Xəbər lenti

 

İndi "beyin mərkəzləri" və siyasi dairələr cari ildə dünyada özünü göstərə biləcək geosiyasi proseslərin proqnozlarını verməyə çalışırlar. Analiz üsulları fərqli olur, alınan nəticələr arasında da uyğunsuzluq ola bilər. Ancaq onların hamısında daha çox dünyanın zərərinə olan proseslərdən bəhs edilir, verilən proqnozlar da bədbinlik yaradır. Belə qənaətə gəlmək olar ki, hamı qlobal miqyasda vəziyyətin riskli, təhlükəli və bəşəriyyət üçün ağır sonuclar verə bilən faktorlarla xarakterizə edilməsi ilə razılaşır. Bəs belə bir durum nədən yaranıb və niyə böyük dövlətlər onu yoluna qoymaq barədə deyil, müharibə haqqında düşünürlər? Açığı, bu suala həmin dairələrdə cavab verməyə həvəsli olanlar yox dərəcəsindədir. Buradan belə təəssürat yaranır ki, ya bu gedişat qəsdən aparılır, ya da dünya düzəninin ciddi islahatlara ehtiyacı vardır. Münxen Təhlükəsizlik Konfransının sədri, Almaniyanın xarici işlər nazirinin keçmiş müavini Volfqanq İşingerin hazırladığı ənənəvi illik məruzə bu məqamlar prizmasından maraqlı görünür.

Dünya sisteminin təhlükələri: müharibə qaynaqları

Münxen Təhlükəsizlik Konfransı uzun illərdir ki, dünya miqyasında ciddi qəbul edilən tədbirlər sırasındadır. Orada müxtəlif ölkələrdən dövlət başçıları, yüksək vəzifəli şəxslər, nüfuzlu iş adamları, tanınmış strateqlər və analitiklər iştirak edirlər. KİV isə kifayət qədər fəallıq göstərir. Bu il fevralın 15-18-də keçirilən tədbirə 20-dən çox dövlət rəhbəri, bir sıra hökumət başçıları, keçmiş siyasətçilər, mütəxəssislər təşrif buyurublar. Ümumiyyətlə isə konfransda 600 nümayəndə iştirak edib.

Ənənəvi olaraq tədbir öncəsi Münxen Konfransının sədri Volfqanq İşinger illik məruzə hazırlayıb. Onun adı da maraqlıdır: "Uçurumun kənarına qədər və geriyə?" (bax: Munich Security Report 2018. To the Brink – and Back? / securityconference.de). Təcrübəli siyasətçi və diplomat məruzəni təsadüfən belə adlandırmayıb. Onun gətirdiyi arqumentlər üzərində ciddi düşünmək gərəkdir.

Məruzədə bütövlükdə dünya sisteminin bir sıra təhlükəli faktorlara məruz qaldığı barədə yazılıb. Özü də bu, dünyanın demək olar ki, bütün regionlarını əhatə edir. Uzaq Şərq, Şimali Amerika, Avropa, Asiya, Yaxın Şərq, Afrika ilə bağlı V.İşinger konkret faktlar gətirərək həssas məqamlara diqqət çəkir. Bu regionların hər birində özünəməxsus məzmunda ziddiyyətlər var. Lakin onların hamısını birləşdirən ümumi cəhət qlobal miqyasda dünya nizamını pozmaq potensialının olmasıdır. Situasiyanın təhlükəli aspekti də məhz bundan ibarətdir.

Məsələ həm də təhlükələrin potensial səviyyədə mövcudluğu ilə bağlı deyil. Artıq dünyanın böyük dövlətləri aktiv addımlar atırlar. V.İşinger bu keyfiyyətdə ABŞ, Rusiya, Türkiyə, İran, Şimali Koreya və Səudiyyə Ərəbistanını vurğulayır (bax: əvvəlki mənbəyə). Ayrıca NATO-nun adını çəkir. Yəni Şimali Atlantika Alyansını dünya üçün təhlükə yarada bilən bir ixtilafın, Rusiya ilə münasibətlərin tərəfi olaraq göstərir. Bu da hərbi aspektdə kifayət qədər təhlükəli bir özəlliyi ortaya qoyur.

V.İşingerin yazdıqlarından görünür ki, qlobal miqyasda hərbi toqquşmaların başlıca qaynaqları Şimali Koreya və ABŞ arasındakı münaqişə, Şərqi Ukraynadakı silahlı toqquşmalar, Suriyada ABŞ, Rusiya, İran və Türkiyə arasındakı gərginlikdir. Sonuncu daha fərqli ziddiyyətlər çələnginə bölünür. Belə ki, iki NATO ölkəsi – Amerika ilə Türkiyə müharibə həddinə gəliblər. ABŞ-Rusiya gərginliyi çoxdan məlumdur. İranla Amerika arasındakı ziddiyyətlər də sirr deyil. Bunların fonunda Türkiyə-Rusiya-İran əməkdaşlığının Suriyaya nə verə biləcəyi haqqında da konkret fikir bildirilmir. Çünki Suriyada bu dövlətlərin maraqları arasında ziddiyyətlər də vardır. Onlar hələlik əsas olaraq İdlib, Afrin və Münbiç bölgələrində daha qabarıq ifadə olunur.

Afrin əməliyyatına Rusiya sözdə etiraz etməsə də, İdlibdə Ankaranın əl-qolunu bağlamağa çalışır, Münbiç məsələsində isə ABŞ-la Türkiyənin mövqeləri xeyli fərqlidir. Son məlumatlara görə, Vaşinqton PYD/YPG-ni silahlandırmağa davam etməkdə qərarlıdır.

Riskli ssenarilər: NATO-da ixtilaf, Rusiya və radikal qruplar...

Bütün bunlara görə, Volfqanq İşinger məruzədə vurğuladığı fikirləri davam etdirərək jurnalistlərə verdiyi müsahibəsində Suriyada bir dünya müharibəsinin meydana gələ biləcəyi barədə danışıb. O cümlədən NATO-nun iki nüfuzlu üzvü – ABŞ və Türkiyə arasında müharibə yarana bilər.

Bir sıra ekspertlər əvvəllər də NATO daxilində savaşın meydana çıxa biləcəyindən bəhs edirdilər. Lakin V.İşinger səviyyəsində bu riskdən danışılırsa, deməli, situasiya kifayət qədər ciddidir. NATO-da ixtilafın yaranmasından ən çox yararlanan Rusiya və Çin ola bilər. Qəribədir ki, bunu bilə-bilə, Vaşinqtonla Ankara qarşıdurmaya gedirlər. Daha çox Vaşinqton öz hərəkətlərinə yenidən baxmalıdır. Çünki Türkiyənin sərhədi boyu bir radikal məzmunlu qondarma qurumun yaradılması, ona silahın "müttəfiq" Amerika tərəfindən verilməsi nonsens kimi görünür. Hər bir halda artıq bu, açıq görünən ziddiyyətdir və V.İşingerin də narahatlığı başa düşüləndir.

Belə anlaşılır ki, 2018-ci ildə Yaxın Şərqdə daha geniş miqyaslı savaşın yaranmasına Münxen Konfransının sədri az ehtimal vermir. Bu proses dünya üçün ciddi sonucları ola biləcək iki nəticəyə gətirə bilər. Birincisi, NATO bir təşkilat kimi parçalanmaya məruz qalar. Bu, bütövlükdə Qərbin, xüsusilə də Avropanın təhlükəsizliyi üçün olduqca ciddi təhdid olardı. Paralel olaraq enerji sahəsində nəzərdə tutulmuş təhlükəsizlik sistemi çökə bilər. Bu gedişatdan daha çox Rusiya, Çin və İranın faydalana biləcəyi şübhə doğurmur. Deməli, Moskva, Tehran və Pekinin Afrin məsələsində susması gələcəkdə daha çox geosiyasi-hərbi dividend götürmək niyyəti ilə əlaqəli ola bilər.

Bundan başlıca olaraq strateji aspektdə ABŞ və Aİ-nin zərər görəcəyi gün kimi aydındır. Həmin məqamı V.İşinger lakonik ifadə edib. O yazır ki, Amerika faktiki olaraq illərdir özünün qurduğu geosiyasi və təhlükəsizlik sistemini dağıtmaqdadır.

İkincisi, Yaxın Şərqdən başlanan müharibə sürətlə dünyanın digər bölgələrinə yayıla bilər. Çünki orada iştirak edən dövlətlərin maraq dairəsi demək olar ki, bütün dünyanı əhatə edir. O cümlədən Qafqaz, Mərkəzi Asiya, Afrika və Balkanlar üçün ciddi risklər meydana gəlir. Bu istiqamətlərin hər biri üzrə Yaxın Şərq savaşı "müharibə motivasiyası" rolunu oynaya bilər. O halda Rusiya, ABŞ, Türkiyə, İran, Aİ-nin bəzi üzvləri ilə bərabər Çinin də müharibəyə qoşulması ehtimalından danışmaq olar. Şimali Koreya faktoru bu ssenaridə dünya üçün daha təhlükəli səviyyəyə çata bilər. Dolayısı ilə Cənubi Koreya, Yaponiya, Vyetnam, Tayvan, Hindistan və Uzaq Şərqin digər böyük dövlətləri arasında da silahlı toqquşmaların meydana gəlməsi mümkündür.

Onda ümumi mənzərə necə görünür? V.İşingerin verdiyi proqnozlar və göstərdiyi risklər reallaşsa, 2018-ci ildə dünya böyük bir qarışıqlıq həddinə gəlib çıxa bilər. Burada məruzədə ayrıca yer almış miqrasiya, yoxsulluq və qanunsuz radikal qrupların toqquşmalarını da nəzərə alsaq, onda son dərəcə mürəkkəb bir mənzərə yaranmış olur (bax: əvvəlki mənbəyə).

Belə bir durumda məruzədə Avropanın geosiyasi istiqamətinə düzəliş etməyə meyllənməsi məqamının da ayrıca vurğulanması maraq kəsb edir. V.İşinger göstərir ki, Avropa artıq özünün təhlükəsizlik qayğısına qalmağa başlayıb. O cümlədən Angela Merkel bir il əvvəl bəyan etmişdi ki, Avropa təhlükəsizliyini başqasına (ABŞ nəzərdə tutulur) etibar edə bilməz. Bəs bu halda hansı mənzərə yaranmış olur?

ABŞ-la Avropa arasında təhlükəsizlik məsələsində mövqe fərqliliyi güclənərsə, Qərbin əsrlərdir yaratdığı təhlükəsizlik sistemləri dağılmağa başlayar. Bundan tərəflər çəkinəcəklərmi? Vaşinqton və Brüssel ortaq təhlükəsizlik talelərini birləşdirməkdə davam edəcəklərmi? Bu suallara məruzədə cavab verilmir, indidən onları proqnozlaşdırmaq da çətindir.

Ancaq sözü gedən məruzə də göstərir ki, bütövlükdə dünya BMT-də islahatların sistemli surətdə aparılmasına çalışmalıdır. Getdikcə aydın olur ki, məhdud sayda dövlətin yaratdığı böyük geosiyasi güc dünyanı uçuruma aparır. Ona da ancaq dünyanın özü qarşı dura bilər. Bunun sivil mexanizmi isə BMT-dir! Bəlkə də Volfqanq İşingerin məruzə-proqnozunun ən praqmatik və pozitiv aspekti bundan ibarətdir!

Newtimes.az




Ana səhifəyə qayıt        Baxış: 830          Tarix: 22-02-2018, 15:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma