Xəbər lenti

 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bu gün AKP-nin Əlazığ əyalət konfransında yeni müharibə anonsu verdi. O, növbəti həftə ərzində Afrin əməliyyatına başlayacaqlarını bəyan edərək, kürd separatçılarına Türkiyənin İŞİD-ə qarşı keçirdiyi əl-Bab əməliyyatını xatırlatdı və eyni aqibətin PKK-PYD-ni də gözlədiyinə eyham vurdu:

“Dünən Cerablusdan əl-Baba qədər 3 min DEAŞ-lını (İŞİD-çi-red.) məhv etmişdik. Sabah, lazım gələrsə, 3 min terrorçu daha məhv edə bilərik”.

Bu anonsun üzərindən az keçməmiş Hatayda top səsləri eşidilməyə başladı. Məlumata görə, Türk ordusu Afrindəki PKK-PYD cinahlarını atəşə tutmuşdu. Həmin atəş səslərinin Ərdoğanın müharibə anonsundan sonra gəlməsi istər-istəməz “Türkiyə Afrin əməliyyatına başladımı” sualını ağla gətirir.

 

Təbii ki, bu sualın yaranmasının haqlı səbəbləri var. Artıq 3 aya yaxındır ki, Türkiyənin Afrin əməliyyatına hazırlaşdığı və hər an hücum əmrinin veriləcəyi gözlənilir. Bu məqsədlə Türk ordusu birliklərinin çoxdan Hataya göndərildiyi də gələn xəbərlər arasındadır. Üstəlik, ABŞ-ın kürd separatçılarından ibarət 100 minlik nizami ordu qurmağa başladığı və terrorçuları ciddi şəkildə silahlandırdığı da sirr deyil. Məlumata görə, ABŞ separatçılara 4 min TIR-dan artıq silah göndərmiş və onlar vasitəsilə bölgə xalqını cinsiyyət fərqi tanımadan məcburi silahlandırmışdı. Bu da azmış kimi, PKK yetkililəri əsas hədəflərinin Türkiyə olduğunu da gizlətmirlər. Belə çətin vəziyyətlə üz-üzə qalan Türk ordusunun indiyədək prosesləri səbrlə izləməsi bir çox mütəxəssislər tərəfindən Ankaranın təxribata çəkilməkdən ehtiyatlanması kimi qiymətləndirilir.

Məsələ burasındadır ki, Türkiyə Afrin əməliyyatına başlayarsa, təkcə ABŞ-ın silahlandırdığı kürd separatçılarıyla qarşı-qarşıya qalmayacaq. Türk ordusu həm də başqa ölkənin ərazilərində təmizləmə əməliyyatı aparacağına görə, bölgədəki digər dövlətlərlə də qarşılaşa bilər. Bunların arasında hazırda kövrək ittifaq halında olduğu Rusiya və İran da var. Nədən ki, Afrində kürd separatçıları ruslarla eyni kazarmada, hərbi hissədə barınır, rus bayrağının altında hərbi təlimlərə qoşulur. Üstəlik, Dəməşqin bu müdaxiləyə reaksiyası da bilinmir. Bu durumda ani tələskənlik Yaxın Şərqdəki bütün maraqlı dairələri Ankaraya qarşı birləşdirə bilər. Deməli, Türkiyənin önündə Afrində qazanacağı hərbi zəfərdən əvvəl diplomatik masada əldə edəcəyi uğur dayanır.

  

Ərdoğan hakimiyyətinin son zamanlar Astana və Soçi sammitlərində keçirdiyi bütün görüşlərdə kürd separatizmi məsələsini qaldırması da diplomatik masada verilən mübarizənin təzahürü təsirini bağışlayır. Onun bugünkü çıxışında Afrin əməliyyatının başlanması tarixiylə bağlı konkert zaman göstərməsi isə artıq bu məsələdə Rusiya və onun müttəfiqlərinin razılığının alındığından xəbər verir. Bəlkə elə bu səbəbdən də Ərdoğan həmin çıxışında kürd separatçılarını dəstəkləyən yeganə dövlət kimi ABŞ-ın adını çəkdi və onun rizası olmasa belə, əməliyyata başlayacağının siqnalını verdi.

Maraqlıdır ki, Astanda rus diplomatik heyətilə görüşlərdə iştirak edən suriyalı diplomat Doktor Besil əl-Hac Casim də bir neçə gün əvvəl verdiyi açıqlamasında Türkiyənin Afrin əməliyyatı ilə əlaqədar Rusiya, İran və Suriyadan razılıq aldığını bildirir və indiyə qədər hərbi əməliyyatlara başlamayan Ankaranın ciddi zaman itirdiyinə eyham vururdu. Onun sözlərinə görə, Türkiyə bu razılığı ötən ilin senyabr ayının son həftəsində keçirilən Astana-7 sammitində əldə edib. Təsadüfi deyil ki, rəsmi Ankara da ilk dəfə məhz o tarixdə Afrin əməliyyatına başlaya biləcəyini gündəmə gətirmişdi. Əməliyyatın indiyə qədər reallaşmamasında yeganə səbəbin Ankaranın ABŞ-la razılığa gəlməməsi ola biləcəyini deyən suriyalı diplomat fikirlərini belə əsaslandırır:

 

 "Afrin və İdlib məsələsində Türkiyə ən az 3 ay itirdi və hər keçən gün Türkiyənin əleyhinə işləyir. ABŞ-ın şantajları və əngəlləri nəticəsində Türk ordusu Afrinə müdaxilədə ləngidi. Astanada rus rəsmiləri mənə onların PKK-ya "Tel-Rüfəti sahiblərinə təslim edin” dediklərindən, ancaq təşkilatın ABŞ-ı dövrəyə saldığından bəhs etmişdilər. Hazırda Münbiç, Tel-Abyad, Tel-Rüfət və Afrin məsələsində Türkiyə birbaşa ABŞ ilə görüşür. Rusiya və İran isə təşəbbüsü tamamilə Ankaranın öhdəsinə buraxıb. Astanada İran Əsədi Afrin məsələsində laqeyd qalmağa razı salacağına zəmanət vermişdi”.

Diplomat Suriyanın son zamanlar Türkiyəyə bağlı silahlıların yerləşdirildiyi İdilib əməliyyatına başlamasını isə Türkiyəni təxribata çəkmək cəhdi kimi qiymətləndirir. Onun sözlərinə görə, Əsədlə PKK arasında bir sıra gizli və qaranlıq müttəfiqlik əlaqələri var: “Rejimin son İdlib hücumları Afrin məsələsində diqqətləri dağıtmaq və Türkiyəni çətin vəziyyətə salmaq üçündür. Əsədə Türkiyəni sıxışdırmaq məqsədilə bu hücumlar məsələsində bəzi Körfəz ölkələri də fəal dəstək verirlər".

 

Xatırladaq ki, ötən il Hələbi silahlı müxalif qüvvələrdən təmizləyən Rusiya-Suriya-İran ittifaqıyla dil tapan Türkiyə bir zamanlar dəstəklədiyi həmin qüvvələrin İdilibə yerləşdirilməsinə nail ola bilmişdi. İndisə Əsəd məhz həmin qüvvələrə qarşı hərbi əməliyyatlara başlayıb və İdilibi kənd-kənd, qəsəbə-qəsəbə ələ keçirir. Bu da istər-istəməz Türkiyəni qıcıqlandırır, “mülayim” silahlı müxaliflərin öz hamisinə ümidini azaldır.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 435          Tarix: 13-01-2018, 20:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma