Xəbər lenti

 

Məlum həqiqətdir ki, hər bir insanın tərcümeyi-halı onun doğulub dünyaya gəldiyi andan, dünyasını dəyişdiyi müddətə qədər olan dövrü əhatə edir. İnsanın həyatı həmin müddətdə onun ətrafında baş verən hadisələr və ətrafındakılarla bir yerdə mövcuddur. Ömür müstəvisində hər kəsin öz yeri var. Burada adamlar doğmalıqlarına, mənəvi aləmlərinə, əxlaqlarına, ədalətinə, cəsarətinə, xeyirxahlığına və s. görə sıralanırlar. Doğmalıq deyəndə qan qohumluğu nəzərdə tutulmur. Doğmalıq  bizim həyatımızda tutduğu yer məsafəcə müxtəlif olduğu kimi ərazisinə görə də başqa başqa olur.

İnsanın ömür müstəvisində elə şəxsiyyətlər, elə insanlar var ki, yaxın nöqtədə yerləşir. Və ən böyük ərazini tutur. Belə insanları ömürdən çaxarsan, tərcümeyi-halda boş yer çox qalar. İnsanın ömür yolunda böyük ərazini tutan insanlar çox olanda tərcumeyi-hal da zəngin olur. Belə hallarda zaman-zaman adam yaşadığı həyatı xatırladıqca mənən rahatlıq tapır.

Taleyin mənə qismət etdiyi şüurlu ömürün əsas hissəsini Azərbaycan Respublika Prokurorluq orqanlarında işləmişəm. Prokurorluqda fəaliyyət göstərdiyim illərin yarısı sovet dövrünə, yarısı isə müstəqillik dövrünə təsadüf edib. Bu dövrlərin oxşar cəhətləri olsa da, fərqli cəhətləri daha çoxdur. Bu illərdə fərqli ictimai quruluşlarda işləyən prokurorluq əmakdaşları və başqa vəzifə sahibləri bilirlər ki, hadisələrə, iş prinsiplərinə, rəhbərlik metodlarına görə hər dövrün öz prizmasından yanaşılmalı və qiymət verilməlidir.

Sovet dövründə prokurorluğun hüquqi vəziyyəti tabeçilik prinsipi üzrə qurulan tam müstəqil orqan kimi müəyyən edilmişdir. O vahid rəhbərliyə - SSRİ baş prokurorluğuna tabe edilmişdir. Prokurorluğa çox geniş səlahiyyətlər verilmişdir. Buna görə də vətandaşların ən çox müraciət etdiyi təşkilat prokurorluq orqanları idi. Vətəndaşlar pozulmuş hüquqlarının bərpa edilməsində son ümid yeri bu orqanı bilirdilər. Həmin dövrdə rəhbər partiya və sovet orqanlarının bu və ya digər məsələdə prokurorluqdan tələbləri çox idi. Buna görə də prokuror əməkdaşlarından daha çox peşəkarlıq və işgüzarlıq tələb olunurdu.

Azərbaycan Respublika Prokurorluğu orqanlarında çalışdığım illərdə 9 (doqquz ) Respublika Prokuroruyla işləmişəm. Bunlardan ən çox - on iki il İlyas Abbas oğlu İsamayilovun rəhbərliyi altında işləmək qismətim olub. Belə ki, İlyas müəllim əvvəl 1978-ci ildən kadrlar üzrə müavin kimi,  1985-ci ilin yarvar ayından 1990-ci ilin avqust ayına qədər Respublika Prokuroru kimi rəhbərim olub.

İlyas müəllimin rəhbərlik və iş metodu tam fərqli, kənar müdaxilələrdən uzaq, təmizliyə, ədalətə, əxlaqi keyfiyyətlərə söykənən bir metod idi. İlyas müəllim özündən yüksək vəzifələrdə olan heç bir partiya və dövlət məmurlarının ona göstərik verməsinə yol verməzdi. O böyük dövlət xadimi, böyük vətəndaş olmaqla haqqın, ədalətin, düzlüyün, əxlaqın tərəfində dururdu. Mütəfəkkir C.Mövlananın sözləri ilə desək, “zamanın adamı deyil, haqqın adamı oldu”.

İlyas müəllimin şəxsində ədalət hissi və pəhrizkarlıq - maddi və mənəvi pəhriz saxlamaq harmonik şəkildə birləşmişdi. Ona görə də o hər kəsin gözünün içinə düz baxa bilirdi. Çəkinmədən özündən yuxarılara və tabeliyində olanlara istənilən halda kəskin fikrini çatdırırdı.

Hesab edirəm ki, İlyas İsmayilov kimi peşəkar hüquqşünas, təmiz, millətini sevən vətən övladını xalqa tanıtmaq onu yaxından tanıyanların mənəvi borcudur. Onun kimi şəxsiyyətlər dünyanın müasir inkişaf dövrü üçün, demək olar ki, nadir insanlardır. Belə nadir şəxsiyyətlərin hansı problemli məsələlərə və hadisələrə münasibətlərində adekvat təşəbbüsdə olmaları əksər vətəndaşlar tərəfindən yol verilməz hal kimi qiymətləndirilir. Və belə vəziyyətdə bəziləri öz maraqları naminə onun haqqında mənfi fikir formalaşdırır və cəmiyyəti çaşdırırlar. Maddiləşən dünyada hər şeyi olduğu kimi insanlara inandırmaq, izah etmək müşkül məsələyə çevrilib. Ancaq çətin, əzablı olsa da millətimizə başucalığı gətirən şəxsləri xalqımız və gələcək nəsil tanımalıdır.

Respublika Prokuroru kimi ilk aylarda o kadr ehtiyatını möhkəmləndirmək üçün tədbirlər gördü. Belə ki, Azəbaycan Respublikası Ali Məhkəməsində uzun illər işləmiş istintaq metodikasının və cinayətlərin tövsüfünü yaxşı bilən tanınmış hüquqşünaslar Vaqif Nəzərovu və İldar Dadaşovu işə dəvət etdi. V.Nəzərovu istintaq işləri üzrə müavin, İ.Dadaşovu məhkəmə orqanları şöbəsinə rəis təyin etdi. Bundan əlavə müttəfiq respublikaların şəhərlərində təhsil almış və həmin şəhərlərdə işləyən prokuror-istintaq işçilərini respublikaya dəvət edərək işlə təmin etdi. Bununla bərabər, prokurorluğu nüfuzdan salan, istər xidməti fəaliyyətində, istərsə də məişətdəki davranışında ictimaiyyəti qıcıqlandıran mənəvi cəhətdən natəmiz, təkəbbürlü, meşşan təbiətli prokuror işçilərini vəzifədən çıxararaq, aşağı vəzifələrə keçirdi və yaxud prokurorluq orqanlarından xaric etdi. Yaxşı işləyən prokurorluğa nüfuz gətirən peşakar kadrları rəhbər vəzifələrə təyin etdi. Prokurorluğun hər bir əməkdaşından xüsusi ilə rəhbər prokuror işçilərindən yüksək nəzəri və peşə hazırlığını artırmaq, prokuror nəzarətinin bütün sahələrində qanunlara dönmədən əməl etməyi tapşırdı.  

İlyas müəllim prokurorluqda keçirdiyi hesabat kolleqalarında geniş əhatəli təhlilə söykənən proqram xarakterli məruzələrlə çıxış edərdi. Bu məruzələrdə qanun pozuntularına yol vermiş tabe prokurorlar və digər əməkdaşlar kolleqanın qərarı ilə cəzalandırılardı və heç kimə güzəşt edilməzdi.

Xatirimdədir, keçirdiyi kolleqaların birində İlyas müəllim tabe prokurorlara xitabən aşağıdakı məzmunda ibrətamiz fikir çatdırdı. Dedi ki, “iki xəstəlik var ki qorxudan yaranır: biri şəkər, ikncisi infaktdır(ürək xəstəliyidir). Hər iki xəstəliyi keçirən şəxs pəhriz saxlamalı, dünya nemətlərindən məhrum olmalı və yaxud onlardan ehtiyatla istifadə etməlidir. Davam edərək bildirdi ki, əgər belədirsə, qorxa-qorxa rüşvət alıb, bu xəstəlikləri qazanmaqla dünya nemətlərindən məhrum olursunuz. Aldığınız pullar və topladığınız sərvətlər kimə lazımdır.”

Bir də deyərdi: “Elə prokuror əməkdaşları var, təkəbbüründən küçədə addımlayarkən düşünür ki, üstündə addımladığı üçün torpaq da ona minnətdar olmalıdır”.

Belə ibrətamiz çıxışları ilə İlyas müəllim hər bir prokuor əməkdaşına təmiz, təkəbbürdən kənar, sadə, əqidəli, olmağa səsləyərdi. Hesab edirəm ki, qismən də olsa, İlyas müəllim işlədiyi müddətdə buna nail oldu.

İlyas müəllim cinayətkarlığa qarşı mübarizədə tələbkar,a ğır cinayətlərə qarşı cəza siyasətində  barışmaz mövqedə dursa da, az əhəmiyyətli, ehtiyatsızlıqdan törədilən cinayətlərdə qadınlar, azyaşlılar tərəfindən törədilmiş cinayətlərdə cəza məsələsində hümanist olmağı tələb edirdi. Belə hallarda məhkəmələrdə ağır cəza verilməsi halları baş verərdisə onların ləğvinə nail olurdu.

1989-cu ilin avqust ayında İlyas müəllim, səhv etmirəmsə, Tovuz rayonuna partiya konfransında iştirak etmək üçün gəlmişdi.  Bakı şəhərinə qayıdarkən, onu Gəncə aeroportundan yola salırdıq, ətraf rayonların birinci katibləri də onu yola salmaq üçün gəlmişdilər. Təyyarəyə minik başladı və uçuş hazırlandı. Bir qədər keçmiş təyyarə uçuş zolağından meydana qayıtdı. Biz elə bildik ki, təyyarədə nasazlıq var. Ancaq məlum oldu ki, təyyarədə Bakı şəhərinə sərnişin kimi uçan cavan bir oğlan uçmaq istəməyib düşürülməsini tələb edib. Belə hallarda qaydalara görə, həmin sərnişin digər sərnişinlərlə təyyarədən düşürülməli, Bakı şəhərindən mütəxəsislər dəvət olunub təyyarə yoxlandıqdan sonra uçuşa razılıq verilə bilər. Təyyarə boşalan vaxt məlum oldu ki, sərnişin cavan oğlan ağır dərəcədə sərxoşdur. Onu polisə təhvil verdilər, hadisə yerinə Gəncə Nəqiliyyat prokuroru Əli Ömərov dəvət olundu. Burada olan əksər şəxslər o cümlədən polis işçiləri həmin sərnişin oğlanın xuliqanlıq etdiyini təsdiqləyirdilər. Lakin İlyas müəllim Əli Ömərova göstəriş verdi ki, araşdırma aparıb o oğlanı buraxsınlar. Ola bilsin ki, səhhətində, əhval-ruhiyyəsində nəsə problemi var. Ailəsi-uşaqları var, bu halda humanist olmaq lazımdır.

İlyas müəllim Bakı şəhərinə getmək üçün tələsirdi, 4-5 saat gecikməsinə, istidə digər sərnişinlərlə əziyyət çəkməsinə baxmayaraq, böyük humanistlik göstərdi. Bu fakt onu təsdiq edir ki, İlyas müəllim xırda hadisələri şişirtmədən təmkinli münasibət bəsləyir. Bu onun böyüklüyünün və humanistliyinin göstəricisidir.

İlyas müəllim 1990-ci ilin avqust ayında Respublika Prokuroru vəzifəsindən azad edilib, SSRİ Baş Prokurorluğuna idarə rəisi təyin olundu. Həmin ilin sentyabr ayında Gəncə şəhər prokuroru mərhum Fətəliyev telefonla mənə bildirdi ki, İlyas müəllim bu gün Bakı şəhərindən gəlib, Tovuz şəhərinə gedəcək, onu birgə qarşılayaq. Eyyub müəllimlə birlikdə Gəncə aeroportuna getdik, təyyarə endikdən sonra biz İlyas müəllimin Trapın qarşısında qarşıladıq. Bizimlə birgə nahar etməsini xahiş etdik, lakin tələsdiyi üçün imtina etdi, ancaq aeroportun qarşısında bizimlə xeyli söhbət etdi. Özüylə işləmiş bəzi işçilərin ona qarşı dönük və nankorluq göstərməsi məsələsinə toxundu.

  İlyas müəllim SSRİ Baş prokurorluğunda işləyəndən bir neçə ay sonra Moskva şəhərində əvvəldən tanıdığım, mütəmadi məktublaşdığım rus millətindən olan, həmin vaxt vilayət prokuroru işləyən dostumla nahar edərkən mənə söylədi ki, hansısa bir təbirdə İlyas müəllimin məruzəsini dinləyib. Onun ağlına, savadına, natiqlik qabiliyyətinə heyran qalıb, Azərbaycanlı ilə dost olduğu üçün fəxr etdiyini bildirdi. Ancaq mənə bir söz də söylədi. Dedi ki, sizin respublikada nə qədər belə talantlı, savadlı şəxslər varkən, onların ağlından, zəkasından niyə millətin xeyirinə istifadə etmirsiniz, onları respublikadan uzaqlaşdırırsınız. Əlbəttə, mən ona İlyas müəllimin yüksək vəzifəyə irəli çəkilərək Moskvaya aparəlmasını desəm də,daxilən qəlbimdə keçirdiyim hislərdən tərlədim. Dostumun da bunu hiss etdiyini başa düşdüm.

İlyas müəllim Respublika prokuroru vəzifəsindən çıxarılandan sonra onun haqqında vaxtilə vəzifədən çıxardığı, cəza verdiyi, hətta yaxşılıq etdiyi adamlar, şəxsiyyətindən, təmizliyindən qorxub çəkinənlər, onun haqqında əsassız fikir formalaşdırırdılar. Arxasınca danışaraq insanlığa sığmayan işlər törədirdilər. Lakin İlyas müəllim sınmadı, onlara qalib gəldi. Ona görə ki, o əqidəli, məsləkli idi. Məslək sahiblərini yolundan döndərmək mümkün deyil.

Sonra respublikaya qayıdıb Respublika Ədliyyə naziri təyin edildi və Millət vəkili seçildi. İndi də sağ-salamat elmi fəaliyyətlə məşğuldur.

Sonda gözəl şairimiz B.Vahabzadənin “yaxşı adam ” şeirindəki misraları xatırlatmaq istəyirəm:

“Ömür üzük, məslək isə üzük qaşı

Hər üzüyün qaşındadır öz dəyəri

 İnsanında məsləkidir düz dəyəri!

 Əqidəsi - cövhəridir hər insanın

Məslək varsa – mərddir demək,

 Öz yolundan dönməyəcək,

Məslək yoxsa əyiləcək, o tərəfə, bu tərəfə

Vurmayacaq bir hədəfə

 Məslək varsa – o qorxmazdır,

Qütrətlidir, cürətlidir”.

Müdrik şairimiz sanki bu misraları İlyas müəllim kimi vətən övladları üçün yazıb. Doğrudan da İlyas Abbas oğlu İsmayilov müdrik, ədalətli, məsləkli, əqidəli, millətinə başucalığı gətirən, yaşadığımız təzadlı dünyanın bəzəyidir. Allah belə insanları millətimizə çox görməsin.

  Hörmətli İlyas müəllim, 80 yaşına bu məslək, əqidə və ədalət çələngi ilə gəlib çıxdınız. Bu ömürlə fəxr edə bilərsiniz. Xalqın, millətin sevdiyi məsləkli, əqidəli, ədalətli insan olmaq ən gözəl mükafatdır.

80 Yaşınız Mübarək Olsun!

İmza :Hörmətlə, sabiq Prokuror Adil İsgəndər oğlu Əsgərov

Gəncə şəhəri 19.02.2018




Ana səhifəyə qayıt        Baxış: 1 678          Tarix: 20-02-2018, 21:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma