Xəbər lenti

 

Tanınmış jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bu gün Baş Prokurorluğa çağrılıb.

 

Strateq.az bildirir ki, bu barədə Əvəz Zeynallının özü məlumat verib: "Baş Prokurorluqdan Eldar Sultanov zəng edib məni saat 17.30-da Baş Prokurorluğa dəvət etdi. Mehman Əliyevlə "Qaynar Qazan"da götürdüyüm müsahibənin birinci hissəsinə görə. Görək, indi nə istəyirlər…".

 

Xatırladaq ki, Əvəz Zeynallının "Qaynar Qazan" verilişinin qonağı olan Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Azərbaycan mediasının mövcud durumu və özünün həbsi ilə bağlı sensasion açıqlamalarla çıxış edib. Mehman Əliyev deyib ki, onun həbsində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun və baş prokuror Zakir Qaralovun əli var.

 

***

 

Strateq.az xəbər verir ki, Baş Prokurorluqda Əvəz Zeynallını baş prokurorun birinci müavini Rüstəm Usubov qəbul edib. Onunla söhbətdən sonra Əvəz Zeynallıya növbəti dəfə rəsmi xəbərdarlıq edilib.

 

Prokurorluğun yaydığı açıqlamada deyilir:

 

"Baş Prokurorluqda aparılmış araşdırmalarla “Xural.com” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” qanunun müddəalarının tələbləri pozulmaqla vəzifəli şəxslər və təmsil etdikləri dövlət orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların qəsdən və qərəzli şəkildə yayılması müəyyən edilib.

 

Qeyd edilənlərlə əlaqədar saytın baş redaktoru Əvəz Zeynallı Baş Prokurorluğa dəvət edilərək kütləvi informasiya vasitələrindən sui-istifadənin yolverilməzliyi diqqətinə çatdırılmaqla, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq gələcəkdə qanunazidd əməlləri davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib".

 

Əvəz Zeynallı isə Strateq.az-a açıqlamasında bildirib ki, Rüstəm Usubov onunla həm müxtəlif vaxtlarda "facebook" səhifəsində yazdığı fikirlər, həm də "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin "Qaynar Qazan"a müsahibəsi ətrafında söhbət aparıb. Əvəz Zeynallıya rəsmi xəbərdarlıq elan edilsə də, o, xəbərdarlığa qol çəkməyib və bu haqda əlavə protokol tərtib olunub.

 

Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 1 026          Tarix: 26-01-2018, 21:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma