Xəbər lenti

 

Özbəkistan İslam dininə böyük töhfələr vermiş ölkədir. Tarix boyu bu ölkədəki mədrəsələr istər dini, istərsə də dünyəvi elmlər sahəsində ünlü alimlər yetişdirməklə ad çıxarıb. Xüsusilə sünni dünyasının Qurandan sonra ikinci qaynaq əsər kimi tanıdığı “Buxari hədisləri”nin yazarı Abdullah Məhəmməd bin İsmayıl məhz bu ölkənin yetişdirdiyi din xadimlərindəndir.

Özbəkistanın Buxara şəhərindəki mədrəsələr islam tarixinə böyük şəxsiyyətlər bəxş etdiyindən bəzi dini qaynaqlarda Məkkə, Mədinədən sonra 3-cü müqəddəs məkan kimi təqdim olunur. Buxara məktəbinin yetirmələri olan Bahaəddin Nəqşibənd, İmam al-Buxari, İmam at-Tirmizi, Əbu Mənsur Matüridi, Burhanəddin Mərgilani, Əhməd Fərqani, Əbdülxaliq Gicduvani, Xoca Übeydullah Əhrar-i Vəli və s. kimi şəxsiyyətlər İslam elm və mədəiyyətinin inkişafında oynadıqları müstəsna rolları ilə yetişdikləri şəhərə bu adı qazandırıblar.

Buxara məktəbi istər Azərbaycan, istərsə də bütün Türk dünyasının mədəni inkişafında böyük rol oynayıb. Türk-İslam məfkurəsinin, təsəvvüf təfəkkürünün meydana çıxmasında əvəzsiz xidmətləri olan Əhməd Yəsəvi, Türk ədəbiyyatında silinməz izlər salan Əlişir Nəvai də bu məktəbin yetişdirməsidir. Təsadüfi deyil ki, Türkiyə ədəbiyyat və mədəniyyət tarixçiləri Anadolu yarımadasında təsəvvüf düşüncəsinin yayılmasında, türkdilli ədəbiyyatın formalaşmasında Əhməd Yəsəvinin xidmətlərini böyük şükranlıqla etiraf edirlər. Orta Asiyadan Azərbaycana, Anadoluya qədər uzanan coğrafiyada onlarla dövlət mövcud olsa da, bu xalqları birləşdirən təfəkkür, dünyayabaxış məhz bu cür şəxsiyyətlərin təlimləri hesabına milli bütünlüyünü qorumuşdür. Bu mənada Buxara məktəbinin Türk millətini özünü qorumasında, eyni dəyərləri daşımasında müstəsna rolunu danmaq nankorluq olardı.

Özbəkistan rus işğalı dövründə də dini mərkəz olma özəlliyini qoruya bilmişdir. SSRİ-də yeganə İslam Universiteti, dini mədrəsə məhz bu ölkədə yerləşirdi. Sovet müsəlmanlarının din xadimləri Buxaradakı Mir-ərəb mədrəsəsində və Daşkənd İslam Universitetində yetişdirilirdilər. Heç uzağa getməyək, Azərbaycanın şeyxülislamı Allahşükür Paşazadə Qafqaz müsəlmanlarının dini rəhbəri olmasını bu iki məktəbə borcludur. O, 1968-ci ildə Mir-ərəb mədrəsəsini, 1975-ci ildə Daşkənd İslam Universitetini bitirməsəydi, kim bilir, indi haralarda olardı.

 

Di gəl ki, İslam tarixinin ilk çağlarından rus işğalına qədər müsəlmanların ən böyük dini mərkəzinə çevrilən Özbəkistan müstəqillik illərindən sonra bu özəlliyini itirməyə başladı. Bunun ən böyük səbəblərindən biri də əvvəlki özbək lideri İslam Kərimovun dinə qarşı yürütdüyü siyasətlə əlaqədardır. Məlumatlara görə, ölkənin Dini Komitəsini özbək kəşfiyyat orqanlarının bir qoluna çevirən İslam Kərimovun dövründə hətta namaz qılmaq belə həbslə nəticələnə bilərdi. Dövlətin dinə qarşı bu cür aqressiv münasibəti öz növbəsində dinin əks-reaskiyasına yol açırdı. Düşüncə etibarilə dindar olan özbəklər öz inanclarını rahatlıqla həyata keçirə bilmədiklərindən radikal cərəyanların təsiri altına düsürdülər. İslam Kərimovun anti-islam mövqeyinə baxmayaraq, ölkədə “Özbəkistan İslam Hərəkatı” ve “Hizb-ut Təhrir” kimi dünyanın bir çox ölkələri tərəfindən terror təşkilatı kimi tanınan təşkilatların Özbəkistanda güclü olması da bu siyasətin nəticəsidir. Təsadüfi deyil ki, ölkədə öz dini əqidələrinə uyğun yaşamaq imkanı tapa bilməyən gənclər məcburən Əfqanıstana, Yaxın Şərqə qaçıb əl-Qaidə, İŞİD, Taliban kimi terror dəstələrinə qoşulurlar. Bu da əslində Özbəkistan üçün də yaxşı perspektiv vəd etmirdi. Çünki həmin qaçaqların təşkilatlanaraq, daha güclü şəkildə öz vətənlərinə qayıtmaq ehtimalı da istisna edilə bilməzdi.

Görünür, İslam Kərimovun ölümündən sonra qurulan yeni hakimiyyət də bu təhlükəni sezdiyindən tədricən dinə qarşı siyasətlərdən imtina etməyə başlayıb. Son günlər Özbəkistanda atılan bəzi addımlar da bu cür düşünməyə əsas verir. Məlumata görə, Özbəkistan Dini Komitəsi artıq Dövlət Təhlükəsizlik Xidmətinin nəzarətindən çıxarılıb və onun azad fəaliyyətinə imkan verilib. Bildirilir ki, Özbək DTX-nin nümayəndəsi olan Dini Komitənin sədr müavini Aidarbek Tulepov 12 ildən bəri icra etdiyi vəzifəsindən uzaqlaşdırılıb. Komitənin kadrlar üzrə idarə rəhbəri Abdulmannon Usmonov prezidentin bu qərarını dinin kəşfiyyat orqanlarının caynağından qurtarma kimi qiymətləndirərək deyib: “Artıq idarəmiz müstəqil fəaliyyət göstərəcək”.

Fevral ayının 17-də verilən bu qərarın üzərindən bir həftə keçməsinə baxmayaraq, Özbəkistan müstəqillik tarixində ilk dəfə öz yerli mətbəələri hesabına Qurani-Kərimin dərcinə də başlayıb. Təsəvvür edirsinizmi, İslam mədəniyyəti tarixində əsrlər boyu Məkkə və Mədinədən sonra üçüncü dini mərkəz kimi tanınan Buxarada müstəqilliyinin hardasa 25-ci ildönümündə ilk dəfə Quran kitabı çıxaracaq. Baxmayaraq ki, Özbəkistan 2007-ci ildə İslam Konfansı Təşkilatı tərəfindən İslamın mərkəzi elan olunmuş və İslam Kərimov da bu faktdan faydalanaraq, özünü müsəlman dünyasının dini lideri, İslamın ən böyük  xidmətçisi kimi təqdim edirdi.

 

Bildirildiyinə görə, ölkədə özəl bir mətbəə tərəfindən ilk etapda 50 min nüxsə ilə çıxarılması planlaşdırılan Qurani Kərimin nəşri 10 gün ərzində tamamlanacaq. Mətbəənin sahibi Məhəmməd İsmail bu barədə mətbuata açıqlama verərək deyib:

“Şeyx Məhəmməd Saleh Məhəmməd Yusifin başlatdığı işi bu gün onun uşaqları tərəfindən davam etdirilir. Quranı nəşr etməkdə məqsədimiz müsəlmanların Allah kəlamı olan Qurana ehtiyaclarını qarşılamaqdır. Bir həftə, on gün içində dərc etdiyimiz kitab satışa çıxacaq. Qiraətlə əlaqədar qaydaları özbək dilində verdik. Bunu qazanc məqsədilə etmirik. Bu bir başlanğıcdır, sonrakı nəşrlərimizdə daha keyfiyyətli materiallardan istifadə edəcəyik”.

Məlumata görə, sovet müsəlmanlarının “qibləgahı” olan Özbəkistana Qurani Kərim indiyədək başqa ölkələrdən gətirilirdi.

Özbəkistanın yeni lideri Şövqət Mirziyoyevin İslam Kərimovun siyasətlərindən imtina sahəsində ən ciddi addımı kimi qəbul edilən bu qərarlar xalq tərəfindən də böyük sevinclə qarşılanır. Şövqət Mirziyoyevin ölkənin bir çox yerlərində yeni məscidlərin inşasına qərar verdiyi bildirilir və bu da islami islahatların tərkib hissəsi kimi göstərilir.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 1 591          Tarix: 23-02-2018, 09:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma