Xəbər lenti

 

Eks-spiker Rəsul Quliyevin Ovqat.com-a müsahibəsinə cavab özünü çox gözlətmədi.

Xatırladaq ki, saytımıza müsahibəsində Elçibəy hakimiyyətinin kadr siyasətini sərt tənqid edən eks spiker əsas vurğunu Baş nazir Pənah Hüseynin üzərinə qoymuş, onun 25 ildən sonra belə, JEK müdiri səviyyəsinə gəlmədiyini bildirmişdi. Maraqlıdır ki, bu ittihama cavabı sabiq Baş nazirin özü deyil, onun Daxili İşlər naziri İsgəndər Həmidov verib.

“Yeni Müsavat” qəzetinə açıqlamasında sabiq nazir Pənah Hüseyni AXC hakimiyyətinin ən savadlı və dünyagörmüş kadrı adlandıraraq, deyib:

“Yəqin ki, Pənah bəy barəsində deyilənlərə cavab verəcək. O bizim hakimiyyətin ən savadlı, dünyagörmüş şəxslərindən biridir. Əvvəl Pənah bəy dövlət katibi, sonra isə baş nazir oldu. Rəsul Quliyev onun müavini idi. Yəni o, həmin hakimiyyətdə təmsil olunurdu. Ondan qabaq Neft Şirkətində müavin idi, ondan öncə də Neftayırma Zavodunun müdiri idi. Özünü indi niyə kənara çəkir?”

Müsahibəsində 1992-ci il prezident seçkilərində Yaqub Məmmədova namizədliyini zorla geri götürtdürüldüyünü, əks halda Elçibəyin 35% səs toplayacağını idda edən Rəsul Quliyevin bu fikrinə qarşı çıxan İsgəndər Həmidova görə, eks-spiker öz fikirlərində tarixləri təhrif edib: “Çünki Yaqub Məmmədov o zaman namizədliyini geri götürmədi. Seçki zamanı bir nəfər iddiasını geri götürdü, o da Tamerlan Qarayev idi, Əbülfəz bəyin xeyrinə namizədliyini geri götürmüşdü. Əbülfəz bəy demokratik yolla qalib gəlib ölkə rəhbəri oldu. Tarixi təhrif etmək kimə və nəyə lazımdır?”

Opponentinin də həmin komandada yer aldığını xatırladan İsgəndər Həmidov Elçibəyin kadr siyasətində səhvinin Rəsul Quliyevi vəzifə vermək  olduğunu iddia edib:

“20 gün AXC hakimiyyətində təmsil olunduğunu deyir, açığı bu fikirlərinə də məəttəl qalmışam. Neft Şirkətində müavin olmaq, Neftayırma Zavodunda müdir, baş nazirin müavini olmaq hakimiyyətdə təmsil olunmaq deyilmi? Kadr islahatlarını dəstəkləmədiyini deyir, gərək onun kimilərinə vəzifə verilməyəydi”.

Eks spikerin AXC hakimiyyətinin xarici siyasətdəki səhvi iddialarını da yalanlayan İsgəngər Həmidov deyib:

 “Xarici siyasətimizdən də danışıb. Bunun barədə deyə bilərəm ki, Əbülfəz bəy Təbrizə bayraq asmaq söhbətini prezident seçilənə qədər edib. Digər tərəfdən Türkiyə bizə qardaş ölkədir, bizi iki dəfə xilas edib, yenə də qardaş ölkə olaraq qalır, amma heç vaxt Əbülfəz bəy deməyib ki, Azərbaycan Türkiyənin bir əyaləti olsun.

Boris Yeltsinlə Elçibəy görüşüb, rus qoşunlarını da bəli ölkədən biz çıxarmışıq. Müstəqil bir ölkənin ərazisində nə üçün kənar bir dövlətin qoşunları olmalıdır”.

AXC-nin hakimiyyəti ələ keçirdiyi fikriylə də razılaşmayan sabiq nazir 1990-ci ilin 15 mayında Azərbaycan Konstitusiyası pozulduğunu, xalqın ayağa qalxıb Konstitusiyanı bərpa etdiyini irəli sürüb: “Biz də xalqın önündə getmişik. Xalqın konstitusiyanı bərpa etməsi və hakimiyyəti devirmək tam ayrı-ayrı anlayışlardır. Burada da Rəsul Quliyev nəyisə qarışdırır”.




Ana səhifəyə qayıt        Baxış: 3 343          Tarix: 8-02-2018, 09:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma