Xəbər lenti

   

“Azərbaycan qeyri-neft sektoru sahəsində hələ quruculuq mərhələsindədir. Adətən, bu mərhələdə yüksək məhsuldarlıq gözləmək mümkün deyil”.

Ovqat.com-a açıqlama verən tanınmış iş adamı Mürvət Həsənli belə deyib.

Dövlət Gömrük Komitəsinin yanvar ayı üçün idxal-ixrac nisbətləri ilə bağlı yaydığı statistikanı şərh edən iş adamının fikrincə, istənilən sahəyə qoyulan investisiya bir neçə ildən sonra öz müsbət nəticəsini verir:

“Çünki quruculuq işləri dövründə müəssisələrin yaradılması, məhsulların tam keyfiyyət və kəmiyyətdə istehsalı müəyyən zaman aparır. İstehsalat tam gücüylə işləyəndən sonra onun bazara çıxarılması mərhələsi başlayır ki, görülən işlərə bundan sonra qiymət vermək olar”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin yaydığı statistik məlumatda idxal-ixrac nisbətləri ötən illə müqayisə edilərək verilib və rəqəmlər idxalın artması, ixracın isə azalmasını göstərib: “2017-ci ilin yanvarı ilə müqayisədə 2018-ci ilin yanvarında idxal 53% artıb, ixrac isə 6,3% azalıb”.

 

(Bax: http://ovqat.com/iqtisadiyyat/17635-azrbaycann-idxal-kskin-artd-ixrac-azald-ps-tendensya.html

"Qara qızılımız" olmasaydı: NEFTSİZ İXRACIMIZ 1 AYLIQ İDXALA ÇATIR)

Elədirsə, bu mənfi tendensiyanı hansı inkişaf qanunauyğunluğu ilə əsaslandırmaq olar? Məntiqlə, hər hansı iş görülürsə, əks tendensiya baş verməməli idimi?

Mürvət Həsənli bu arqumentlə razılaşmır. Onun fikrincə, ixracatdakı 6.3%-lik azalma quruculuq prosesinin ilk dövrlərində gözlənilən hadisədir: “Çünki dediyimiz kimi, bəzi müəssisələr yenidən qurulur və istər-istəməz məhsuldarlıq azalır. Amma müəssisələrin yeniləşməsi bir müddətdən sonra məhsuldarlığı artırır, bu da eyni zamanda ixracatdakı artımla nəticələnir. Azərbaycan əsasən aqrar və neft-kimya sektorunun inkişaf layihələri həyata keçirir. Bir çox müəssisələr işini tamamilə dayandırıb, özünü yeniləşdirir. Bu xüsusilə neft-kimya müəssisələrində baş verir. Digər tərəfdən, ölkədən indiyə qədər xaricə satılan bir çox məhsullar yerli təsərrüfatlara satılır ki, bu da ixracatdakı azalmalara səbəb ola bilər.

Azərbaycan hökumətinin investisiya qoyduğu digər sahə - aqrar sektorda isə məhsuldarlığın artırılması bir neçə ilə başa gəlir. Məsələn, əvvəl meyvə bağlarının və ya tərəvəz bostanlarının salınması lazımdır ki, daha sonra ondan məhsul götürəsən. Məhsuldarlıq isə, adətən, tədricən yüksəlir”.

O ki qaldı idxalatdakı 53 faizlik artıma, iş adamı bunu təsərrüfatların quruculuq tələbatları ilə əsaslandırır: “Sözsüz ki, idxalatdakı 53%-lik artım ciddi rəqəmdir. Bu iki amillə əsaslandırıla bilər. Birincisi, mümkündür ki, müəssisələrin yenidənqurma çalışmaları məhsuldarlığı azaltdığından Azərbaycan daxili tələbatdakı boşluğu idxal malları ilə doldurmağa çalışır. İkincisi isə, yeni qurulan müəssisələrə bir çox avadanlıqlar, xammallar idxal edirlər. Müəssisələrin işə düşməsiylə idxaldakı artım bir müddətdən sonra ixracatdakı artımla nəticələnəcək. Bu, iqtisadiyyatın qanunauyğunluğudur. Azərbaycan öz istehsal gücünü artırdıqca istər-istəməz xaricdən aldığı mallar azalacaq, əksinə özü xaricə mal satacaq. Məsələn, bir zamanlar biz qida məhsullarının böyük hissəsini idxal edirdik. İndisə ət və süd məhsullarına olan tələbatımızın 100%-ə yaxınını yerli təsərrüfatların hesabına ödəyirik. Məhsuldarlıq artıqca və müəssisələrin xammal ehtiyatları yerli imkanlarla təmin olunduqca, bu ixracatımızın da yüksəlməsinə yol açacaq”.

Bəs, Azərbaycan bu zamana qədər niyə qeyri-neft sektorunun inkişafının qayğısına qalmırdı? Yaxşı olmazdı ki, əvvəldən bu addımlar atılaydı?

Mürvət Həsənliyə görə, Azərbaycan neft bumu zamanı əldə etdiyi kapitalları ölkə iqtisadiyyatının infrastruktur layihələrinə xərcləyib. İqtisadiyyatın və ticarətin damarları sayılan yollar, körpülər salınıb, kommunikasiya imkanları artırılıb, böyük müəssisələr tikilib və s. Bunlar isə iqtisadi inkişafın və istehsal gücünün artırılmasının vacib şərtləridir. Bu işlər görülməsəydi, qeyri-neft sektorunun inkişafına çəkilən xərclərin də əhəmiyyəti qalmazdı. İstənilən iqtisadi sahənin inkişafı onun infrastrukturunun yaradılmasıyla başlayır. Fikrimcə, Azərbaycanın müstəqiliyinin ilk illərindən indiyəcən qarşısına qoyduğu mərhələli hədəflər doğrudur və tədricən öz meyvəsini verir”.




Ana səhifəyə qayıt        Baxış: 816          Tarix: 21-02-2018, 10:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma