Xəbər lenti

  

Suriyanın ən strateji bölgələrindən və ölkənin 2-ci böyük şəhəri olan Hələbdə kürd separatçıları ilə Bəşər Əsəd rejimi əməkdaşlıq edəcək.

Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, iki qüvvə arasında vasitəçilik edən Rusiya olub.

Tərəflərin əməkdaşlıq razılaşmasından sonra Hələbdəki hökumət binalarına həm Suriya, həm də PYD/PKK bayraqları qoşa asılıb.

Maraqlıdır ki bir müddət əvvəl Suriya prezidenti Bəşər Əsəd PYD/PKK təşkilatını ABŞ-ın əlaltısı olmaqda, vətənə xəyanətdə suçlamış, kürd separatçılarının ona cavabı isə özünü çox gözlənməmişdi. İki qüvvə arasında sərt polemikaların bu həddə yüksəlməsi bəzi ekspertlər tərəfindən rejimin separatçılara qarşı müharibə elanı kimi qiymətləndirilmişdi. O da bildirilmişdi ki, Bəşər Əsədin PYD/PKK ilə bütün bağları qoparan açıqlaması Rusiya prezidenti Vladimir Putinin məsləhəti ilə verilmişdi. Bu ehtimalı qüvvətləndirən amillər də yox deyildi.

Əvvəla, açıqlama Putinin gözlənilmədən Suriyaya səfəri və ordakı rus hərbi bazalardan birində Bəşər Əsədlə görüşündən sonra gəlmişdi.

İkincisi, Rusiya rəsmiləri PKK/PYD-nin adını Moskvanın vasitəçiliyi ilə keçiriləcək və Suriyanın taleyinin müzakirə olunacağı toplantıların iştirakçıları sırasından silmişdilər. Bu addımlarını isə Türkiyənin israrıyla əlaqələndirmişdilər. Türkiyə-Rusiya müttəfiqliyinin bir nəticəsi olaraq qiymətləndirilən həmin qərardan sonra hər kəs Moskvanın kürd separatçılarını himayədən imtina etdiyini düşünmüşdü.

Üzərindən qısa zaman keçdikdən sonra  Rusiyanın vasitəçiliyi ilə Türkiyənin cənubunda yerləşən Hələbdə PYD/PKK və Bəşər Əsəd rejimi arasında əməkdaşlıq razılığı əldə olunması bəzi suallara yol açır. Belə aydın olur ki, Rusiya üzdə başqa, astarda başqa siyasət yürüdür.

Maraqlıdır ki, PYD/PKK təşkilatının silahlı qanadının lideri Sipan Hamo öz internet saytlarında ötən həftə Rusiyada olduqlarını və rus kəşfiyyat orqanlarıyla “faydalı görüşlər” keçirdiyini bəyan etmişdi. Rusiyadan isə bu iddiaya hər hansı münasibət bildirilməmişdi.

Suriyadakı xəbər qaynaqları Rusiya-Əsəd rejim-kürd separatçıları arasında əməkdaşlığın yalnız Hələblə məhdudlaşmadığını, Şimali Suriyanın əksər bölgələrində bənzər hadisələrin yaşandığını bildirirlər. Məlumata görə, Türkiyənin Şimali Suriyadakı Afrin rayonuna çoxdan planlaşdığı hərbi əməliyyatın bu günə qədər ertələnməsinin başlıca səbəbi də bununla bağlıdır. Məlumatlara görə, kürd separatçıları özlərini türk hücumlarından qorumaq üçün hərbi bazalarını rus əsgərlərin ixtiyarına verib onlarla birgə hərəkət edirlər. Belə bir vəziyyətdə kürd separatçılarına qarşı keçiriləcək hərbi əməliyyatlar həm də rus əsgərlərinə hücum deməkdir. Qərb müttəfiqlərindən uzaqlaşıb Rusiyaya yaxınlaşan Türkiyə isə yeni ortağını itirmək istəmir.




Ana səhifəyə qayıt        Baxış: 1 813          Tarix: 28-12-2017, 09:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma