Xəbər lenti

 

“ABŞ yaxın zamanlara qədər Suriyanı tərk etməyəcək”.

Ovqat.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə səlahiyyətlisi David Satterfield Amerika Senatının Xarici Əlaqələr Komissiyasında "İŞİD sonrası Amerika siyasəti" mövzusunda keçirilən sessiyada çıxış edərkən deyib.

Senatorlara ABŞ-ın Suriya siyasətilə bağlı məlumat verən David Satterfield sözlərinin özünə aid olmadığını, Donald Trampın mövqeyini əks etdirdiyini xüsusilə vurğulayıb.

Ağ ev sözçüsü ABŞ-ın bu mövqeyini bir neçə səbəblə izah edib:

 “-Ölkənin kritik əhəmiyyət daşıyan şimal və şimal-şərq hissəsinə sabitlik gətirmək və yardım etmək,

 -İŞİD-ə qarşı döyüşən müttəfiqlərimizi, o cümlədən Suriya Demokratik Gücləri təşkilatını (PKK/PYD-nin nəzarətindədir-red.) qorumaq,

-Burada yaradılan siyasi qurumların Suriyanın geri qalan hissəsi üçün model olacaq şəkildə təkamülünə yardım etmək.

-İrana qarşı mübarizə və İranın Suriyadakı varlığını əngəlləmək”.

 SDG-nın ABŞ-ın da dəstəyi ilə Raqqanı İŞİD-dən geri aldığını xatırladan Satterfield fikirlərini belə davam etdirib: "Suriyanın şimalında siyasi quruluşlar etnomilliyətçi mənada kürdlərə deyil, çoxetnikli qruplara əsasən yaradılır. SDG ətrafında bir araya gələn kürdlər və ərəblər əhalinin, karbohidrogen və təsərrüfat ehtiyatlarının böyük hissəsinə sahibdirlər. Bunların Suriyanın gələcəyinin bir hissəsi olmaları lazımdır”.

ABŞ-ın Suriyada Əsədlə birlikdə çalışmayacağını vurğulayan David Satterfield Suriya xalqının öz rəhbərlərini seçəcəyi etibarlı bir seçki prosesi ortaya qoymayana qədər Əsəd rejimiylə işləməyəcəklərini bildirib: “Bu proses baş verənə qədər ABŞ və müttəfiqləri ölkənin yenidən inşası təşəbbüslərinə dəstək verməyəcək. BMT tərəfindən nəzarət ediləcək və suriyalı qaçqın icmalarının da yer alacağı ədalətli seçki prosesindən Əsədin qalib çıxacağını düşünmürük".

 Suriyanın yenidən inşası üçün 200-300 milyard dollar lazım olduğuna inanan sözçü yuxarıdakı şərtlər yerinə yetirilmədən beynəlxalq ictimaiyyətin də həmin vəsaiti ayırmacağını bildirib: “Çünki rejim döyüşü qazanacağı təqdirdə inkişaf və sabitlik axtarışında olacaqdır".

 ABŞ-ın və beynəlxalq ictimaiyyətin BMT nəzarətində Vyana və Cenevrə proseslərini gücləndirməkdə maraqlı olduqlarını etiraf edən David Satterfield məqsədlərini bu cür əsaslandırıb: “Yalnız bu sayədə Moksvanın Soçi üzərindən nəzarəti ələ keçirməsinə qarşı tarazlıq yaranacaqdır. Rusiyanın apardığı alternativ prosesi legitimləşdirməyə imkan verməyəcəyik”.

Bu gün Londonda dərc olunan ərəb dilli bir qəzetin dərc etdiyi bir sənəd də ABŞ-ın Şimali Suriyada dövlətləşmə prosesinə dəstək verdiyini ortaya qoyur. ABŞ-ın kürd separatçılarının ağırlıqda olduğu SDG ilə bağladığı 10 maddəlik həmin müqavilə:

-SDG-yə hərbi və diplomatik dəstəyin artırılması.

 -SDG-nin hakim olduğu bölgənin müdafiəsi və nizamlı ordusunun qurulması üçün silahlı qüvvələrə hərbi təlim verilməsi.

-Daxili təhlükəsizliyi təmin etmək məqsədilə polis qüvvələrinin təlimi.

 -İŞİD-dən alınan rayonlarda yerli hakimiyyət orqanlarının gücləndirilməsi.

 -Savaşın ardından bölgənin yenidən inşası və humanitar yardımların çatdırılması

-Yardım və inkişaf büdcəsinin yaradılması.

-SDG-nin nəzarətində olan məntəqələrdə yerləşən neft, qaz, su kimi mənbələrdən istifadə edilməsinin təminatı.

 -Hökumət qurumları və məhkəmə sisteminin yaradılmasına yardım edilməsi və bu müəssisələrdə çalışan şəxslərə təhsil verilməsi.

-Regionda hava müdafiə sistemlərinin qurulub möhkəmləndirilməsi.

 -Beş sahədə ABŞ-a məxsus bazaların və bu bazalara minə yaxın əsgərin yerləşdirilməsi.

 -ABŞ diplomatlarının regiona göndərilməsi, buralarda diplomatik ofislərin yaradılması.

 -Siyasi həll üçün Cenevrədə aparılan danışıqlarda SDG-nin də iştirak etməsi üçün diplomatik səylərin artırılması.

 -Bölgədə keçiriləcək seçki prosesinə dəstək verilməsi.

-Dəməşq ilə SDG arasında keçiriləcək danışıqlarda vasitəçilik.




Ana səhifəyə qayıt        Baxış: 1 444          Tarix: 13-01-2018, 22:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma