Xəbər lenti

 

PKK terror təşkilatının qurucu lideri Abdullah Öcalanın 19 il bundan əvvəl necə yaxalanıb Türkiyəyə gətirilməsinin detalları açıqlanıb.

Ovqat.com xəbər verir ki, hadisə barədə indiyə qədər bilinməyənləri bu əməliyyata iştirak etmiş Türkiyə Mülki Aviasiya Baş İdarəsinin sabiq direktoru olan professor Həsən İşgüzar Anadolu Agentliyinə danışıb.

Hazırda Ankara Universitetinin Hüquq Fakültəsində müəllimlik edən professorun bildirdiyinə görə, bir gün Tükiyənin milli kəşfiyyat orqanı olan MİT rəsmiləri onun qonağı olurlar. İşgüzara Yunanıstanın Öcalanı Keniyadan Hollandiyaya aparmaq üçün təyyarə ayırdığı və MİT-in də eyni tipli təyyarə ilə əməliyyat hazırladığı bildirilir:

 “Abdullah Öcalanı Keniyadan Hollandiyaya aparmaq üçün Yunanıstanın Hollandiyadan təyyarə icarəyə götürdüyü məlumatı MİT-ə daxil olur. MİT də eyni model, eyni rəngdə bir təyyarə taparaq Öcalanı Türkiyəyə gətirmək əməliyyatı hazırlayır.

Türkiyədəki rəsmi və ya özəl bütün təyyarələrin qeydləri Mülki Aviasiya Baş İdarəsində var idi. MİT-in tələb etdiyi standartlara cavab verən yeganə təyyarə o vaxt iş adamı Cavid Çağlara məxsus imiş. Mən də istənilən təyyarənin Cavid Çağlar Bəydən alınacağı məlumatını onlara çatdırdım".

 İşgüzar, MİT əməkdaşlarını Cavud Çağlarla razılaşaraq təyyarəni icarəyə götürdüklərini, ancaq iş adamının bu əməliyyatdan xəbəri olmadığını deyib.

Daha sonra həmin təyyarə Yunanıstanın Öcalan üçün sifariş verdiyi təyyarəyə bənzəməsi üçün rənglənir, eyni quyruq işarəsi ilə Türkiyədən havalanaraq Afrikaya uçur. İlk əvvəl Çağların təyyarəçilərinə Misirə gediləcəyi bildirilir. Təyyarədə iki pilot və 4-5 MİT əməkdaşından başqa kimsənin olmur.

Öcalanı “Türkmənistanın banan tacirləri” yaxalayırlar

Afrikada özlərini Türkmənistandan olan banan tacirləri kimi aparan əməliyyatçılar diqqət çəkməmək üçün əvvəl Uqandaya uçurlar:

"Hansı təyyarə olursa olsun, şəxsi heyətlə birlikdə uçacaq şəxslərin adlarınin Mülki Aviasiya Baş İdarəsinə bildirilməsi lazımdır. Xüsusi təyyarəylə də bir yerə gedəcəksinizsə, adlar mütləq yazılı olaraq bildirilməli, uçuşun marşrutu müəyyənləşdirilməlidir. Onun xaricinə çıxmaq şansınız yoxdur. Bu səbəbdən o dövrdə bizdən tələb olunan hər cür xidməti yerinə yetirdik.

Birbaşa Keniyaya uçulmamasının səbəbi Hollandiyadan da eyni tipli, eyni rəngli təyyarənin gələcəyi ilə bağlıdır. Keniyadakı hava limanı kiçik yerdir. Orada hər hansı xarici təyyarə diqqəti cəlb edə bilər deyə, 10 gün Uqandada gözlənilir. Uqandada banan taciri kimi hərəkət edilir. Əməliyyata bir neçə saat qalmış təyyarə Keniyaya uçur və burada çox qalmır. Hollandiyadan Öcalanı qaçırmaq üçün gələn təyyarə havadaykən, bizim təyyarəmiz ondan iki saat əvvəl meydana enir".

 

 "Öcalan 60 saniyə ərzində yaxalanıb təyyarəyə mindirilir”

 

 Keniyadaki Yunanıstan səfirliyində saxlanan Abdulla Öcalanın Hollandiyadan gəlməsi planlaşdırılan təyyarəyə minmək üçün qorumaların da yer aldığı karvanla yola çıxdığını deyən İşgüzar sözlərini belə davam etdirir:

 “Ən öndə Keniyanın, arxasında isə Yunanıstan səfirliyinin mühafizə maşını gedir. Abdullah Öcalanın içində olduğu maşın üçüncü sırada, arxasından da Öcalanı qeyri-rəsmi qoruyan təşkilat üzvlərinin yer aldığı mühafiəzçilərə aid  maşın vardı. Hava limanına gələrkən Keniya polisi Öcalanın maşını keçdikdən sonra yolu kəsərək arxadan gələn karvana başqa bir yerdən yol göstərir. O da Türk kəşfiyyatçılarına, təxminən, 15-20 dəqiqə vaxt qazandırır. Öcalan hava limanına daxil olanda minəcəyi təyyarənin Hollandiyadan gəldiyini zənn edir. Kostyumlu, çox xoşbəxt bir şəkildə təyyarəyə yaxınlaşır. Təyyarənin qapısı açılır və 60 saniyə içində türk kəşfiyyatçıları tərəfindən yaxalanır. Təyyarəyə mindirildikdən sonra qapılar bağlanır. Təyyarə havaya qalxarkən, Öcalanın mühafizə karvanı hələ hava limanına yenicə girirdi".

İşgüzarın dediyinə görə, ən gərgin anlar təyyarə Cənubi Kirp üzərindən uçarkən yaşanır:

 “Aviasiyada marşrutlar o qədər dəqiqdir ki, başqa istiqamətdə gedə bilməzsən. Hər bir təyyarənin də mütləq hava sahəsinə daxil olduğu ölkəyə öz işarəsini, kimliyini bildirməsi lazımdır. Bu, beynəlxalq qaydadır.

 Təyyarə Kipr üzərindən uçarkən, rum tərəfi ondan quyruq nişanını bildirməsini tələb edir. Bizimkilər də ağıllarına gələn bir işarə bildirirlər. “Elə bir təyyarə sənədlərimizdə yoxdur”-cavabı alırlar. Pilotlar isə “səhv başa düşüldü, bir dəqiqə!” deyib fərqli bir işarə bildirirlər. Yenə rumlar onlarda belə bir məlumat olmadığı söyləyirlər. “Dilinizi bilmirik” bəhanəsinə keçilir. Qarşı tərəf “onda ingiliscə deyin” mesajı verir. Bu minvalla 18 dəqiqəlik zaman ərzində Kirp hava sahəsindən keçərək Türkiyə sərhədlərinə daxil olurlar. Təyyarə Türk hava sahəsinə girdikdən sonra rahatlanırıq".

Türk hava sahəsində də Öcalanı gətirən təyyarəni sürprizlər gözləyirmiş. Təyyarə Badırmadakı hərbi hava bazasına enmək istəyir, ancaq hava dumanlı olduğundan bunu reallaşdıra bilmir:

 “Dumanın dağılmasını gözləyərkən yanacaq azaldığı üçün məcburi Atatürk Hava Limanına enib yanacaq doldurması lazım olur. Atatürk Hava Limanından isə eniş icazəsi verilmir. Vəziyyəti mənə çatırırlar. Mən də, FIC deyilən sistem var, Mülki Aviasiya Baş Direktoru əmri ilə hər hansı bir təyyarə qaldırıla bilər və ya buna icazə verilməz. FIC vasitəsilə Atatürk Hava Limanına təyyarənin heç bir sorğu-suala tutulmadan endirilməsi tapşırığını verirəm. Təyyarə sağ-salamat hava limanına enir. Hərbi meydançanın yerləşdiyi, gözün görmədiyi bir yerə çəkilir. Burada təyyarənin qapıları açılmadan yanacaq doldurulur. Daha sonra duman dağılanda Bandırmadakı hərbi bazaya uçur”.




Ana səhifəyə qayıt        Baxış: 2 696          Tarix: 15-02-2018, 14:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma