Xəbər lenti

 

“Bu gün Azərbaycan hakimiyyətində oturub milyardlar qazanan məmurların da hədəfindəyəm. Çünki hər zaman dövlətçiliyi, dövlət başçısını müdafiə edirəm. Sabiq nazir Fazil Məmmədovun hansı qüvvələrə işləməsi haqqında da o, hələ nazir olanda məlumatlar vermişdim. Digərləri qorxurlar ki, onların da Azərbaycana qarşı etdiklərini açıqlayam. Ona görə də çox gərgin rejimdə işləyirik. Partiya olaraq seçkilərlə bağlı hər bir gücümüzü ortaya qoymuşuq. Nəticədə biz qalib gələcəyik”.

Ovqat.com xəbər verir ki, bu sözləri “Müasir Müsavat” partiyasının sədri Hafiz Haciyev “Yeni Müsavat”a müsahibəsində bildirib.

Partiya sədri iqtisadi vəziyyətin onu maşın yumağa vadar etdiyini də gizlətməyib.  Jurnalistin “Maddi durumunuzdan da ara-sıra şikayətlənirsiniz. Hazırda vəziyyətiniz necədir?” sualına o, bu cür cavab verib:

“Çox çətindir. İstəyirəm ki, gecələr “moyka”larda maşın yuyub, partiyamı saxlayam. Bəziləri maliyyəni aparır artistlərə xərcləyirlər, dövlətə xəyanət edənlərə verirlər. Biz də partiyamızı üç-dörd dostumuzla birləşib, güclə saxlayırıq. Əziyyət çəkib, birtəhər partiyamın işıq, internet pulunu verirəm. Buna baxmayaraq, seçkilərə gedəcəyik.

- “Moyka” məsələsini məcazi mənada dediniz, yoxsa vəziyyətiniz həqiqətən bu qədər pisdir?

- Yox, tam həqiqəti deyirəm. Nə məcazi məna? İstəmirlər ki, mən prezidentə xidmət etdiyimə görə mənə kömək etsinlər. Ona görə də məni belə sıxışdırırlar. Maşınınız varsa, gətirib 7-ci mikrorayonda yuduzdura bilərsiniz. Mən bunu gizlətmirəm. Hafiz Hacıyev 3 dəfə prezidentliyə namizədliyini verib, indi də “moyka”da maşın yuyur. Qoy bunlar xəcalət çəksinlər. Nə etməliyəm? İşıq pulunu vermək üçün gedim xarici dövlətlərə satılım? Bəzi səfirliklər mənə deyirlər ki, bizə işləsən daha yaxşı yaşaya bilərsən, Həsənov Cəmil kimi Avropanı gəzərsən. Ancaq bunu etmirəm. Cənab prezidenti qorumaqdan ötrü küçə də süpürməyə hazıram. Digər korrupsionerlər də Fazil Məmmədov kimi olacaq. Kim dövlətə xəyanət edibsə, onlar bu gün yaxşı yaşayırlar. Mənim kimilər isə maşın da yuyacaq, küçə də süpürəcək. İstəyirlər göstərsinlər ki, dövlətçiliyə xidmət edənlərin vəziyyəti mənimki kimi olur.”




Ana səhifəyə qayıt        Baxış: 1 534          Tarix: 23-12-2017, 10:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma