Xəbər lenti

 

Azərbaycanın dövlət borcunun 4 milyard artmasının elan olunması ölkənin iqtisadçı ekspertləri tərəfindən birmənalı qarşılanmadı. Bir çox ekspertlər bunu düzgün yürüdülməyən maliyyə siyasətləriylə əsaslandırsalar da, Maliyyə Nazirliyi isə sözügedən iddialarla razılaşmır.

Bu yaxınlarda “APA-Economics”in sorğusuna cavab verən nazirliyin mətbuat katibi Mayis Piriyev xarici borclarımızın artmasının səbəbini ABB-nin ötən illərdəki fəaliyyətilə əsaslandırıb. Onun dediyinə görə, əvvəlcədən də bəyan olunduğu kimi Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin tərkib hissəsi kimi ötən ilin sentyabr ayında ABB-nın xarici öhdəliklərinin könüllü restrukturizasiyası planı qəbul edilib və bu plan bankın kreditorlarının mütləq əksəriyyəti tərəfindən dəstəklənib. Həmin plana uyğun olaraq da Beynəlxalq Bankın xarici kreditorlar qarşısındakı xarici valyutadakı borcunu dövlət öz üzərinə götürüb. Bu da xarici dövlət borcunun 30%-dən çox artmasına gətirib çıxarıb.

“Ötən il bu məsələ ilə bağlı dəfələrlə həm Maliyyə Nazirliyi, həm də  Azərbaycan Beynəlxalq Bankı tərəfindən mətbuata geniş məlumatlar verilib. Ona görə də xarici dövlət borcunda baş verən bu artımın bilərəkdən və ya bilməyərəkdən yeni və gözlənilməz bir xəbər kimi təqdim olunması və ayrı-ayrı iqtisadçılar tərəfindən müxtəlif cür yozulması təəccüblüdür və başadüşülən deyil”, - deyə nazirlik rəsmisi vurğulayıb.

Xatırlaqdaq ki, Azərbaycan hakimiyyəti ABB-nın sağlamlaşdırmaq üçün 10 milyard manat ayırmışdı. Bu belə bankı defoltdan xilas etməyərək, nəinki Azərbaycan ictimaiyyətini, hətta beynəlxalq maliyyə qurumlarını da təəccübləndirmişdi. Məsələylə bağlı “Moody’s” beynəlxalq reytinq agentliyinin vitse-prezidenti Mariya Malyukovanın şərhi də bu təəccübün variz nümunəsi idi. Xanım Malyukova Beynəlxalq Bankın xarici öhdəliklərinin restrukturizasiyası planı haqqında danışarkən demişdi:

 

“Azərbaycan hökuməti indiyədək öz üzərinə 10 mlrd. manatlıq toksik aktivi götürməklə, banka ciddi dəstək verib. Bu dəstək ÜDM-in 18%-nə bərabərdir. Lakin ötən il bankın açıq valyuta mövqeyindən itkiləri 1,3 mlrd. manat təşkil edib. Görünür, hökumət bu qədər itki gözləmirdi. Bu səbəbdən ABB-nin xarici öhdəliklərinin restrukturizasiyasına qərar verilib”.

Sual oluna bilər: ABB-nin nə qədər borcu vardı ki, 10 milyard manat belə, onu bağlamağa yetməyib, ötən il verdiyi restrukturizasiya qərarı ilə bir də dövlətin belinə 4 milyard dollar yükləyib?

Bankın əvvəlki sədri Cahangir Hacıyevin fikrincə, ABB-nın kredit portfeli cəmi 6 milyard dollar olub. Bunun da 70%-i dövlət layihələrinə ayrılıb ki,  həmin vəsaitləri toksik aktivlər adlandırmaq mümkün deyil. Deməli, söhbət yerdə qalan 2 milyard dolların vurduğu zərərdən gedir.

O halda, növbəti sual ortaya çıxır: 2 milyard dollar necə üst-üstə 14 milyard dollarlıq zərər doğura bilər?

"Azərbaycan Beynəlxalq Bankı"nın İdarə Heyətinin sədri Xalid Əhədov 16 may 2017-ci il tarixində AZƏRTAC-a verdiyi müsahibəsində bu suala belə aydınlıq gətirir:

“Əgər bankın sağlamlaşdırılması proqramı ilkin mərhələdə yalnız aktivlər tərəfində tədbirləri nəzərdə tuturdusa (söhbət 2015-2016-cı illərdə bankın 10 milyard manatlıq toksik aktivinin Aqrarkredit təşkilatına ötürülməsindən gedir) - indi ikinci mərhələ olaraq öhdəliklər tərəfində də tədbirlər həyata keçirilir. Yəni, bankın xarici kreditorlar qarşısındakı öhdəlikləri bankın balansından çıxarılaraq dövlətin balansına keçirilir. Beləliklə, bir tərəfdən aktivlərlə bağlı tədbirlər, digər tərəfdən öhdəliklərlə bağlı tədbirlər "Azərbaycan Beynəlxalq Bankı"nın kapital səviyyəsinin bərpasını təmin edəcək”.

Açığını desəm, mənim bu qəliz söhbətdən çıxartdığım nəticə budur: Azərbaycan dövləti həm Beynəlxalq Bankın vaxtilə kredit ayırdığı yerli iş adamlarına öz fəaliyyətini davam etdirmək üçün 10 milyard dollar ayırıb. Əlavə olaraq da bankın kreditorlarına borclarını ödəyir.

Azərbaycanın bu qədər iqtisadi böhran keçirdiyi bir zamanda zərərli görülən 2 milyardlıq layihələrə bir də 10 milyard manat ayırması, doğrusu, anlaşılmazdır. Maliyyə Nazirliyi bu addımı atıbsa ya həmin aktivlərin zərərli olmadığını bəyan etməli, ya da hansı səbəbdən boş quyunu zorla suyla doldurmasına aydınlıq gətirməlidir.

 

Bizi maraqlandıran bu suallara cavabı Maliyyə Nazirliyindən gözləməklə yanaşı, bəzi müstəqil ekspertlərin də mövqeyini öyrənməyə qərar verdik. Adını açıqlamaq istəməyən ekspertlərdən biri bildirdi ki, zərərli aktivləri sağlamlaşdırmaq üçün ABB-yə ayrılan 10 milyard manatın təyinatı üzrə yönəldiyi barədə mülahizələr inandırıcı deyil: “Əgər belə olsaydı, Cahangir Hacıyevin zamanında kredit ayrılan bir çox müəssisələr indi iflas vəziyyətinə düşməzdi”.

Ekspertin bu fikirlərini 8-02-2018 tarixində Azpolitika.info-da dərc olunan “BEYNƏLXALQ BANKIN BÜTÜN LAYİHƏLƏRİ MƏHV EDİLDİ! - Sensasiyalı faktlar” sərlöhvəli məqalə də təsdiqləyir. Həmin məqalədə Cahangir Hacıyevin ayırdığı kreditlərlə ərsəyə gələn və indi iflasa sürüklənən şirkətlərin adı belə sıralanır: “CTC Aqro” zavodu, “İnter Tobacco” zavodu, “İnter Glass” zavodu, “Oğuz Qlükoza” zavodu, “BOT” ayaqqabı fabriki, “Şəki Aqro” zavodu, “General-Construction”Şirkəti, Şəki Olimpiya Kompleksi, Fuceyra Əmirliyində yerləşən “İntertekstil” və“İnterstil” zavodları, “Azərbaycan Metanol” Zavodu (“AzMeCo”) və “Bakı Fındıq Emalı” zavodu (“BakFem” MMC).

Ekspertin dediyinə görə, Cahangir Hacıyevdən sonra Beynəlxalq Banka gətirilən Elmar Məmmədovun yanlış siyasəti və bankçılıq təfəkkürü nəinki ölkə iqtisadiyyatını böhrandan çıxarmadı, əksinə problemi daha da dərinləşdirdi: “ABB-yə rəhbərlik etdiyi 1 il dörd ay ərzində Elmar Məmmədov bankın zərərli kreditlərini sağlamlaşdırmaq üçün ayrılan kapitalı təyinatı üzrə deyil, “qara bazara” yönəltməklə ad çıxardı. Onun bu fəaliyyəti hətta parlamentdə belə müzakirə olundu. Deputat Yevda Abramov Milli Məclisdə çıxışında xüsusi maşınların baqajlarında külli miqdarda dollarların "qara bazar”a çıxarıldığını, eyni gündə 4 saat içində dolların 5 manat fərqlə alınıb-satıldığını öz gözləri ilə gördüyünü qeyd etmişdi. Azərbaycanın maliyyə potensialını real iqtisadi inkişaf əvəzinə “qara bazara” yönədilməsi nəticəsində bəzi fəsadların ortaya çıxması anlaşılandan sonra siyasi iradə nazir Səmir Şərifovun dostunu dərhal ABB-dən uzaqlaşdırdı. Amma problem ortadan qalxmadı. Çünki yeni rəhbərlik köhnədən qalmış yarıtikililəri maliyyələşdirmək əvəzinə, özünə və himayəçisi olan Maliyyə nazirinə məxsus yeni layihələri pul ayırmaq yolunu tutdu.

 

Bu səhv siyasətlərin nəticəsidir ki, bir müddət əvvəl Gömrük Komitəsinin açıqladığı ixrac-idxal nisbətləri ilə bağlı rəqəmlər də Azərbaycanın qeyri-neft sektorunun acınacaqlı vəziyyətindən xəbər verir. Məlumata görə, yanvar ayında Azərbaycanın 1 milyard 39 milyon dollarlıq ixracının 8-9%-i (100 milyon dollar civarında) belə, özəl müəssisələrin payına düşmür. Həmin ay Azərbaycana idxal edilən malların dəyəri isə 689 milyon dollar olub. Bu fakt bizim hələ də neftdən və idxalatdan asılı olduğumuzu, ölkədə qeyri-neft sektorunun düzgün qurulmadığını əyani şəkildə göstərir”.

Cahangir Hacıyevin ABB-yə rəhbərlik etdiyi dövrlərdə müxtəlif layihələrə 2 milyard xərcləndiyi halda, bu gün 14 milyard manat zərərin necə yarandığına rəsmi qurumlar tərəfindən aydın gətirilmədiyini deyən həmsöhbətimiz bu gün sabiq bankiri ittiham edənlərin əsasən bankın Moskva filialının əməliyyatları üzərində dayanaraq sualdan yayındıqlarını iddia edir:

“Halbuki, Rusiya Mərkəzi Bankı tarixində ən qısa zamanda, yəni cəmi 2 həftə ərzində açılan “ABB Moskva” filialı Cahangir Hacıyevlə yanaşı, məhrum prezidentimiz Heydər Əliyev şəxsi nüfuzu hesabına ərsəyə gəlib. Heydər Əliyev faktoru olmasaydı, bunu reallaşdırmaq, yəqin ki, mümkün olmazdı. Çünki onun adı bütün qapıları açırdı. Qısa zaman ərzində ABB-in həmin filialı 1300 Rusiya bankı sırasında ilk 150 bankın, Moskva üzrə isə ilk yüzlüyün arasına girmişdi”.

 

Moskva filialının ABB-ın ən uğurlu layihəsi sayan həmsöhbətimiz bu “nailliyyətin” indiki ağır vəziyyətinə də aydınlıq gətirdi:

“Nə yazıq ki, 2015-ci ildə ABB-nin Rusiyadakı investisiyası ölkə başçısına uğursuz layihə kimi təqdim olundu. Bildiyimə görə, o vaxt Cahangir Hacıyev tərəfindən bu “uğursuz layihəyə” müştəri belə tapılmışdı. Söhbət Rusiyanın dövlət bankı “Rosselxoz”dan gedir. Bankın səhmlərinin 100%-i dövlətdə olduğuna görə zəmanəti də dövlət zəmanətinə bərabərdir. O vaxt Azərbaycana Rusiyadakı investisiyalarımızın alınması müqabilində 1 milyard zəmanətin verilməsi təklif olunmuşdu. Bu məsələ Rusiya prezidentinin Avropa Oyunlarında iştirak məqsədilə Azərbaycana səfəri zamanı iki dövlət başçısının görüşündə müzakirə edilmiş və müsbət rəy verilmişdi. Həmin görüşün nəticəsi olaraq avqust ayında “Rosselxoz”-un rəhbərliyi Bakıya gəlmiş, Baş nazirin müavini Y.Eyyubovla danışıqlar başlamışdı. Lakin sonradan işçi qaydasında aparılan danışıqlar zamanı yüksək səviyyədə razılıq olmasına baxmayaraq, Maliyyə naziri Rusiyaya “ABB Moskva”nın və onun investisiyalarının satışında Azərbaycan dövlətinin marağının olmamasını bildirib danışıqları pozmuşdu.

Bu günə qədər Rusiya Federasiyasının Mərkəzi Bankı tərəfindən “ABB Moskva”nın lisenziyasının ləğv olunmamasının səbəbi həmin filiala verilən kreditlərin təminatı kimi yerləşdirilən 100 milyonlarla depozitlər və son dəfə “ABB Moskva”nın kapitalının artırılması məqsədilə banka keçirilən 200 milyard rubl vəsaitdir”.

 “ABB Moskva”-da batan aktivlər məsələsinə də toxunan mənbəmizin sözlərinə görə, bu iflasların hamısı Cahangir Hacıyevdən sonra başlayıb və səbəbkarı yürüdülən səhv siyasətlərdir:

Vaxtilə tikilməkdə olan və sonradan maliyyələşdirilməsi dayandırılan layihələrin icazə müddəti bitmiş və nəticə etibarilə onlara qoyulan sərmayələr batmışdır. “ABB Moskva”dan kredit alan bir neçə sahibkar süni şəkildə iflas elan edilmiş və beləcə, milyonlarla dollarlıq vəsaitlərin qaytarılması mümkünsüz hala gəlmişdir. Bunun başlıca səbəbi Rusiyada da Azərbaycanda olduğu kimi kreditlərin qaytarılmasında iqtisadi amillərin deyil, güc tətbiqinin əsas götürülməsi olmuşdur. Cinayət işləri, məhkəmə çəkişmələri kreditlərin qaytarılmasında heç bir nəticəyə gətirib çıxarmamışdır”.

Məsələylə bağlı mövqeyini öyrəndiyimiz digər ekspert Elçin Qurbanovdur. Hazırda müstəqil auditor kimi fəaliyyət göstərən həmsöhbətimiz mövzuyla əlaqədar bunları deyir:

 

“Ötən ilin may ayında ABB Nyu-York məhkəməsinə müraciət edərək 100 milyon dollar borcunu ödəyə bilmədiyinə görə iflas olduğunu açıqladı. Bu xəbər gözlənilən olsa da, bir çox mütəxəssisləri dərindən üzmüşdü. Çünki 25 il ölkənin bank sisteminin lokomotivi olan bir maliyyə qurumu süquta uğrayırdı”. 

Bu üzüntünü yaşayanlardan birinin də özü olduğunu qeyd edən Elçin Qurbanovun dediyinə görə, ABB-nin investorlara təqdim etdiyi prezentasiya ilə tanış olub. Tanışlıq zamanı isə bunun çox ziddiyyətli sənəd olduğunu görüb:

“Bu təkliflər toplusu birinci səhifəsində ənənəvi olaraq bankın ağır vəziyyətə düşməsinin əsas səbəbi kimi 2015-ci ilin mart ayında istefaya göndərilmiş keçmiş menecmentin fəaliyyəti göstərilir. Lakin sonrakı səhifələrdə bankın maliyyə göstəriciləri və rəqəmləri müqəddimədəki iddialarla ziddiyyət təşkil edir. Belə ki, həmin sənəddə 2014-cü il də daxil olmaqla hər il bankın mənfəət gəlirlərinin artdığı aydınlaşır. Sənədə görə, 2014-cü ildə xalis mənfəət 26 milyon dollar təşkil edir. 2015-ci ildə bu rəqəm 812 milyon manata, 2016-cı ildə isə 1,871 milyon manata yüksəlir. Müvafiq olaraq bankın kapitalı 2015-ci ildə 710 milyon manat müsbət, 2016-cı ildə isə 321 milyon manat mənfi, 1-ci dərəcəli kapital 2015-ci ildə 10.49% müsbət, 2016-cı ildə -4.70% mənfi, açıq valyuta mövqeyi üzrə itki 1 milyard 300 milyon manatdır”.

Həmsöhbətimizin fikrincə, bu rəqəmlər ABB-nin batmasının köhnə menecmentin qabiliyyətsizliyindən yox, aparılan maliyyə siyasətinin uğursuzluğundan qaynaqlandığını təsdiqləyir: “Çünki ölkədə birdən-birə iki böyük devalvasiyaya gedilməsi nəticə etibarilə bu cür itkilər doğurmalıydı. Başqa sözlə desək, 1 milyard 300 milyonluq itki manatın devalvasiyasının birbaşa nəticəsidir. Bu sənədi tərtib edən yüksəkçinli mütəxəssislər unutmasınlar ki, uğursuz maliyyə siyasətinin altına imza atanlar özləridir. Məhz buna görə “Moody’s” (Beynəlxalq reytinq agentliyi) artıq Azərbaycan Maliyyə Nazirliyini və ABB-ni etibarsız tərəfdaş kimi “qara siyahıya” salıb. Nədən ki, Azərbaycanın maliyyə siyasətini yürüdənlər əvvəl açıq şəkildə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmağa çalışmışdılar.  İnvestorlara verilən təkliflərə gəldikdə isə, onlar beynəlxalq maliyyə qurumlarıdır. Onlar ölkəyə, banka etimad göstərib borc veriblər. Belə qurumlarla ultimativ üslubda danışmaq olmaz. Verilən təkliflər yaranmış vəziyyətdə cəlbedici olmalıydı ki, bu cür problemlər ortaya çıxmasın. Borcun 20%-ni silməklə təklif olunan istiqrazlar dövlət istiqrazları olsa da, faiz dərəcəsi mövcud avrobondların faiz dərəcəsindən aşağı və ya eyni ola bilməzdi”.

Həmsöhbətimiz Maliyyə Nazirliyinin tutduğu bu səhv mövqeyin daha sonra dövlət rəhbərliyi tərəfindən dəyişdirildiyini də etiraf etdi.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 906          Tarix: 19-02-2018, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma