Xəbər lenti

  

 

"Səudiyyə krallığı “qırmızı xətt” çəksəydi, Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması mümkün deyildi".

Ovqat.com xəbər verir ki, bu iddianı Vaşinqtondakı “Brookings” İnstitutunun əməkdaşı Şadi Həmid irəli sürüb.

Qüdsün, faktiki olaraq, rəsmi Riyad tərəfindən İsrailə “satılması” anlamına gələn iddiasını Ş.Həmid Səudiyyə Ərəbistanının İran qorxusuyla əsaslandırıb. Onun fikrincə, krallıq artan İran təzyiqindən qorunmaq üçün İsrailə və ABŞ-a sığınmaq istəyir.

Maraqlıdır ki, ABŞ-ın məşhur düşüncə quruluşu olan “Brookings”-ın analitiki Qüdsün İsrailə verilməsindən sonra bölgəyə sülh gələcəyinə inanır. Halbuki, indiyə qədər İslam dünyasında hər kəs tamamilə əksini düşünürdü.

Şadi Həmidin sülh ümidlərini ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Nikki Haley də paylaşır. Dünən öz açıqlamasında ABŞ diplomatı BMT Təhlükəsizlik Şurasında Fələstin-İsrail münaqişəsində sülh üçün yeni plan hazırlandığını açıqlamış, ancaq təfərrüata varmamışdı.

Müxtəlif beynəlxalq informasiya kanallarında  dərc olunan bir çox məlumatlar da fələstinlilər üçün məğlubiyyətlə nəticələnəcək sülh təşəbbüslərində Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın xüsusi canfəşanlıq göstərdiyi qeyd olunur. İddialara görə, 32 yaşlı ərəb şahzadəsi  Trampın 36 yaşlı yəhudi kürəkəni Kuşnerlə eyni bədəndə iki candırlar. Vəliəhd öz yəhudi dostu vasitəsilə ABŞ-dan gələcək krallıq vədi aldığı üçün Qüdsü hərraca çıxarıb. Üstəlik, o, Fələstin liderlərini nəzarətdə saxlamağa çalışacağına da ağaları qarşısında söz verib.

Reuters agentliyinin yaydığı bəzi xəbərlər də bu iddiaları təsdiqləyir. Məlumatlara görə, vəliəhd, Tramp və onun kürəkəni ilə birgə hazırladıqları və 2018-ci lin ilk yarısında bəyan edəcəkləri planının detalları ilə Mahmud Abbası tanış etmək üçün Fələstinə 4 yaxın adamını göndərib.

Fələstin rəsmilərindən birinin mətbuata sızdırdığına görə, Mahmud Abbasa qəbul etdirilmək istənən bu plan çoxdan hazırlanıb, Fələstin lideri isə ötən ay bundan xəbər tutub. Bildirilir ki, noyabr ayında Riyadda keçirilən bir görüşdə vəliəhd Mahmud Abbasa yaxında yaxşı bir xəbərlə müjdələnəcəyini çatdırıb: "Səbirli ol, Əbu Mazən, yaxınlarda yaxşı xəbərlər alacaqsan. Həqiqi sülh prosesi başlayacaq".

Mahmud Abbas bənzər müjdəni Trampdan da alıb. ABŞ prezidenti onu bu sözlərlə müjdələyib: “Sənə xoşuna gedəcək bəzi təkliflərim olacaq”.

Bir sözlə, Səudiyyə Ərəbistanının və ABŞ-ın Mahmud Abbasın qoltuğuna qaprız vermələrinə baxmayaraq, işin gedişatından ABŞ planının fələstinliləri çox sevindirməyəcəyi hiss olunur. Hələ planın açıqlanmamışdan qabaq Fələstinin müzakirə masasına əl-qolu bağlı əyləşəcəyi görünür.




Ana səhifəyə qayıt        Baxış: 1 498          Tarix: 10-12-2017, 11:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma