Xəbər lenti

 

Azərbaycan prezidenti İlham Əliyev Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin (ÇİZA) icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keiko Hondanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Ovqat.com bildirir ki, APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd edək ki, bir müddət əvvəl Dünya Bankı neft və qaz layihələrini maliyyələşdirməyəcəyini açıqlamışdı. Azərbaycan isə indiyə qədər öz neft-qaz resursları ilə dünya maliyyə qurumlarının diqqətini cəlb etmişdi. Elədirsə, sual yaranır: Bəs, görəsən, neft-qaz layihələrini maliyyələşdirməkdən imtina edən Dünya Bankı rəsmiləri Azərbaycana nə yaxşı təşrif buyurublar?

DB-nin Azərbaycan nümayəndəliyindən "APA-Economics"ə verilən məlumatlar bu suallara qismən aydınlıq gətirir. Nümayəndəliyin bildirdiyinə görə, Azərbaycan hazırda ortamüddətli inkişaf strategiyasını müəyyənləşdirməkdədir və hökumət özəl sektorun inkişafı üçün mühitin yaxşılaşdırılması məqsədilə islahatların həyata keçirilməsinin sürətləndirilməsinə xüsusi diqqət ayırır.

"Dünyada çatışmayan maliyyəli resursları yox, mənfəətli layihələrdir. Azərbaycanın təkmilləşdirilmiş infrastruktura ehtiyacları böyükdür və bu ehtiyacların qarşılanması üçün sərhədlərarası investorların imkanlarından istifadə edilə bilər. Mən ölkənin inkişaf məqsədlərinə nail olması üçün özəl kapitalın cəlb edilməsində MIGA-nın necə yardım edə biləcəyini öyrənməyə ümid edirəm", - K.Honda vurğulayıb.

Bildirildiyinə görə, 2017-ci maliyyə ilində MIGA qeyri-kommersiya risklərinin sığortalanması və kredit potensialının gücləndirilməsi ilə inkişaf etməkdə olan ölkələrə yatırılan 4,7 milyard dollar dəyərində beynəlxalq özəl investisiyaları dəstəkləyib. 1988-ci ildən etibarən MIGA 110 ölkədə 800-dən artıq layihəyə dəstək verib. 

MIGA 1988-ci ildə valyuta konvertasiyası və transferi üçün məhdudiyyətlər, dövlətlər tərəfindən müqavilələrin pozulması, müsadirə,  müharibə və mülki iğtişaşlarla bağlı riskləri yumşaltmağa yardım etməklə və özəl investor və kreditorların kredit potensialının gücləndirilməsi ilə inkişaf etməkdə olan iqtisadiyyatlara yatırılan birbaşa xarici investisiyaları dəstəkləmək məqsədilə Dünya Bankı təşkilatı kimi yaradılıb. /APA/

Bütün bu məlumatlardan aydın olur ki, MIGA nümayəndələri Azərbaycana qeyri-neft sektorunu inkişaf etdirmək üçün gəliblər. Məqsəd ölkəmizdəki investisiya mühitinin yaxşılaşdırılması istiqamətində öz təkliflərini ölkə başçısına təqdim etməkdir. Xarici özəl investisiya mənbələrinin ölkəyə cəlbi isə bir sıra islahatlardan keçir və beynəlxalq maliyyə qurumları bu barədə dəfələrlə öz mövqelərini açıqlayıblar. Bunlardan biri də hökumətin fəaliyyətinin şəffaflaşdırılması, monopoliyaların, korrupsiya və rüşvətin aradan qaldırılması, məhkəmə sisteminin müstəqilləşməsi, demokratik haqq və azadlıqların daha geniş şəkildə verilməsidir. Azərbaycan MIGA-nın təkliflərini qəbul edərsə, bu islahatları təxirəsalınmaz şəkildə həyata keçirməlidir.

DB-nın Azərbayla iqtisadi münasibətləri MIGA çərivəsində həyata keçirməsi ölkə iqtisadiyyatımızın çətin vəziyyətindən xəbər verir. Bankın Bakı nümayəndəliyinin açıqlamalarından da aydın olur ki, MIGA bir qayda olaraq müharibə və ağır konfliktlərdən çıxmış ölkələri çətin vəziyyətdən qurtarmaq üçün fəaliyyət göstərir, adətən qısamüddətli, kiçikhəcmli kreditlər verməklə məşğuldur.

MIGA 1980-ci illərdə baş verən qlobal maliyyə böhranını aradan qaldırmaq üçün DB tərəfindən yaradılıb. Onun əsas fəaliyyətlərindən biri də ucuz işçi qüvvəsi olan ölkələrdə milliləşdirmə və özəlləşdirmə layihələri həyata keçirmək, xarici investorları yerli hakimiyyətə qarşı qorumaqdır. Belə görünür ki, getdikcə iqtisadi imkanları tükənən Azərbaycan növbəti özəlləşdirmə siyasətinə başlamaq niyyətindədir. Özəlləşdiriləcək müəssisələr xarici investorlar arasında hərraca çıxarıla bilər.

 




Ana səhifəyə qayıt        Baxış: 1 131          Tarix: 18-12-2017, 12:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma