Xəbər lenti

  

Bakı şəhəri Xətai rayonu, Telnov (Xocalı) küçəsi 2347/48-ci məhəllədəki çoxmərtəbəli yeni binada yaşayan Ağdam qaçqını ailəsi icra məmurları tərəfindən mənzillərindən çıxarılıb.

Ovqat.com-un əməkdaşı da hadisə zamanı həmin məkanda olub və bütün yaşananları şəxsən izləyib.

Əməkdaşımızın bildirdiyinə görə, saat 12 radələrində binaya əvvəl yanğınsöndürən maşın yaxınlaşıb. Daha sonra isə çoxsayda icra məmuru binanın 10-cu mərtəbəsində yaşayan Haqverdiyeva Arifə Əlfi qızının ailəsinin qapısını döyüb. İcra məmurlarını bu qapıya gətirən isə Ali Məhkəmənin müvafiq qərarı olub.

 

Aldığımız məlumata görə, həmin binanı “Əzizbəyov – K.M” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) inşa edib. Haqverdiyevlər ailəsi bu günədək yaşadıqları 102 kvadrat metr sahəsi olan mənzili 2013-cü ildə 57 min dollara həmin şirkətdən alıb.  Daha sonra mənzilin təmirinə 40 min dollardan artıq pul xərcləyən ailə bu ünvana köçüb. İsti bir ocaqlarının olması sevinci isə uzun sürməyib. 2014-cü ildə mənzilin başqa bir sakini peyda olub. Sən demə, həmin mənzil həm də Mirzəyeva Xuraman Kamal qızına satılıbmış.

 

Tikinti şirkətinin dələduzluğu nəticəsində aldadılan tərəflər evin kimə məxsusluğunu müəyyənləşdirmək üçün məhkəmənin ədalətinə sığınmalı olublar. Mübahisəyə əvvəl Xətai rayon məhkəməsi baxıb və Xuraman Mirzəyevanın lehinə qərar çıxarıb. Bu qərarla razılaşmayan Haqverdiyevlər Apellyasiya Məhkəməsinə üz tutublar. Apellyasiya Məhkəməsi isə mübahisədə Haqverdiyevləri haqlı görüb. Nəhayət, iş Ali Məhkəməyə qədər gedib. Ali Məhkəmənin qərarı yenə Mirzəyevlərin xeyrinə olub və bu gün saat 11-00-a qədər mənzili tərk etmələri üçün Haqverdiyevlərə möhlət verilib. İcra məmurları da bu qərarı həyata keçirmək üçün mübahisəli mənzlin qapısını döyüblər.

 

Əməkdaşımızla söhbətimiz zamanı Arifə Haqverdiyeva Ali Məhkəmənin bu qərarını ədalətli saymadığını bildirib. Onun sözlərinə görə, Xuraman Mirzəyevaya verilən sənəd saxtalaşdırılıb: “Əslində ona bu binanın 3-cü mərtəbəsindəki bir mənzil satılıb. Lakin həmin mənzildə yaşayan sakin imkanlı və hansısa iri məmurun qohumu olduğundan hüquq mühafizə orqanları sənəddəki rəqəmləri dəyişdirərək bizim evimizi əlimizdən almaq istəyirlər. Dəhşətlisi budur ki, məhkəmə ekspertizası da həmin sənədin saxtalaşdırılması barədə rəy verib. Amma Ali Məhkəmə bu rəyə məhəl qoymadan bizim əleyhimizə qərar çıxarıb. Biz bununla bağlı yenidən I instansiya məhkəməsinə müraciət etmişik. İcra məmurları isə bu məhkəmə prosesini gözləmədən bizi tələm-tələsik mənzilimizdən çölə atmaq istəyir”.

 

Arifə xanım başlarına gətirilən bu oyunu sahibsiz olmaları ilə əlaqələndirir: “Təsəvvür edin ki, 3-cü mərtəbəyə yazılan sənədi 10-cu mərtəbəyə saxtalaşdırıblar. Çünki bu binada ən imkansız adam bizik. Ağdam qaçqını olduğumuzdan dələduzluğun qurbana çevrilmişik.”

Arifə xanım bu mənzildə 4 ailə üzvüylə bərabər yaşayırdı. Onun 1998-ci ildə ailə həyatı qurduğu Abbasov Elşad Sulduz oğlu işsidir və bu nigahdan ailənin iki qızı var. Böyük qız BDU-nin hüquq fakültəsinin I kursunda oxuyur. Sonbeşik isə bu il 10-cu sinifə gedir. Azərbaycanın ədalət məhkəməsi isə qışın bu oğlan çağında 3 xanımı olan bir ailəni küçələrə tökməyə qərar verib. Üstəlik, ailənin əlində evi aldıqlarına dair müvafiq sənədlər və  tam ödənlmiş maliyyə arayışı var.

 

Aldığımız son məlumatlara görə, Haqverdiyeva ailəsi məcburən icra məmurlarının tələbləriylə barışıblar. Qərara alınıb ki, ailə mənzili tərk edəcək, amma son məhkəmə hökmü verilməyənə qədər mənzilin açarları mühafizə polisində saxlanılacaq.

  Söhbətləşdiyimiz məhəllə sakinləri sözügedən bina qarşısında yanğınsöndürən maşınların dayanmasına da aydınlıq gətiriblər. Bildirildiyinə görə, bir müddət əvvəl icra məmurları ailəni evdən çıxarmağa çalışarkən ailə başçısı Abbasov Elşad özünü yandırmaq istəyib. İcra məmurları bu bədbəxt hadisənin qarşısını almaq üçün həmin vaxt binadan uzaqlaşıblar. Bu dəfə isə onlar bütün ehtimallara qarşı hazırlıqlı gəliblər.

Qeyd edək ki, bir evi iki ailəyə satan “Əzizbəyov – K.M. MMC” şirkətinin sahibi Həsənov Azad Səmid oğlu ev alıcılarına fırıldaq gəldiyinə görə, dələduzluq maddəsiylə məhbəsdədir və hal-hazırda onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində proses davam etməkdədir. Haqverdiyevlər də məhkəmə tərəfindən zərərçəkmiş şəxs kimi tanınır.

 

 Görünən budur ki, vətəndaşlarının hüquqlarını qorumaqla mükəlləf olan Azərbaycan hakimiyyəti fırıldaqçını tutmaqla vəzifəsini tamamlanmış hiss edir. Bəs, aldadılaraq pulları, mülkləri əllərindən alınan, qışın oğlan çağında küçələrə atılan ailələrin taleyi necə olacaq? Bu barədə düşünən varmı?




Ana səhifəyə qayıt        Baxış: 2 062          Tarix: 10-01-2018, 18:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma