilə Rusiyanın Qüdsün İsrail paytaxtı  kimi tanınmasını rahatlıqla həzm etməyəcəyi anlaşılır. ABŞ isə özünü bu qərarında xeyli israrlı görünür.

O halda sual ortaya çıxır: Donald Trampın bir çox siyasətlərinə veto qoymağı bacaran ABŞ dərin dövləti Qüds qərarına niyə belə laqeyd davranır? Niyə Qərbi Avropa dövlətlərindən yetərli reaksiyalar yoxdur? Bəs, Rusiya nə üçün Trampın Fələstin müsəlmanlarının iradəsinə qarşı əks cəbhədə dayanır?

Sözsüz ki, dünyanı faktiki olaraq ikiyə bölən bu qərara fərqli münasibətlərin ortaya çıxmasında dövlətlərin geopolitik maraqları da müəyyən rol oynayır: hər kəs dünya sənayesinin hərəkətverici qüvvəsi sayılan əsas enerji mənbəyinə - Yaxın Şərqin təbii sərvətlərinə sahiblənmək niyyətindədir və son yüzilin bütün savaşları da məhz bu rəqabət üzərində qurulub.

 Bununla belə, Qüds böhranını yalnız neft amiliylə əsaslandırmaq o qədər də isabətli təsbit sayıla bilməz. Nədən ki, Qüdsün kimin nəzarətində olmasını Yaxın Şərqin bölüşdürülməsi uğrunda  gedən rəqabətin yalnız dolayı səbəbi kimi qiymətləndirmək mümkündür. Qüds neft bölgələrinin yaxınında yerləşmir və onun kimin əlində olması nə enerji mənbələrinin hasilatı, nə də ixracı yolunda maneə təşkil etmir.

Qüdsün ən böyük özəlliyi 3 səmavi dinin müqəddəs məkanı kimi tanınmasıdır ki, zənnimcə, böhranın əsl səbəbi də məhz dini motivlərdə aranmalıdır. Bu şəhərin dini inanclarda yerini araşdırdıqda, xüsusilə xristianlığın Qüdsə münasibətində xeyli fərqli nüanslar oraya çıxır. Qüds - katoliklər və ortodosklar üçün sadəcə İsa peyğəmbərin çarmıxa çəkildiyi və nəşi saxlanılan mağarada yoxa çıxdığı, yaxud dəfn olunduğu bir məkandır. Bu xüsusiyyətləri ilə, sözsüz ki, böyük önəm daşıyır. Protestanlıq üçün isə Qüdsün daha böyük əhəmiyyəti var. ABŞ xristianlığının protestan olduğu və bir çox Amerika prezidentlərinin, o cümlədən Donald Trampın həmin inanca bağlılığını, yaxud onun təsir dairəsində qaldığını nəzərə alsaq, Qüds qərarının da məhz bu düşüncə baxımından ələ alınması vacibdir. Zira ABŞ ekspertlərinin özləri də Trampın Qüds qərarını verərkən sionistlərin və evangelistlərin təsiri altında qaldığını inkar etmirlər.

Bəs, evangelizm nədir və niyə Qüdsün yəhudilərin əlində olmasını istəyirlər?

“Evangel” sözü latınca iki mənaya gəlir – müjdə və Müqəddəs kitaba dönüş. Evangelistlər də bu mənada “müjdə gözləyənlər” və “Müqəddəs kitaba qayıdanlar” deməkdir. Gözlənilən müjdə isə həm yəhudilərin, həm də xristianların birlikdə inandıqları Əhdi-ətiqdir ( Köhnə əhd).

Əhdi-ətiq Bibliyanın birinci hissəsidir. Bura Tövrat və Zəbur (Yazılar) daxildir. Bibliyanın ikinci hissəsi isə Əhdi-cədid (Yeni əhd) adlanır ki, bu da bizim rahat anlayacağımız şəkildə desək, İncildir.

Protestanlıq inancına görə,  İncil Tövratı təsdiqləmək üçün göndərilibsə, xristianların ümdə vəzifəsi Əhdi-ətiqə yönəlmək olmalıdır. Əhdi-ətiqdə isə Məsihin yenidən yer üzünə qayıdışından sonra bu kitaba inananlara dünya hegemonluğu və cənnət vəd edilir. Protestanlığın radikal qanadı olan Evangelistlər bu müjdəni əsas götürüb yəhudilərlə birgə hərəkət etməyi müqəddəs borcları hesab edirlər. Onların düşüncəsinə görə, Əhdi-ətiqdəki bu müjdə yəhudilərə dünyəvi, xristianlara isə axirət (üxrəvi) səadəti vədd edir. Yəni yəhudilərin dünya hegemonluğunu yolunda çalışan xristianlar cənnətlə müjdələniblər. Bu xarakterilə evangalistləri “sionist xristian” adlandıranlar da var.

Bəs, yəhudilərin dünya hegemonluğunun Qüdslə nə əlaqəsi?

 

Məsələ burasındadır ki, Tövrata görə, Məsihin yenidən yer üzünə qayıtması üçün yəhudilər mütləq Qüdsdə toplanmalıdırlar. Yalnız bundan sonra Məsih yer üzünə enəcək, bütün dünya xalqları 2 yerə bölünəcək – Məsihin tərəfdarları və ona qarşı çıxanlar. Bu iki güruh arasında böyük müharibə baş verəcək. Dünyanın heç bir xalqı və fərdi bu müharibədən kənarda qalmayacaq. Qazanan isə Məsih tərəfdarları olacaq.

Evangelist inanışına əsasən, Məsihin (İsa peyğəmbər) yer üzünə qayıdışı 7 əlamətdə ortaya çıxacaq:

  1. Yəhudilərin Fələstinə toplanışı: Bu mərhələ 1917-ci ildən indiyədək davam edir.
  2. Böyük İsrailin qurulması: İsrail imperiyasının ərazisinə Misirin Sina yarımadasından tutmuş Dəclə-Fərat sahillərinə qədər coğrafiya daxildir - İraq, Suriya və Türkiyənin bir hissəsi.
  3. Yəhudilər də daxil olmaqla dünya xalqlarına bu müqəddəs müjdənin çatdırılması.
  4. Yeddi il davam edən böyük fəlakət: Həmin dövrdə İsrail Yəcuc-Məcuc adlı qeyri-adi məxluqlar (İŞİD tipli – H. O) tərəfindən işğal olunacaq və Evangelistlər (İngiltərə və ABŞ) onların köməyinə gələcək.
  5. İsa peyğəmbər məhz bundan sonra nüzul edəcək.
  6. Armageddon müharibəsi: Böyük dünya müharibəsi və Məsih tərəfdarlarının qələbəsi
  7. İsa peyğəmbərin yenidən ərşə çəkilməsi və qiyamət: Bu son mərhələdə İsa peyğəmbərin tərəfdarları cənnətə gedəcəklər.

Tamamilə mövhumatdan ibarət olan bu inanc, nə yazıq ki, hazırda ABŞ-da və dünya xristianları arasında get-gedə yayılır. Sosyologiya elmləri üzrə professor Villiam Martinə görə, “xarici ölkələrdə fəaliyyət göstərən protestan misiyonerlərin, hardasa, 90%-i fundamentalistler ve evangelistlərdən təşəkkül tapır”. ABŞ-da da evangel lobbiçiliyi sayəsində Cimmi Karterdən sonra gələn bir çox prezidentlərin bu mövhümatçılığın təsiri altında olduğu iddia edilir. Ronald Reqan, ata Buş dövründə addımbaaddım inkişaf edən evangelizmin 11 sentyabr hadisəsindən sonra oğul Buş tərəfindən qlobal imperializmin əsas ideya gücü halına gəldiyi bildirilir. Hətta bu ehkamlara inanmasalar belə, prezidentlər səs toplamaq xətrinə evangelistlərə boyun əyməlidirlər.

 

Məlumata görə, Barak Obamanın ikinci hakimiyyəti dövründə siyasi idarəetmədən uzaqlaşdırılan yəhudi və evangelist lobbilər bütün güclərini ortaya qoyaraq Donald Trampı hakimiyyətə gətirə bildilər. Trampa qarşı cəbhə alan qüvvələrin də məhz anti-evantelist qüvvələr olduğu iddia edilir.

Radikal mövhumatçı qrup olan evantelistlərin ABŞ-da bu qədər güclü hala gəlməsi birdən-birə ortaya çıxmayıb. Amerikanın kəşf olunmasından ərəfəsində Avropada sıxışdırılan evangeist qruplar “azad dünyaya” köçmək qərarı alıblar. 19-cu əsrin əvvəllərində cənubda Texsas, qərbdə isə Koliforniya ştatlarında yayılan bu məzhəbə ABŞ-da uzun zaman təhlükəsiz qüvvə kimi baxıblar. Xüsusilə sekulyar vətəndaşların toplandığı Vaşinqtonda onların perspektivinə çox inanmayblar. Fəqət evantelistlər öz fikirlərini yaymaq metodları sayəsində xüsusilə II Dünya müharibəsindən sonra get-gedə güclənərək, ABŞ-ın əsas siyasi qüvvəsinə çevriliblər. Həmin dövrdən sonra ABŞ da öz qınından çıxıb dünya hegemonluğuna can atıb.

Bu 200 illik səyin gətirdiyi uğurun sirri isə onların təbliğat və iqtisadi təmayülləriylə bağlıdır. Təbliğatı sahədə, əsasən, mətbuat üzərində çalışmalarıyla dünya miqyaslı telekanlar, qazet və xəbət agentlikləri quran bu məzhəb daşıyıcıları həmçinin öz məqsədlərinə uyğun şəkildə internet saytları, video oyunları, kino filmlər, gələcək planlarını bədii dillə ifadə edən romanlar ərsəyə gətirirlər. Ən çox uşaqlar üzərində təsirli olan bu fəaliyyətləri tədricən gələcək nəsillərin beyinlərində evangelist qəliblər, sterotiplər formalaşdırır. Beləcə, nəsillər yeniləşdikcə evanglistlərin də sayı durmadan artır.

 

Məlumata görə, 19-cu əsrin ilk başlarında vətəndaşların rişxənd etdiyi “bir ovuc mövhumatçı avara”dan ibarət olan evangelistlər 1987-ci ildə ABŞ protestanlarının 41%-ni özününküləşdirə bilmişdilər. 2004-cü ildə bu nisbət artıq 54%-ə yüksəlmişdi. Hazırda isə 300 milyonluq Amerika əhalisinin 100 milyonunu evangelist düşüncəli insanlar təşkil edir.

Evangelistlər II Dünya müharibəsindən sonra digər ölkələrdə də sürətlə yayılıblar. 1950-ci bütün dünyada 4 milyon evagelist yaşayırdısa, 2004-cü ildə bu sayın 500 milyonu keçdiyi təxmin olunur. Burdan belə çıxır ki, evangelistlər ABŞ-ın xaricində yaşayan xristianları da öz təsir dairəsinə ala biliblər.

Trampın Qüds qərarına Rusiyanın xaricində digər xristian dövlətlərinin ciddi reaksiya verməməsinin başlıca səbəbi, fikrimizcə, bununla bağlıdır.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 959          Tarix: 9-12-2017, 02:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma