Xəbər lenti

  

ABŞ prezidenti Donald Tramp yenə öz Twitter səhifəsində İrana “ilişib”.

Ovqat.com xarici mediaya istinadən xəbər verir ki, Tramp son paylaşımında bunları yazıb:

"Nəhayət, İran xalqı qəddar və azğın rejimə qarşı hərəkətə keçdi. Eks-prezident Obamanın axmaqcasına onlara verdiyi pullar terrorizmə və İran rəhbərlərinin ciblərinə gedirdi. İnsanlar isə çox az ərzağa sahib və böyük bir inflyasiya ilə üz-üzə idilər, insan hüquqları yoxdu. ABŞ izləyir!”

 

Trampın son paylaşımına cavab İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımidən gəlib.

Sözçü, ABŞ prezidentinə öz ölkəsindəki aclar və evsizlərin problemi ilə məşğul olmağı tövsiyə edib: "Tramp digər ölkələrlə əlaqədar alçaldıcı və işə yaramaz tweet paylaşmağa zaman ayırmaqdansa, hər gün onlarla insanın öldürülməsi, milyonlarla evsiz və ac vətəndaşlarının problemləriylə uğraşsa, daha yaxşı olar”.

Ötən il Trampın iranlılara səyahət qadağası tətbiq etdiyini xatırladan Qasımi terrorçu kimi gördüyü millətin onu dəstəkləmədiyini və dəstəkləməyəcəyini də vurğulayıb.

Qeyd edək ki, bu, Trampın İranla bağlı ilk paylaşımı da  deyil. ABŞ prezidenti 30 dekabrdakı Twitter paylaşımında da eyni mövzuya toxunmuşdu:

"Rejimin korrupsiya cinayətlərindən və ölkənin milli gəlirini xaricdəki terrorist fəaliyyətə xərcləməsindən bezmiş İran vətəndaşlarının dinc etirazlarıyla bağlı məlumatlar gəlir. İran rəhbərliyi xalqın söz və ifadə hüququna hörmətlə yanaşmalıdır. Dünya bu prosesi izləyir".

 ABŞ prezidentinin dünənki paylaşımında da İran mövzu gündəmdə idi: "İran Obama rəhbərliyi ilə bağladığı iyrənc sazişə baxmayaraq, hər sahədə uğursuzluqla qarşılaşır. Böyük İran xalqı illərdir təzyiq altındadır. Yemək və azadlıq üçün meydanlara axışırlar. İnsan hüquqlarıyla bərabər iranlıların zənginliyi də talan edilib. Dəyişiklik zamanı!”

Ümumiyyətlə, İrandakı üsyanlara xaricdən “psixoloji dəstəyin” əsasən Twitter hesabından verildiyi bildirilir. İran rəsmilərinin bu gün yaydıqları məlumata görə, bu ölkədə hadisələri qızışdırmaq üçün ən çox Twitter mesajı Səudiyyə Ərəbistanından paylaşılıb - son 24 saatda 131 min 500 mesaj təkcə #اعتراضات_سراسری (Dövlətə etiraz et!) “hachtag”ı ilə.

 

Eyni “hachtag”la iranlıları ən çox üsyana səsləyən ikinci xarici ölkə İngiltərə olub. İngiltərəni Fransa, Almaniya, Kanada və Birləşmiş Ərəb Əmirlikləri izləyib.

Bir sözlə, dünya İrana qarşı Twitter savaşına başlayıb. ABŞ prezidenti isə ən fəal savaşçılardandır.




Ana səhifəyə qayıt        Baxış: 1 396          Tarix: 2-01-2018, 19:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma